Aslan Ismayılov: «Sakinlərə dəyən ziyan şirkət və icra hakimiyyətindən alınmalıdır»
Mətbuatdan bəlli olduğu kimi, Bakının Xətai və Binəqədi rayonlarında hündürmərtəbəli yaşayış binalarında baş verən yanğınla bağlı faciədən zərər çəkmiş insanlar yaxın günlərdə məhkəməyə müraciət edəcək.
Bu barədə Modern.az saytına sakinlər özləri məlumat verib. Artıq bununla bağlı bir sıra millət vəkilinə müraciət edən sakinlər onlara dəyən ziyanla bağlı həm yanğın baş verən binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon Icra hakimiyyətindən təzminat tələb edəcəklər.ÿ
Sakinlər bu məsələ ilə bağlı maddi ziyanın dövlət tərəfindən deyil, bu işdə təqsiri olan və biləvasitə bu işə məsul olan qurumların ödəməsini istəyəcəklərini deyiblər.
Modern.az məsələ ilə bağlı bir neçə millət vəkili ilə əlaqə saxlayıb. Onlar da təcrübədə belə halın mövcud olduğunu təsdiqləyərək hər zaman sakinlərin yanında olacaqlarını qeyd ediblər.
Məsələylə bağlı tanınmış hüquqşünas Aslan Ismayılov “Azadlıq”a açıqlama verib. Aslan bəy söyləyib ki, bu addımı atmaqla sakinlər düzgün hərəkət edib. Çünki yanan binayla bağlı ziyan çəkən sakinlərin təzminatını dövlətin hesabına ödəmək gərək olan vəsaiti sıravi insanların büdcəsindən kəsmək deməkdir:
“Dövlətdən ödənilən pul əhalinin hesabına olacaq. Xətai və Binəqədidə baş verən faciədə isə günahkar binaları üzləyən şirkətlə ona razılıq verən icra hakimiyyətləridir. Bina sakinlərinə dəyən ziyan şirkət və icra hakimiyyətlərindən alınmalıdır. Sakinlərin gəldiyi bu qərar düzgün addım olmaqla bərabər, tamamilə ədalətlidir”.
Nigar