“Borçalı” cəmiyyəti bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyasının ofisində qururltay səlahiyyətli konfransını keçirib. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin (TK) sədri Firudin İsmayılov sədarəti kürsüyə dəvət edib, konfransın idarə edilməsi Zəlimxan Məmmədliyə tapşırılıb. Konfransın katibliyi müəyyən edilib.
Cəmiyyətin sədri Z.Məmmədli qurumun illik hesabatını konfransa təqdim edib. O, çıxışında konfrans iştirakçılarını Gürcüstan və Azərbaycanın müstəqillik günü münasibətilə təbrik edib. Z.Məmmədli çıxışda Gürcüstanda yaşayan azərbaycanlıların problemlərilə bağlı görülən işlər, hazırlanan layihələr və planlar haqqında məruzə edib. Cəmiyyət sədri rəsmi Tbilisini borçalılıların toponimlərlə, torpaq və s. məsələlərlə bağlı problemlərini həll etmədiyinə görə tənqidə məruz qoyub. O, cəmiyyətin bölgədə barış, xalqların birlik və bərabərlik şəraitində yaşaması, etnik separatizmin kökünün kəsilməsi, Qafqazın bütövlüyü ideyalarına dəstək verdiklərini deyib. Bundan əlavə, azərbaycanlıların Gürcüstan cəmiyyətində vətəndaş hüquqlarının təmin olunması və qarşılıqlı inteqrasiya prosesini təşviq etdiklərini və bundan sonra da bu prinsiplərə sadiq olacaqlarını bildirib.
Z.Məmmədli rəsmi Tbilisinin qurumun xoşməramlı davranışına adekvat olmayan, insan hüquq və azadlığı prinsiplərinə, iki dövlət arasında strateji tərəfdaşlıq şərtlərilə uymayan aqressiv, qeyri-obyektiv qərar qəbul etməsinə təəssüf bildirib.
Z.Məmmədli özünün, Gürcüstan üçün fədakarlıq edən Salman Murğuzlunun Gürcüstana daxil olmasına qadağa qoyulduğunu söyləyib. Onun fikrincə, rəsmi Tbilisi bu siyasətilə Gürcüstanı arzuolunmaz sonluqlara doğru aparır.
Z.Məmmədli cəmiyyətə dəstək olduqlarına görə Azərbaycanın partiya sədrlərinə, millət vəkillərinə, eləcə də Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən təşkilat rəhbərlərinə təşəkkür edib.
“Borçalı” Cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramov Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanda işləmək və rahat gediş-gəliş şəraiti olmamasından şikayət edib. Gürcüstanda azərbaycanlılarla müqayisədə ermənilərə daha çox imtiyazlar verildiyini xatırladıb. Natiq Gürcüstanda Azərbaycan məktəblərinin qapadılmasını istəyən bir qrup gəncləri də qınayıb. Z.Məmmədlinin Gürcüstana buraxılmamasının səbəbinə gəlincə, İ.Bayramova buna səbəb kimi “Borçalı” cəmiyyəti barədə Grücüstan iqtidarında səhv formalaşdırılan təsəvvürləri göstərib. Çıxışının sonunda İ.Bayramov hər kəsi bu ilin sonunda Gürcüstanda qeyd olunacaq Elat bayramına dəvət edib.
Tarixçi Nəsib Nəsibli Borçalının problemlərinin qaldığını və müsbətə doğru dəyişiklik olmadığını qeyd edib. O, rəsmi Bakını Borçalı problemləri ilə maraqlanmamaqda ittiham edib. “Bu gün Borçalıda məktəblər yox dərəcəsində, dərsliklər pis vəziyyətdə, bir sözlə, Borçalıya rəsmi diqqət ayrılmır, məktəblərin gürcüləşdirilməsini də bu hökumət edir, hətta Azərbaycan Diaspora Komitəsi bunu etiraf edib”, – deyərək çıxışını bitirib.
Konfrans iştirakçıları “Borçalı” İctimai Cəmiyyətinin bir illik fəaliyyətinin qənaətbəxş hesab edilməsinin lehinə səs veriblər.
Konfransda təşkilati məsələyə baxılıb. Konfrans iştirakçıları Z.Məmmədlini növbəti müddətə cəmiyyətin sədri seçiblər. Konfransda 17 nəfərdən ibarət cəmiyyətin İdarə Heyətinin üzvləri də seçilib