Elvin Abdullazadənin işində hal şahidi olan şəxs daha hansı siyasi məhbusların üzünə durub?
AXCP Gənclər Komitəsinin üzvü, “facebook”da hökuməti tənqid edən statuslarına görə narkotiklə şərlənərək həbs olunan Elvin Abdullazadənin məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə dünən məhkəmə istintaqının yekunlaşdığı elan olunub və prokuror gənc fəalın 7 il azadlıqdan məhrum edilməsini istəyib. Amma bundan əvvəl də məhkəmə iclasında maraqlı hadisələr yaşanıb. Hakimiyyətin siyasi fəalları, tənqidçilərini şərləyib həbsxanaya göndərmək üçün istifadə etdiyi üsullar və adamlar növbəti dəfə ifşa olunub.
Elvin Abdullazadənin hüquqlarını müdafiə edən vəkil Əli Mehdiyev məhkəmədə əlavə şahidlərin dindirilməsilə bağlı vəsatətlər qaldırıb. Vəkil bu işdə hal şahidi kimi adı keçən və məhkəmədə ifadə verən Dərgah Quliyevin yenidən dindirilməsini istəyib. Vəkil bu vəsatətini əsaslandıraraq bildirib ki, Dərgah Quliyev məhkəmədə ifadə verərkən ona ünvanlanan “Siz əvvəllər də belə işlərdə hal şahidi olmusunuzmu?” sualına “Yox, birinci dəfədir” cavabını vermişdi. Amma onun 2008-ci ildən bəri 5 cinayət işində hal şahidi kimi iştirakına dair faktlar var. Vəkil bunu sübut edən beş məhkəmə qərarını Fikrət Qəribovun sədrlik etdiyi hakimlər heyətinə təqdim edib. O da məlum olub ki, həmin beş işdən üçü yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin barəsində olub. Dərgah Quliyev siyasi məhbuslardan 2012-ci ildə Ilham Əmiraslanovun, 2014-cü ildə isə Babək Ədalətli və Fərəc Kərimlinin üzünə durub.
Vəkilin ikinci vəsatəti isə təhqiqatçı Nazim Quliyevin əlavə şahid qismində dindirilməsi haqda olub. Müdafiəçi bildirib ki, əvvəlki məhkəmə iclaslarında dindirilən hal şahidləri və əməliyyatçıların Elvin Abdullazadə saxlanılarkən onun üzərinə baxış keçirilməsi və baş verənlərin protokollaşdırılmasına dair dedikləri arasında kəskin ziddiyyətlər var. Xüsusən bu ziddiyyətlər vaxt məsələsinə aiddir. Ziddiyyətlərin aydınlaşdırılması üçün də təhqiqatçının dindirilməsinə ehtiyac var.
Daha bir vəsatət isə gənc fəal saxlanılarkən qollarına dərhal qandal vurulması, onun Bakı şəhər Baş Polis Idarəsinə aparılaraq, orada saxlanılması ilə bağlı olub. Elvin Abdullazadə ifadəsində göstərib ki, o, nahar vaxtı fürsətdən istifadə edib qolundakı qandalın şəklini çəkərək, bu haqda “facebook”da məlumat paylaşıb. Bundan dərhal sonra polislər onun telefonunu alaraq, fotonu siliblər. Amma o vaxta qədər “facebook” dostlarından Türkel Əlisoy (Türkel Azərtürk) bu fotonu görmüşdü. Vəkil də məhz onun şahid qismində dindirilməsini istəyib.
Lakin məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Daha doğrusu, hakim Fikrət Qəribov deyib ki, təhqiqatçı Nazim Quliyevin ifadəsi onlar üçün əhəmiyyətlidir, amma o da hazırda məzuniyyətdədir.
Ardınca da məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək, Elvin Abdullazadənin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə mayın 27-dək təxirə salınıb. Növbəti məhkəmə iclasında vəkil müdafiə nitqilə çıxış edəcək, həmçinin gənc fəal özü də məhkəmədə son sözünü deyəcək.