«Eurovision 2015»də sərgilənən münasibət uğursuz xarici siyasət kursu ilə bağlıdır
“Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində səsvermə zamanı Rusiya Azərbaycana qarşı sayqısızlıq nümayiş etdirib. Belə ki, Azərbaycanın şimal qonşusunun təmsilçisinə 12 xal verməsinə baxmayaraq, ruslar buna cəmi 3 xalla cavab verib.
Bununla da Rusiya növbəti dəfə xeyli sual yaradan addım atıb. Qeyd edək ki, Azərbaycan təmsilçisinə yüksək bal verən ölkələr Çexiya (12), Gürcüstan (10), Monteneqro və Malta (8) olub.ÿRumıniya, Moldova Azərbaycana 3, Litva isə 2 xal verib.
Amma diqqət çəkən daha bir məqam Azərbaycanın strateji tərəfdaşı adlandırılan Gürcüstanın Ermənistana 12 xal verməsidir. Bu onu göstərir ki, Azərbaycan getdikcə beynəlxalq aləmdə tərəfdaşlarını itirməkdədir.
Mövcud hakimiyyətin təbliğatının başlığa tezislərindən biri uğurlu xarici siyasətin olması ilə bağlıdır. Biz tez-tez bu tezisin yalana çevrildiyinin şahidi oluruq. Rəsmi təbliğatla real vəziyyət arasında böyük uçurumun olması artıq heç kimə sirr deyil. Beynəlxalq aləmdə baş verən hadisələr tez-tez hakimiyyətin təbliğat tezislərini alt-üst edir. Avropada keçirilən sonuncu musiqi yarışması bir daha göstərdi ki, uğurlu xarici siyasət tezisi real əsaslara söykənmir. Azərbaycanın Rusiyaya 12, Rusiyanın isə ölkəmizin təmsilçisinə 3 xal verməsi, eləcə də Gürcüstanın Ermənistana 12, Azərbaycana isə 10 xal verməsi xarici siyasətin növbəti biyabırçılığından başqa bir şey deyil. AŞ PA-da Krım məsələsinə görə, Ukraynanı dəstəkləyən Azərbaycana Rusiya bu şəkildə “təşəkkür” etdi.
Uzun illər ərzində iqtisadiyyatı xeyli mənada Azərbacandan asılı olan və dəfələrlə Azərbaycandan çox böyük yardımlar almış Gürcüstan da torpaqlarımızı işğal etmiş ölkəyə xüsusi diqqəti ilə yadda qaldı. Bütün bunlar hakimiyyətin olduqca uğursuz xarici siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Ən böyük problem ondadır ki, tez-tez qarşılaşdığımız belə böyük uğursuzluqlar nə diplomatiyanın, nə də bu işlərə cavabdeh olanların dəyişməsinə səbəb olur. Siyasətin və ona cavabdeh şəxslərin hər cür uğursuzluqlardan sonra dəyişməməsi yalnız və yalnız daha ciddi uğursuzluqlara zəmin yaradır.
Xəyal