Məhkəmə bu sözlərə görə Kılıçdaroğluna heç bir cəza vermədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın CHP başqanı Kamal Kılıçdaroğluna qarşı iddiası təmin edilməyib. Məhkəmə Kılıçdaroğlunun ifadələrində məsuliyyət yaradan sözlərin olmadığına qərar verib.
Qeyd edək ki, CHP başqanı Türkiyədəki məlum rüşvət əməliyyatı zamanı mitinqlərin birində o vaxtkı baş nazir Ərdoğanı sərt tənqid etmişdi «Oğlunun TÜRGEV adlı bir vəqfi var. Bu vəqfə pullar hardan gəlir? Sənin oğlunun nə üstünlüyü var? Oğlunun üstünlüyü rüşvət toplama naziri olmasıdır».
Sonradan Bilal Ərdoğan bu fikirlərə görə məhkəməyə müraciət edərək Kılıçdaroğlundan 30 min lirə təzminat tələb etmişdi. Məhkəmə B.Ərdoğanın təzminat tələbini rədd edərək qərarını belə açıqlayıb: «İddiaçı bu sözlərin söyləndiyi vaxt baş nazirin oğlu, cavabdeh isə ölkənin ana müxalifət partiyasının lideri idi. Mitinqdə səsləndirilən rüşvət iddiaları həmin dönəmdə gündəmdə və cəmiyyətin marağında olan məsələ idi».
Gültəkin