Müzəffər Baxışov: «Baş verən faciə ilə bağlı kimlərin günahkar olduğunu bütün Azərbaycan bilir»
Binəqədi rayonundakı binada baş verən faciəvi yanğından bir həftə keçir. Mayın 19-da baş verən olayla bağlı elə ilk gün bir neçə nəfər həbs olunsa da, bu həbslərin ardı gəlmədi. Həbslər baş verən məsluiyyətsizliyə görə real günahkarları əhatə etmədi.
Saxlanılan bir neçə nəfər isə, ümumiyyətlə, uzun müddətdir istefada olan şəxslərdir. Məqsədimiz heç də bu məsələdə günahı olan şəxsi müdafiə etmək deyil. Sadəcə olaraq müəyyən məqamları ortaya çıxarmaqdır. Ötən müddət real günahkarların həbsi üçün kifayət idimi? Bu müddət ərzində daha bir neçə yeni fakt aşkarlanıb məlum olub ki, binaları üzləyən şirkətlərin heç biri müqavilə imzalamayıb. “Bizim yol” qəzetində dərc olunan yazıda isə, ümumiyyətlə, vurğulanır ki, binaları üzləyən şirkətlər tenderdə iştirak etmədən bu sifarişləri alıblar.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, baş verən faciə ilə bağlı kimlərin günahkar olduğunu bütün Azərbaycan bilir. Prokurorluğa konkret olaraq bir şəxsi həbs etməklə bağlı göstəriş verilməyənə qədər bu strukturun belə bir addım atmayacağını deyən M.Baxışov vurğuladı ki, dövlət başçısının yanında keçirilən toplantıda məlum oldu ki, 2012-ci ildə Sumqayıt şəhərində belə bir cinayət törədilib. Amma bununla bağlı prokurorluq heç bir tədbir görməyib: “Bu məslələrlə bağlı kimin nə qədər pul qazanması da hamıya bəllidir. Belə bir vəziyyətdə yalnız Prezident Administrasiyasından konkret göstərişlər gəlsə həmin vəzifəli şəxsləri həbs edəcəklər. Belə bir göstəriş gəlməsə, bu tip addım atılmayacaq. Baş verən faciənin ilk günü Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin Ibrahimov, Bakı meri Hacıbala Abıtalıbov həbs edilməli idi. Açılan cinayət işi təkcə üç maddə ilə yox, digər maddələrin də istifadə edilməsi ilə açılmalı idi. Məhz adları çəkilən şəxslərdən başlayaraq digər vəzifəli şəxslərə çıxılmalı idi”.
Hikmət