Zümrüd Yağmur
Bakıda binanın yanmasından sonra prezident tapşırıq verdi ki, üzlüklər sökülsün. Çox sadə və aydın… O qədər sadə ki, inanın, bir adam həyətindəki ağacı belə sadə və adi şəkildə kəsib atmağa ürəyi gəlməzdi. Aydındır, bu üzlüklər insanların həyatı üçün təhlükəlidir və sökülməlidir. Buna kimsə etiraz etmir.
Amma sual olunur: bəs bu üzlüklərə xərclənən pulların havaya sovrulmasına görə kim cavab verəcək? Necə olur, dövlətin puluni xərcləyib məsuliyyətsizcəsinə binaya yararsız üzlük vurulur, 15 insan həyatını itirdikdən sonra heç bir hesabat vermədən üzlükləri söküb tökürsən zibilliyə… Sonra da kiminsə cəzalandırılması bir yana qalsın, hələ üstəlik faciənin ətrafında yaranan suallara cavab vermək əvəzinə məzələnməklərindən belə qalmadılar.
Hacıbala Abutalobov yaxınlarını itirmiş sakinlərlə görüşündə “mən hələ axirətdə də əziyyət çəkəcəm” deyib dəsmal tutub ağlayanda ölümün içindən sağ çıxmışlar ona təsəlli vermədiyinə görə görünür, iqtidarın qəzəbinə “tuş gəliblər”. Bəlkə elə buna görə Abid Şərifov xalqa göz dağı verib jurnalistlərlə məzələndi?! Abid Şərifovun yanan, 15 nəfərin öldüyü binadan gülə-gülə çıxıb hələ yaxşı əhvali-ruhiyə ilə də güya öz aləmində jurnalistlərlə məzələnib dövlət məmuruna yaraşmayan şəkildə davranmağı bir yana qalsın. Necə davranırsa, davransın, bu yaşdan sonra kimsə dəyişməz. Heç başqa da gözləməyə dəyməz. Amma iş orasındadır ki, Abid Şərifovun suala qarşılıq olaraq “səə, nə var? Nə ilə üzlənəcək, biz bilərik. Ona biz qərar verəcəyik” deməyə ixtiyarı yoxdur, çünki jurnalist bir vətəndaşın qapısını döyüb “evinin üstünə nə döşəyəcəksən? “ soruşmur, dövlət məmurundan bütün ölkəni maraqlandıran sualı soruşur. Abid Şərifov da o suala cavab verməyə məcburdur. Ancaq Azərbaycanda məmur özünü xalqa xidmət edən məmur deyil, əmr verib istədiyini edən xan, şah kimi hiss edib həmişə… Buna görə də Abid Şərofov məmur olmağın məsuliyyətini hardan biləcək, hardan biləcək ki, bizə aidiyyatı var, hardan bilsin ki, “səə, nə var” deyib jurnalistlərlə belə davranmaq qeyri -etikdir?!
Axı biz də bir xalq olaraq bu illər ərzindən Abid Şərifov və digər məmurların hər işinin bizə aid olduğunu onlara göstərməmişik. Onların özünü fövqəl hesab etməsi üçün hər şeyi etmişik. Yerlərini onlara göstərməmişik, ona görə də indi Abid Şəfifov kimsədən də çəkinmədən deyə bilir ki, “səə, nə var?”, yəni sən kimsən ki, məndən bunu soruşursan?
O üzdən də Abid Şərifov və başqa məmurlara başa salmalıyıq ki, bu ölkədə baş verən hər şeyin bizə aidiyyatı var, özü də çox…
İndi gələk Abid Şərifovun “biz qərar verəcəyik” sözlərinə… Yaxşı qərarı siz və adları hamıya bəlli olan məmurlar verirsə, ki, bunun belə olduğunu hamı bilir, daha JEK müdiri niyə həbs edildi? İkinci də sizin verdiyiniz qərarı gördük. O qərarın nəticəsində bir ayın içində iki bina yandı, 15 insan evində yanıb kül oldu. Dilə gətirməkdən çəkinmədiyiniz o qərarın ucbatından indi də bir milyarda yaxın vəsait dövlətin büdcəsindən çıxarılıb heç nə olmamış kimi Balaxanı zibilliyinə göndərilir.
Əslində, bir binanın yanması Azərbaycanın mahiyyətdə idarə olunmadığını üzə çıxardı. Bəlli oldu ki, dövləti deyil, əslində, hər bir məmur qurduğu biznez şirkətində pullarını idarə edir, alır, satırlar. Hacıbala Abutalıbov, Kəmallədin Heydərov, Binəqədi İcra hakimiyyətinin başçısı bir-birini günahlandırır, dövlət başçısısa deyir ki, onu aldadıblar?
Yaxşı, əgər İlham Əliyevi aldadıblarsa niyə bu yalançılar cəzalandırılmır?! Yoxsa İlham Əliyevi aldadan JEK müdiri idi?
Necə olur, kasıb dükandan bir çörək oğurlayanda onu həbs edib cinayətkar elan edirsiniz, amma dövlətin pulunu o pula ehtiyacı olan kasıbın gözünün qarşısında söküb zibilliyə atanların tükünə belə xələl gəlmir.
Necə olur, Xədicə İsmayıl ABŞ-ın məaliyələşdirdiyi radioda vergidən yayınıb adı ilə həbs olunur, İnqitam Əliyev xaricdən aldığı qrant layihələrindən yeyinti edib deyərək azadlıqdan məhrum edilir, amma gözümüzün qarşısında bir necə adam birləşib “bina üzləyirik” deyə insanların həyatını təhlükəyə atır, sonra da güya vətəndaşın qayğısına qalır deyə dəyəri milyard olan ölüm saçan üzlükləri sanki çöp kimi söküb atır , buna görə kimsəyə də hesab vermək istəmir?!
Bəlkə biz naşükür adamlarıq? Bəlkə şükür edək ki, iqtidar mərhəmətli davranır – birdən bu yanğının da günahkarı kimi azad düşüncəli birini həbs etsəydilər?.. Məsələn, Xədicənin maddələrinin sırasına bina yanğını ilə bağlı bir maddə də daxil etsəydilər, nə olacaqdı? “Bu qədər də olmaz” deməyin, bu ölkədə nələr olmayıb?!
Yeri gəlmişkən, Abid Şərifovun adını çəkdiyi Alabalanı tanıyan varmı, varsa gedib bütün suallarımızı ona verək, bəlkə bir cavab ala bildik…