Nenad Pejic: “Hökuməti ölkənin gələcəyini şikəst edən repressiya kampaniyasına son qoymağa çağırırıq”
“Azadlıq” radiosunun baş redaktoru Nenad Pejic Bakı bürosunun bağlanması ilə bağlı növbəti bəyanatla çıxış edib.
“Azadlıq” radiosu Bakıdakı bürosunu ötən ilin dekabrında, Azərbaycan hökumətinin xarici təşkilatlara qarşı kampaniyasının gedişində radionun ofisini möhürləyəndən sonra dayandırıb.
«Azərbaycan hakimiyyəti qanunsuz və əsassız hərəkət edərək bizim işçi heyətimiz və onların ailə üzvləri üçün dərin və bir çox hallarda silinməz iztirab və köçkünlük yaradıb» – deyə Nenad Pejic bildirib. Pejic həmçinin deyib ki, şirkət özünün və işçi heyətinin hökumətin hərəkətləri qarşısında hüquq və maraqlarını müdafiə etmək üçün bütün addımları atmağa hazırdır.
Hökumətin bu hərəkətlərinə radionun Bakı bürosunda reyd keçirilməsi və bu zaman şirkətin sənədlərinin, möhür və avadanlığının qanuni prosedurlara əməl edilmədən müsadirə olunması, Bakı bürosu işçilərinin hüquqi təmsilçiliyinin təmin edilmədən dindirilməsi və saxlanması, büronun hüquq nümayəndəsinin məhkəmə prosesindən çıxarılması, heyət üzvlərinin qohumlarının təhdid edilməsi, bəzi işçilərə qanunsuz səfər məhdudiyyətlərinin qoyulması daxildir.
“Azadlıq” radiosu həmçinin radionun əməkdaşı, beynəlxalq miqyasda təhqiqatçı jurnalist kimi tanınmış Xədicə İsmayılın əleyhinə hökumət ittihamlarına qarşı çıxır. Xədicə İsmayıl dekabrın 5-də həbs olunub və ona qarşı “Azadlıq” radiosunun əleyhinə yönəldilən iddialardan doğan ittihamlar əsasında hələ də həbsxanada saxlanır.
Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti öz bürosunun bağlanmasına baxmayaraq Azərbaycanda özünün xəbər toplamaq və reportajlar vermək funksiyalarını yerinə yetirməkdə davam edir və hələ də rəqəmli və peyk yayın üsulları ilə fəaliyyət göstərir.
Pejic deyib: «Biz öz missiyamızı icra etmək məqsədilə, bundan əvvəl 60 ildən çox müddətdə olduğu kimi, işimizi dava etdirəcəyik. Biz Azadlıq Radiosuna və onun işçi heyətinə qarşı Azərbaycan hökumətinin son bir neçə ayda törətdiyi hərəkətlərdən təəssüf hissi duyuruq. Biz Azərbaycan hökumətini təməl haqlara və azadlıqlara olan öhdəliklərini yerinə yetirməyə, öz vətəndaşlarını incidən və ölkənin gələcəyini şikəst edən repressiya kampaniyasına son qoymağa çağırırıq».
Azadlıq Radiosu özəl, müstəqil beynəlxalq xəbər təşkilatıdır və radio, internet, televiziya və mobil rabitə vasitəsilə Rusiya, Ukrayna, İran, İraq, Əfqanıstan, Pakistan, Mərkəzi Asiya və Qafqaz ölkələri də daxil 21 ölkədəki mötəbər auditoriyalara proqramlar yayır.
Radio Yayın Hamiləri Şurası (BBG) vasitəsilə ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.