Dostlar, bütün acılarımıza rəğmən, bu faciə günlərində müşahidə etdiyim və millətimizə təsəlli olacaq bəzi müsbət məqamları sizlərlə bölüşmək istəyirəm. Əvvəla, millətimiz bu ağır sınaq günlərində çox ucada dayandı. Nə qədər şəfqətli, duyarlı, insansevər olduğunu nümayiş etdirdi. Rəsmi qərar olmasa da, millətimiz bu günləri əsl matəm, hüzn günləri kimi yaşamaqdadır. Faciənin acısı hər bir ailədə hiss olunur. İnsanlar gecə-gündüz faciənin baş verdiyi yerə axışır. Kimi gül gətirir, kimi şam yandırır, kimi gətirdiyi oyuncaqlarla həlak edilmiş körpə fidanların ruhunu ovudacağını düşünür…
Neçə gündür ki, hər an, hər saat kiminsə təşkil etmədiyi, improvizə olunmuş anım mərasimləri keçirilir. 19 maydan keçən bu günlər ərzində milyonlarla insan üçün real həyatda da, sosial şəbəkələrdə də gündəmin əsas məsələsi məhz yanğın faciəsi, onun səbəbləri, ortaya çıxardığı nəticələrdir. Millət istəyəndə bacarır – o, həqiqətən hüznlüsə, matəm günləri keçirmək üçün heç bir fərmana, qərara ehtiyac duymaz.
Beləliklə, bu dəhşətli faciə nümayiş etdirdi ki, ötən 22 ildə bizə yaşadılan bütün mənəvi deqredasiyaya baxmayaraq, vahid millətə mənsub olmaq duyğusu hamımıza aiddir. Biz artıq gerçəkdən də bir millətik. Bir millətə mənsub olmaq hiss artıq bütün digər fərqliliklərimizin (regional, etnik, dini, sosial təbəqə, ideoloji və s.) fövqünə qalxa bilib. Biz özümüzü millət olaraq vahid orqanizm kimi hiss edə bilirik. Obrazlı desək, yanan barmağımızın ağrısını bütün vücudumuz hiss etdi. Vahid millət duyğusu da ilk növbədə bunda ifadə olunur.
Digər təsəllimiz ondan ibarətdir ki, rəhbərliyin bütün bacarıqsızlığına və biganəliyinə rəğmən, çoxlu sayda xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri, köməyə gələn könüllülər faciə zamanı insanların xilas edilməsi üçün əsl fədakarlıqlar etdilər. Bir çox hallarda insanları xilas etmək üçün həyatlarını riskə atdılar, xəsarət aldılar. Biz sizinlə birlikdə ötən günlərdə bacarıqsız, səhlənkar rəhbər işçiləri, bir çox bacarıqsız və biganə əməkdaşları çox sərt şəkildə tənqid etmişik və bu haqlı tənqidimizi davam etdirəcəyik. Amma xalqımızın hər zaman söylədiyi kimi, qurunun oduna yaş da yanmalı deyil. Vəzifə borcuna vicdanla yanaşmış bütün fədakar insanlara təşəkkür edirik! Onların sayının çoxluğu ümid yaradır ki, ölkəyə korrupsiyadan uzaq, vicdanlı və bacarıqlı insanlar rəhbərlik edəcəyi təqdirdə, bütün dövlət orqanlarının işinin peşəkarlıq əsasında yenidən qurulması, təkmilləşdirilməsi mümkün olacaq.
Nəhayət, bir təsəllimiz də odur ki, hökumət xalqın qəzəbindən qorxdu. Baxmayaraq ki, bu qəzəb hələlik yalnız sosial şəbəkədə ifadə olunub, amma artıq bunları xeyli qorxudub. Başqa vaxt gözü ayağının altını görməyən nazirlərin, digər yüksək vəzifəli şəxslərin qorxu içində olduğunu hamı gördü. İlham Əliyev də yarıtmaz və cinayətkar idarəetməyə görə məsuliyyəti dərhal atdı onu “aldadan və eşitməyən” ətrafının üzərinə. Qorxmasaydılar, penoplast üzlüklü binaların üzlüklərini sökməyə başlayardılarmı? Penoplast yanğınları birinci dəfə deyildi axı. Bu başqa məsələ ki, qorxu o həddə olmadı ki, rejim bu dəhşətli cinayətə görə məsuliyyət daşıyan əsl təqsirkarları qurban versin, korrupsiya layihələrinə tövbə etsin, indiyə qədər etdiklərinə görə xalqdan üzr istəsin və yüksək vəzifəli məmurlar xalqla daha təkəbbürlə danışa bilməsinlər. Belə ciddi nəticələrə nail olmağın isə bir yolu bir dəfə möhkəm qəzəblənməkdirsə, digər daha məqsədəuyğun yolu da etirazı tədricən də olsa, sosial şəbəkələrdən mitinq meydanlarına daşımaqdır.
Milli Şuranın 30 mayda saat 15-də “Məhsul” stadionunda keçirəcəyi, artıq razılaşdırılmış mitinq belə imkandır ki, etirazımızı meydanlarda ifadə edək. “Yalnız kompüterin arxasında yazmaqlamı etiraz edəcəyik?” deyən dostlara xüsusi səslənirəm, mitinq meydanı sizləri gözləyir, buyurun gəlin!