Anaların harayını eşidirsinizmi? Öz rahatlığını düşünən, sakit düzənini pozmaq istəməyən, şəxsi komfortundan başqa heç nəyi vecinə almayan adamlar qulaqlarını tuta bilər. Amma gerçək dəyişmir, o yanğın dairəsi getdikcə daralır və anbaan hər kəsin qapısına yaxınlaşır. Qulaqlarınızı qapasanız da, gözlərinizi yumsanız da, hansı qılafa girsəniz də, xeyri yox, bu gedişlə atəş hamını yaxacaq bir gün. Bu bir qarğış və ya bəddua deyil, sadə həqiqətdir. Qonşularınızın, yaxınlarınızın, tanıdıqlarınızın ağrısına, göz yaşına biganə qaldığınıza görə, bir hesab ödərsiniz əlbət sonunda…
Amma bu ölkədə övlad böyüdən bütün anaların bir anlığa dayanıb o fəryad səslərinə qulaq verməsi lazımdır. Lazımdır ki, sabah öz övladları da bir haqsızlığın, bir qansızlığın, bir zülmün qurbanı olmasın. Lazımdır ki, bu ölkənin gələcəyini aydınladan işıqlar sönməsin. Lazımdır ki, addım-addım üstümüzə yaxınlaşan ölüm qatarını dayandırmaq üçün əllərimiz birləşsin. Bir-birimizin qan ağlayan ürəyinə toxunub, göz yaşlarını silək ki, sabah o bəla başqalarının qapısını da döyməsin.
Bu günlər əsgərlikdə işgəncəylə öldürülən Tapdıq Babaşovun anası da ölkə insanlarına çağırışında belə deyir. Onun başını daşa-divara vurublar, ayaqlarını parçalayıblar, qoluna, boynuna ip keçiriblər, sonra da dördüncü mərtəbədən atıblar. Yaslı ana fəryad edib bütün analara səslənir. “Gəlin bir olub bu qansızlığın yolunu kəsək ki, bir də kimsənin balası ölməsin, ölən sonuncu əsgər mənim balam olsun” deyir qəlbi qan ağlayan ana. Ey məmləkətin qadını, bu dağ ürəkli ananın səsini duyursunuzmu? Min bir əziyyət bahasına böyütdüyü aslan övladını qətlə yetiriblər bu ananın. Niyə, hansı səbəbdən, nə istəyiblər, qaranlıq bir sirdir hələ… Amma o, yarası qanaya-qanaya, canı tüstülənə-tüstülənə sizin üçün fəryad edir. “Qalxın” deyir, “əl-ələ verin” deyir, “balalarınızı ölməyə qoymayın” deyir. Ona yaxşı-yaxşı qulaq verin, onu yaxşı dinləyin. Çünki bu ananın oğlu da sıradan biri deyildi. Universitet bitirmişdi, sağlam düşüncəsi, milli şüuru, əqidəsi ilə seçilirdi çox həmyaşıdlarından. Buna görəmi öldürdülər Tapdığı elə yoxsa?.. Bu sirrin üzərindəki pərdə enincə, çox düşünüb-daşınarıq hələ. Ancaq onun anasının sizə ünvanlı çağırışını dinləyin mütləq. Dinləyin və bu qansızlıqlara seyrçi qalmayın. Dinləyin ki, bu amansız cinayətlərin açılmasında sizin də səsiniz eşidilsin…
Hələ bir fəryad da ötən həftə yanan 16 mətəbəli binanın külləri arasından yüksəlir. Yanğında həyatını itirən balaca Ayxanın anası Nigar xanımın dilindən. Ağırdır, çox ağır. Dinləmək, oxumaq, dərdlərinə sahib çıxmaq. Ancaq kim sahib çıxmalıdır bu məmləkətin insanlarına, kim bölüşməlidir onların ağrılarını? “Bu acı həqiqətdir. Mənim balam, sən məsuliyyətsizliyin qurbanı oldun. Mənim ağıllı balam. Düzdür, bu rüşvətxor, vicdansız, harınlamış, insafsız və məsuliyyətsiz dövlət sənin kimi istedadlı oğullara layiq deyil. Buna görə də Allah səni daha yaxşı yerə, öz yanına apardı. Sən mənim əbədi xatirəm, sonsuz sevgim və uca fəxrimsən. Günlər keçir, amma acı azalmır. Fikirlər, düşüncələr, xatirələr insanı boğur. Əsl günahkarların cəzalandırılmasını istəyirik. Balalarımızın rəhmətə getdiyi yerin abidələşdirilməsini istəyirik. O məzara dönmüş evin sökülməsini istəyirik. Eşit bizim səsimizi, Azərbaycan!”
Bu da Ayxanın anasının harayıdır, eşidirsinizmi?