«Bu, Merkelə və Almaniya hökumətinə siqnal idi»
Alman deputat Karl Georq Velmann Rusiyaya buraxılmamasını özünə deyil, kansler Angela Merkelə, ümumilikdə Almaniya hökumətinə siqnal olduğunu bildirib: «Münasibət olduqca kobud idi və mənimlə qəzəbli tonda danışırdılar. Uniformalı adamlar məni təyyarədəki yerimə apardılar. Görünür, Rusiyada Ukrayna ilə münaqişənin həllini istəməyən qüvvələr var. Halbuki mən son aylar bu istiqamətdə xeyli səy göstərmişəm. Təəssüf ki, münaqişənin siyasi yolla həllində maraqlı olanlar azlıqdadır».
Deputatın sözlərinə görə, məlum qadağa olmasaydı, Rusiyada bir neçə görüş keçirəcəkdi: «Mən xarici siyasətlə məşğul olan alman siyasətçiyəm və Rusiya ilə dialoqu yoluna qoymağa çalışıram. Bizim vahid mövqeyimiz belədir ki, Ukraynanın şərqindəki münaqişə hərbi yox, siyasi yolla həll olunmalıdır. Əgər bunu istəyiriksə, bu barədə danışmalıyıq. Bir-birimizlə residivist kimi davranmamalıyıq. Bu çox üzücüdür».
Velmann bildirir ki, Rusiyaya gəlişinə qadağa qoyulması rəsmi Moskvanın Avropa Birliyinin sanksiyalarına cavabıdır: «Məni Rusiyaya özləri dəvət etmişdi. Demişdilər ki, gəlişimdə maraqlıdırlar. Mənə gələn məktubda da yazılmışdı ki, sizi Rusiyada görməkdən məmnun olacağıq. Onlardan Rusiyaya buraxılıb-buraxılmayacağımı soruşmuşdum. Cavab «hə» olmuşdu. Mən inanmıram ki, onlar bu qadağadan xəbərsiz olublar”.
Qeyd edək ki, Velmannı mayın 24-də Rusiyaya buraxmayıblar. «Şeremetevo» aeroportunda ona bildiriblər ki, 2019-cu ilə qədər Rusiyaya girişinə icazə verilmir. Deputatdan növbəti reyslə Almaniyaya qayıtmaq xahiş olunub. Məsələ ilə bağlı Almaniya səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi etiraz ünvanlayıb.
Velmann Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyada xarici siyasət məsələləri üzrə ekspertdir. O, həmçinin Almaniya-Ukrayna parlament qrupunun rəhbəridir.
Gültəkin