Fərhad Qəribovun digər oğlu isə dindiriləndən sonra sərbəst buraxılıb
«Kredit qalmaqalı»na görə FHN-nin keçmiş işçisinin də həbs olunduğu deyilir; Hacı İbrahim Nehrəmli isə azadlığa buraxılıb
Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə ailəyə yaxın şəxslər tərəfindən “Qafqazinfo”ya məlumat verilib. Deputat oğlunun hansı səbəbdən saxlanılması hələ ki, bəlli deyil.
E.Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.
E.Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, onun hansı səbəbdən saxlanılması, xüsusilə də məlum “Beynəlxalq Bank işi”ndə dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir.
Deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.
Bir müddət əvvəl Fərhad Qəribov 2 milyonluq maxinasiya ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, deputata məxsus “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2.96 milyon manatı mənimsənilib. Hətta Baş Prokurorluq da bu barədə məlumat yaymışdı. Prokurorluğun məlumatında qeyd olunurdu ki, “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Iqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində araşdırılıb.
Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Həmin vaxt bildirilirdi ki, məsələ ilə bağlı F.Qəribov da qeyri-rəsmi olaraq dindirilib. O, baş verənlərdən xəbərsiz olduğunu deyib.
Nizami Piriyev işgəncəyə məruz qalıbmı?
Bu arada “kredit qalmaqalı”na görə həbs olunan iş adamı Nizami Piriyev və Adil Hüseynovun vəkili Kamandar Nəsibov maraqlı açıqlamalar verib. O, “Amerikanın Səsi”nə bildirib ki, bu işlə bağlı 20-30 nəfərə yaxın şəxs həbs olunub.
Nizami Piriyevə işgəncə verilməsilə bağlı yayılan məlumatlara gəlincə vəkil bildirib: “Nə deyə bilərəm hə, nə deyə bilərəm yox. Bu gün (dünən-red) mən onunla görüşdüm (Nizami Piriyevi nəzərdə tutur-red) dedi ki, heç nə yoxdur.
Dedi ki, hər şey normaldır, araşdırırlar, yəni ki, bu yaxın günlərdə bir nəticə çıxacaq. Məsələni həll edəcəm".
Vəkil qeyd edib ki, Nizami Piriyev ittihamları qəbul etmir. “Bu adam heç kimin etibarından sui-istifadə etməyib. Bu məsələ ilə bağl kiminsə etibarından sui-istifadə etməyib, mənimsəmə yoxdur”, – deyə Kamandar Nəsibov əlavə edib.
Vəkil Adil Hüseynovla bağlı da təxminən eyni fikirləri deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl virtualaz.org saytı Nizami Piriyevin özünə istinadən onun saxlandığı DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) işgəncələrə məruz qaldığı barədə məlumat yaymışdı. DIN isə bu məlumatı təkzib etmişdi.
Kəmaləddin Heydərovun keçmiş işçisi həbs olunub
Istiqlal.az saytı isə məlumat yayıb ki, ölkə başçısı Ilham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən, Fövqəladə Hallar Nazirliyinin Su Agentliyinin sabiq rəisi Raqif Muradov bir neçə gündür ki, həbsdədir. O, BMCQMI-də saxlanılır. Həbsin motivləri açıqlanmır. Məlumata görə, azad olunması müqabilində Muradovdan bir neçə milyon manat pul tələb olunub. Bəzi versiyalara görə, onun ailə üzvlərinin təsisçisi olduğu şirkətlərin də Beynəlxalq Banka bir neçə milyon dollar borcu olub.
Raqif Muradov əvvəllər də Iqtisadi Inkişaf Nazirliyinin (Fərhad Əliyevin dönəmində) məsul əməkdaşı olub və işdən azad olunaraq həbs edilib. Ancaq Fərhad Əliyevin əleyhinə ifadə verməsi onu xilas edib.
Məlumatlarda o da bildirilir ki, Raqif Muradov 1 il öncə nöqsanlarına görə işdən çıxarılıb.
Hacı Ibrahim Nehrəmli azadlığa buraxılıb
Kredit qalmaqalına görə mayın 12-də həbs edilən iş adamı Hacı Ibrahim Nehrəmli isə dünən sərbəst buraxılıb. Bu barədə “Azadlıq”a Hacı Ibrahim Nehrəmlinin yaxınları məlumat verib. Onların sözlərinə görə, iş adamı günorta saatlarında sərbəst buraxılıb. Onun hansı şərtlərlə azadlığa çıxdığı hələlik bəlli deyil.
Qeyd edək ki, Hacı Ibrahim Nehrəmli Beynəlxalq Bankdan 78 milyon manat kredit götürdüyünü deyirdi.