Torontonun mərkəzi meydanında Azərbaycan bayrağı ucaldıldı
Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan Azərbaycan icması 28 May Respublika günü münasibətilə bayraq ucaltma tədbiri kecirib. Tədbir mayın 24-də Toronto şəhər bələdiyyəsinin qarşısında yerləşən Nathans Philips Meydanında baş tutub.
Tədbirə toplaşanlar əvvəlcə mayın 19-da Bakı şəhərində baş vermiş yanğın nəticəsində həlak olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yanğında həlak olanların ailələrinə başsağlığı verilib və müraciət yayılıb.
Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixindən, Cumhuriyyətin yaradıcılarının – M.Ə. Rəsulzadə, Ə. Topçubaşov, F. Xoyski və N.Yusifbəylinin xidmətlərindən danışıblar. Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi çətin sınaqlar barədə tədbir iştirakçılarına məlumat çatdırılıb.
Daha sonra meydanda Azərbaycanın dövlət bayrağı ucaldılıb, Azərbaycanın və Kanadanın himnləri səsləndirilib.
Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndəsi, Türk cəmiyyətinin Kanadadakı rəhbəri Cenk Sayın, Toronto seşkili orqanı olan Toronto Məktəblər Şurasının üzvü Ken Lister tədbir iştirakçılarına öz təbriklərini çatdırıb və icmaya fəaliyyətində uğurlar arzulayıb.
Tədbir Azərbaycanın görkəmli bəstəkarlarının musiqi kompozisiyalarının müşayiətilə keçirilib.