Rusiya Ermənistanı Avrasiya Ittifaqına qurban verəcəkmi?
Hikmət Hacızadə: «Rusiyanın əsas şərti yeddi rayon qaytarıldıqdan sonra təmas xəttinə öz qoşunlarını yerləşdirməkdir»
Rusiya mətbuatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfərinə ciddi diqqət ayırıb. Səfərin məqsədi və görüşlər barədə məlumat verilməklə yanaşı, baş diplomatın fikirlərinə də yer verilib. E.Məmmədyarovun xüsusilə o fikirlərinin altı cızılıb ki, orada XIN rəhbəri Qarabağ ətrafındakı 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasından danışır. Bu fikir artıq bir neçə dəfə Rusiya mətbuatında gündəmə gətirilib. Rusiya rəhbərliyinin belə bir təşəbbüslə çıxış edə biləcəyi bir neçə dəfə mətbuatda müzakirə mövzusu olub.
Məmmədyarov Lavrovla görüşündən sonra bəyan edib ki, keçirilən görüşün əsas mövzusu Rusiyanın “Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək” arzusu olub. Bu barədə E.Məmmədyarov Rusiyanın “Rossiya 24" telekanalına verdiyi müsahibəsində deyib. Nazir qeyd edib ki, Rusiya ilə olan strateji əməkdaşlıq çoxtərəfli olaraq iqtisadi, siyasi və humanitar məsələləri özündə əks etdirir.
Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlığına daxil olub-olmayacağı barədə danışarkən nazir qeyd edib ki, Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlara uyğun olaraq qurur: “Bu da öz növbəsində ölkənin iqtisadi, siyasi, humanitar inkişafını və müstəqilliyini möhkəmləndirir”.
Xarici işlər naziri qeyd edib ki, Avrasiya iqtisadi əməkdaşlığında Gömrük Ittifaqı böyük rol oynayır, lakin Ermənistan tərəfindən işğal olunmuş torpaqlar probleminin hələ də qalması Azərbaycanın Gömrük Ittifaqında olmasına imkan vermir. Lakin E.Məmmədyarov Ermənistan qoşunlarının arxaya çəkildiyində, vəziyyətin normallaşdığı, sərhədlərin açıldığı təqdirdə, Azərbaycanın Ittifaqda iştirakının mümkün olduğunu deyib.
Elə bu dəfə də mətbuatın bu məsələyə toxunmasıyla yanaşı bildirilir ki, belə bir addım Azərbaycanla Rusiyanın əlaqələrinə müsbət təsir göstərə bilər. Azərbaycan Rusiyanın proyekti olan Avrasiya və Gömrük Ittifaqlarında təmsilçilik əldə edə bilər. Çünki Ukraynanın bu proyektdən çıxmasından sonra faktiki olaraq Avrasiya və Gömrük Ittifaqları lüzumsuz layihəyə çevrilib. Ona görə Rusiya Azərbaycanı bu layihəyə cəlb etmək istəyir.
Amma Rusiya bu yolda nə qədər gedə bilər? Rusiya yaxın müttəfiqi olan Ermənistandan vaz keçə bilərmi? Azərbaycanın yeddi rayonun müqabilində Rusiyanın proyektlərində iştirakı nə dərəcədə realdır?
Politoloq Hikmət Hacızadə hesab edir ki, Rusiya heç zaman Ermənistanı Azərbaycana güzəştə getməyəcək. Amma o da nəzərə alınmalıdır ki, Rusiya Azərbaycanın da onun təsir dairəsindən çıxmasına razı deyil: “Azərbaycan Rusiyanın təsirindən güclə qopa bilər. Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılması ilə bağlı Rusiya mətbuatında səslənən təklif bir fikirlə yanaşı vurğulanır. Həmin fikir heç də Azərbaycanın Avrasiya və Gömrük ittifaqına qəbul olunması ilə bağlı deyil. Rusiyanın əsas şərti yeddi rayon qaytarıldıqdan sonra təmas xəttinə öz qoşunlarını yerləşdirməkdir. Rusiyanın əsas tələbi məhz budur. Bu tələbə heç bir Azərbaycan hakimiyyəti razılıq vermir. Rusiya bu ideyasını reallaşdırmaqla əbədi olaraq həm Qarabağı qorumuş olur, həm də Azərbaycanı nəzarət altında saxlayır”.
H.Hacızadə xatırlatdı ki, vaxtilə Rusiya eyni siyasəti Gürcüstanda həyata keçirməklə Abxaziyada nəzarəti ələ keçirdi. Sonrakı mərhələdə isə Rusiya Abxaziya və Osetiyanı Gürcüstanın tərkibindən çıxardı.
Xəyal