Tanınmış vəkil Aslan İsmayılov baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb. Vəkil məktubu şəxsi "facebook" səhifəsindən paylaşıb. Həmin məktubu təqdim edirik:
Azərbaycan Respublikası Baş Prokuroru, I dərəcəli Dövlət Ədliyyə müşaviri Zakir Qaralova
A Ç I Q M Ə K T U B
Cənab Baş Prokuror!
Son dövrlər mətbuatda Sizə qarşı irəli sürdüyüm ittihamlarla yəqin ki, tanışsınız. Ən azından Siz bilirsiniz ki, Sizinlə heç bir ədavətim, şəxsi qərəzim yoxdur. Biz-birimizi 1989-cu ildən, AR Prokurorluğunda işə başladığım gündən tanıyırıq. Sizi çox "bacarıqlı", məni isə "bacarıqsız", həyatı başa düşməyən kimi tanıyırdılar. Heç vaxt rüşvət almasam da, məhkumlara təyin olunmuş cəzanın ağırlığı ilə razılaşmadığıma görə bu barədə hamıdan çox protest layihəsi hazırladığımdan mənə ləqəb verilməsindən, kollektivə qaynayıb qarışmamağımdan da yəqin ki, xəbəriniz var idi. Heç bir ədavətim olmadığı halda nə üçün 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsində birbaşa Sizi ittiham etməyim çoxları, o cümlədən Sizin üçün maraqlı olacağından açıq məktubla müraciət edirəm. Bu gün ölkədəki hərc-mərclik, cəzasızlığın hökm sürməsi, məmur özbaşnalığı, korrupsiyanın tüğyan etməsi nəticəsində artıq insan ölümlərinin baş verməsi (tək sonuncu yananları yox, buna qədər məmur özbaşnalığından həyatlarına qəsd edən Qarabağ qaziləri və digərilərini də daxil edirəm), kriminogen vəziyyətin günü-gündən pisləşməsi hamı kimi məni də çox narahat edir. Hüquq mühafizə orqanlarına və məhkəmələrə son söz deyən şəxsin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğunu hamı kimi mən də bilirəm. Məhkəmələr və Prokurorluq orqanlarında Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığının qanundan da üstün olduğu da sirr deyil. Bu gün başımıza gələn bütün bəlaların (tüğyan edən korrupsiya, insan haqlarının, mülkiyyət hüquqlarının pozulması və s.) məhz məhkəmə və prokurorluq sistemində olmasında heç bir şübhəm yoxdur. Əgər Siz obyektiv, hərtərəfli, ədalətli istintaq aparsanız, məhkəmələr tapşırıq və maddi maraqlar əsasında yox, qanun əsasında qərar qəbul etsəydilər əminəm ki, Azərbaycanın adı bu gün dünyada insan haqlarının, məmur özbaşınalığının ölkələri siyahısında lider kimi hallanmazdı. Vətəndaşlarımız haqsızlıqlardan fəryad qopartmaz, özlərinə qəsd etməz, insanlar diri-diri korrupsiya tonqalında yanmazdılar. Özüm hüquqşünas olduğumdan baş verənləri birinci növbədə qanunların icra olunmamasında görürəm. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın 133-cü maddəsinin 1-ci bəndində deyilir: “AR Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir”. Eyni qayda daha geniş formada “Prokurorluq haqqında” AR Qanununda təsbit olunub. Deməli, ölkədə baş verən bütün qanunsuzluqların qarşısını almaq birinci növbədə Sizin 2000-ci ildən bu günə qədər başçılıq etdiyiniz prokurorluq orqanlarının vəzifəsidir. Əvəzində nə baş verir?
Ölkədə vəzifəli şəxslər ancaq öz ölçülməz nəfsləri ucbatından heç bir müqaviləsiz, insan həyatı üçün təhlükəli olan üzlüklərlə az qala ölkənin yarısını bürüyür, büdcədən yüz milyonları talayır, bu dərəbəylik nəticəsində 15 nəfər həlak olur, onlarla insan xəsarət alır, minlərlə insanın həyatı təhlükəyə qoyulur, prokurorluq orqanları isə susur. Mən hələ o milyonların Maliyyə Nazirliyi tərəfindən necə ayrıldığını, Versal qəsrinə bənzər iqamətgahda oturan, nadir hallarda maliyyə pozuntuları barədə, sonda heç bir nəticəsi olmayan, bəyanatlar verən Hesablama Palatasının da bu dəfə susmasını demirəm. Məni dəhşətə gətirən faciənin baş verəcəyi barədə 1 ay əvvəl bütün ölkəyə, o cümlədən şəxsən Sizə ünvanlanmış 14 aprel tarixli məktub da deyil. Dəhşətə ondan gəlirəm ki, AR Prezidenti yanında faciədən dərhal sonra keçirilən müşavirədə hansı soyuqqanlıqla son iki yanğından əvvəl hələ 2012-ci və 2014-cü ilin fevralında da Sizdə “siqnal” olduğunu bəyan etdiniz. Çox təəssüf edirəm ki, orada heç kim Sizə “Bəs niyə tədbir görməmisiniz” sualını vermədi. Başçılıq etdiyiniz prokurorluq o qədərmi acizdir? Doğrudanmı bu gün həbs etdiyiniz RİH-nin şöbə rəisindən, JEK müdirindən qorxdunuz? Bu yazını yazarkən moderator.az saytının müxbiri zəng edib sökülən 42 villa ilə bağlı Bakı şəhəri İH başçısı Hacıbala Abutalıbovun bəyanatına münasibətimi soruşdu. Cavabım, müxbiri qane etməsə də, qısa oldu: “Bu gün ölkədə baş verənlər qarşısında qanun və məntiq gücsüz olduğundan heç nə deyə bilməyəcəm”. Bəli, artıq baş verənlərə cavab vermək iqtidarında deyiləm. Prokurorluqda işləsəm, orada çalışan çoxlu sayda peşakarları tanısam, qanunlara bələd olsam da bu gün prokurorluq orqanlarının mövqeyini, nə işlə məşğul olduqlarını başa düşə bilmirəm. Doğrudanmı Sizin vəzifəniz 200 manat rüşvət alan müəllimi, həkimi, 10 min manat mənimsəyən iş icraçısını, 100 min manat dələduzluq edib insanların pulunu mənimsəyən ev tikənləri tutmaqdır? Həqiqətənmi məhz Sizin dövrünüzdə yaranmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının talan edilən milyardlardan xəbərləri yoxdur? Beynəlxalq Bankdan 6 milyard manatın talanması birbaşa həmin idarənin səlahiyyətinə aid olsa da nə üçün istintaq bu tip işlərə heç bir aidiyyatı olmayan DİN-də aparılır? Yoxsa səlahiyyətiniz 10 min manat vergidən yayınmış müxalifətçini tutub hay-küylü bəyanatlar verməyə çatır? Hələ keçmiş əsrlərdə Çar Rusiyasında prokurorluğa “hakimiyyətin gözü” (ока государьевo) deyirdilər. Ancaq o dövrlərdə də prokurorluq bu qədər biabırçı vəziyyətdə olmamışdır. Məndən rüşvət tələb edən Reyestr Xidmətinin sıravi bir əməkdaşının cinayət məsuliyyətinə alınması üçün Sizin idarənin çox mühüm vəzifə tutan bir əməkdaşına etdiyim müraciətimə verilən “biz o xidmətdən kimi isə tutsaq özümüzü həbs edərlər” cavabı bu günki prokurorluğun göstəricisidir. Heç bir Baş Prokuror dövründə prokurorluq belə aciz olmamış, Sizdən əvvəlki heç bir Baş Prokurorun da adı Sizin qədər biznes aləmində hallanmamışdı.
Yazı masasına oturanda çox nizamlı, əhatəli bir yazı fikirləşmişdim. Baş verənlər gözümün önünə gəldikcə beynim tamam qarışdı. Ona görə bütün ölkədə baş verənlər, KİV-lərdə dərc olunan minlərlə cinayət xarakterli məlumatlardan deyil, haqqımda görüləcək tədbirlər üçün konkret faktlar tələb edəcəyini bildiyimdən özüm haqqımda imza atdığınız qanunsuzluqları sadalayacam.
Cənab Baş Prokuror!
Yazının əvvəlində bildirdim ki, Sizə qarşı heç vaxt qərəzim olmayıb və bu gün də yoxdur. Siz Baş Prokuror təyin olunduqdan sonra heç vaxt məni qəbul etmədiniz. Hərçənd ki, Sizə qədər olan Baş Prokuror, digər güc strukturlarının rəhbərləri qanuna uyğun olaraq xahiş etdiyim vaxt məni qəbul ediblər. Sizin məni qəbul etməməyinizin səbəbləri bəllidir. Biz bir-birimizi çox yaxşı tanıyırdıq, bir də Sizdə olan qorxu idi ki, birdən deyərlər “yerlisini qəbul etdi”. Baxmayaraq ki, Siz də gözəl bilirsiniz ki, mən heç vaxt özümü haralı isə saymamışam. Ədalət naminə qeyd edim ki, Siz məni bircə dəfə qəbul etdiniz. O da AR Prezidenti İlham Əliyev məni qəbul etdikdən az sonra. Yəqin ki, Siz də başqaları kimi hesab etdiniz ki, artıq mən də bir çoxları kimi “hakimiyyətin adamı” oldum.
İndi isə Sizin haqqımda etdiyiniz qanunsuzluqları sadalayım. 2000-ci ildə Baş Prokuror təyin olunduqdan bir ya iki gün sonra şəxsən Siz “Monitor” jurnalının və bütün müxalifət qəzetlərinin çap olunduğu, mənə məxsus olan “Baku Printing Press” mətbəəsi haqqında cinayət işi qaldırdınız. Cinayət işinin qaldırılmasına əsas həmin gün Sizə ünvanlanmış Vergilər Nazirinin bir səhifədən ibarət məktubu olmuşdu. Həmin məktubda heç bir məbləğ göstərilmədən, araşdırma aparılmadan qeyd olunmuşdu ki, guya mətbəə vergidən yayınıb. Sizin iştirakınıza heç bir ehtiyac olmadığı halda, cinayət işinin qaldırılması haqqında qərarı özünüz imzaladınız və istintaq aparılması üçün Xətai rayon prokurorluğuna göndərdiniz. “Monitor” jurnalının təsisçiləri – mən və rəhmətlik Elmar Hüseynov idi. Elmarı yazıya görə həbs etdirdiniz. Mənim həbsimə zəmin yaratmaq üçün isə bacımın həyat yoldaşı, dayımın oğlu haqqında cinayət işi qaldırtdınız, həbsinə nail oldunuz.
2005-ci ildə Zülfüqarlı qardaşlarının vəkili olduğum dövrdə Sizin tapşırığınızla idarə rəisi Kamal Qılıcov guya cinayət işində maraqlı olduğumdan mənim istintaqdan kənarlaşdırılmağım barədə DİN-in MCMBİ-nə məktub göndərdi. Elə həmin gün mənə bəlli oldu ki, heç vaxt üzünü görmədiyim, N.Zülfüqarlının yanında işləyən Haqqı adlı birisindən ifadə alınıbdır. İfadədə göstərilimişdir ki, guya heç vaxt üzünü nə özümün, nə də ki, iş yoldaşlarımın görmədiyi həmin şəxs təsisçisi olduğum “VİZA” hüquq firmasında işləmiş, mənim tapşırığımla Zülfüqarlıların yanında işə götürülmüş, sonra onun şahidliyi ilə mən İqtisadi İnkişaf Naziri olmuş F.Əliyevlə yaxın münasibətlərimdən istifadə edərək dəyəri milyonlarla ölçülən “Bakı Poladtökmə”, “Elektroştamp” zavodlarını özəlləşdirmişəm və həmin zavodların səhminin 30 %-i mənə məxsusdur. Tələskənlikdən dəfələrlə, o cümlədən həmin hadisələrdən az əvvəl KİV-lərdə F.Əliyevi qanunsuzluqlarda ittiham etməyim də nəzərdən qaçmışdı. Elə həmin gün də mənə bəlli oldu ki, haqqımda həbs qətimkan tədbiri seçilib və həbsim həftənin beşinci gününə planlaşdırılıb. Dərhal vəkillə müqavilə bağladım. O dövr məni həbsdən xilas edən AR Prezidenti İlham Əliyevlə az əvvəl görüşməyim və bu əsasda haqqımda baş verənləri ona çatdırmaq imkanımın olması oldu. Bir gün sonra elə həmin idarənin istintaq şöbəsinin rəisi, şəxsən mənə və ANS TV-dən bütün ölkəyə qərarı elan etmiş F.Süleymanov mənə zəng edib, heç nə olmamış kimi, yenidən istintaqa dəvət etdi. Bu gün də həmin idarədə işləyənlər hər dəfə məni görəndə onlara “zavodlarımın 30%-ini mənə qaytarın” zarafatımı yada salırlar.
Dəfələrlə Sizə Baş Prokuror kimi haqqımda baş verənləri, Zülfüqarlı qardaşlarının qanunsuz həbsindən, zavodlarının əllərindən alındıqdan sonra həbsdən azad olunmaları barədə müraciət etsəm də bu günə qədər cavab almamışam.
2013-cü il may ayının 18-də qanunsuz olaraq DİN-in BMCMİ-nin qarşısından vəkillik fəaliyyətimi həyata keçirərkən Nərimanov RPİ-nə aparıldım, mədəni formada tənqidi fikirlərimdən vaz keçməyim tələb olunmaqla xəbərdar edildim. Bu barədə də Sizə şikayət etdim. Cavab vermədiniz.
2013-cü il may ayının 30-da DİN-in BMCMİ-nin istintaq şöbəsinin müstəntiqi Canpolad Daanov (az sonra həmin şöbənin rəis müavini, hal hazırda isə rəisi) tərəfindən aldadılma yolu ilə idarəyə dəvət olundum, tanımadığım idman cüssəli başqa bir şəxsin iştirakı ilə vuruldum, bir daha hakimiyyət haqqında tənqidi fikir səsləndirəcəyim təqdirdə öldürüləcəyimlə təhdid olundum. DİN-in birinci müavini Vilayət Eyvazov, nazir Ramil Usubov tərəfindən, müraciət etməsəm də qəbul olundum, dinlənildim, Sizə isə haqqımda cinayət törətmiş şəxslər haqqında cinayət işi qaldırılması barədə onlarla dəfə müraciət etsəm də nəinki qəbul etdiniz, heç bu günə qədər cavab da vermirsiniz. Doğrudanmı hesab edirsiniz ki, mən, artıq həyatının önəmli hissəsini yaşamış bir şəxs, haqqımdakı təhqiri, zorakılıqları kimlərə isə bağışlayacam?! Əgər belə hesab edirsinizsə çox səhvsiniz! Mən şəxsi ləyaqətini qoruyan bir insanam!
Az sonra Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovun böhtan xarakterli məktubuna əsasən vəkillikdən xaric edildim. Bu barədə də Sizə müraciət etdim və bildirdim ki, haqqımda yazılanlar böhtandır və bunu çox asanlıqla yoxlamaq olar. Çünki, Səbail məhkəməsinə girişdən hakimin otağına qədər beş ədəd videokamera baş verənləri daim qeydə alır. Ondan başqa mən hakimin otağına özbaşına girə bilməzdim, çünki onun qapısı xüsusi, ancaq hakim tərəfindən işə salına biləcək, açarla təchiz edilib və izi itirmək üçün gecə ilə həmin qapı yenisi ilə əvəz edilib. Qapı yenidən qoyulduğundan, divar və ətrafa yeni rəng vurulduğunu çox asanlıqla müəyyət etmək olardı.
Burada Sizə və oxuculara maraqlı gələcək bir faktı da göstərmək istəyirəm. 1999-cu ildə eyni qaydada vəkillikdən xaric olunmağımdakı xidmətlərinə görə o vaxtlar vəkil olmuş 6 nəfər məhkəmə sədri, hakim və digər yüksək vəzifələrlə mükafatlandırıldılar. Məni təhqir etmiş, ölümlə təhdid etmiş, vurmuş, C. Daanov az müddət sonra istintaq şöbəsinin rəisi, haqqımda böhtan yazmış Səbail məhkəməsinin hakimi isə bir ay sonra Apellyasiya məhkəməsinin hakimi vəzifəsinə yüksəldilər. Artıq bu yöndə mənimlə zarafat da edirlər ki, “sənə bir pislik edə bilsək, heç olmasa vəzifə alardıq". Zarafatla deyirəm, həqiqətdə isə ağlamalı bir haldır, çünki tək mənə qarşı deyil, digərilərinə qarşı da haqsızlıq edənləri tez bir zamanda mükafatlandırırlar. Fəvvəralar meydanı ərazisində insanlıqdan uzaq davranışınlı polis leytenantı tanıyırdım. Bu günlərdə isə onu insanları qovan yerdə artıq mayor rütbəsində gördüm.
Nəhayət, Zülfüqarlı qardaşlarının zavodlarını mənimsəyən, dəfələrlə məni pulla almaq istəyən, bu alınmadıqda hədələr göndərən, bu günə qədər heç bir ittihamımaza cavab verməyən, yeganə tək-tük qısa cavablarında isə KİV-lərə adıçəkilən zavodlara heç bir aidiyyatı olmadığını tirajlayan Rasim Məmmədov haqqın.az saytında adıçəkilən zavodların yeganə sahibi kimi peyda olub. Həmin müsahibədən öncə isə L.Zülfüqarlı ilə görüşdə zavodları geri tələb edəcəkləri təqdirdə ölüm təhdidləri yağdırıb. Bu tipli təhdidlər mənim haqqımda da dəfələrlə olub. R.Məmmədovun müsahibəsi barədə ətraflı fikir bildirəcəyimdən geniş yazmaq istəmirəm. Müsahibədə yer alan bəzi məqamlar onu göstərir ki, R.Məmmədov və himayədarları ətrafında ciddi proseslər gedir və onlar istənilən ağlagəlməz addımları ata bilərlər. Söhbətin yüz milyonların mənimsənilməsindən və ciddi klanlararası mübarizədən getdiyindən bir daha Sizə müraciət edirəm, R.Məmmədovun fəaliyyətinin ciddi araşdırılmasına və haqqında tədbir görülməsinə göstəriş verəsiniz.
Sonda isə qeyd edirəm ki, Dövlətim, Millətim üçün ömür boyu bacardığımı etmişəm, bundan sonra da edəcəm, gördüklərimi söyləmişəm, yazmışam bundan sonra da söyləyəcəm və yazacam. Hər zaman ölkəmdə əmin amanllığın tərəfdarı olmuşam və bu gün də stabilliyin tərəfdarıyam. Bulanlıq suda balıq tutmaq istəyənlərin olmasının fərqindəyəm. İmkanım çərçivəsində insanları hər zaman dövlətimizin suverenliyi məsələsində diqqətli olmağa çağırmışam. Heç vaxt qanunları pozmamışam və pozmayacam. Bundan sonra haqqımda baş verə biləcək hər hansı hadisə və qanunsuzluğa görə Siz və hüquq mühafizə orqanlarının rəhbərləri cavabdehsiniz.
P.S. İmkanınız olsa əvvəlki ərizələrimi də cavablandırın.
Aslan İsmayılov