“Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.
Fərid Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dindirildiyi və həbs edildiyi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
"Mənim həbs olunmağım və həbs olunarkən guya iş otağımdan 4 milyon ABŞ dollarının götürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər yalandır. Nə dindirilmişəm, nə də həbs olunmuşam. Bu saytlar həmin xəbərləri nəyə əsasən yazıb, başa düşə bilmirəm. Məni dindirmək üçün heç bir yerə aparmayıblar. Dünən işdə olmuşam. Hal-hazırda iş günü olmadığına görə, mən evdəyəm, istirahət edirəm. Bazar ertəsi işdə olacağam. İstəsəniz gələrsiniz, görüşərik. Lazımdırsa, indi də görüşə bilərik”.
F. Məmmədov əlavə edib ki, onun rəhbərlik etdiyi filialda heç bir hüquq-mühafizə orqanı tərəfindən yoxlama aparılmayıb.
***
Saxlanılan bankir Fərid Məmmədov bir müddət əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb. Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.
Məlumata görə, Fərid Məmmədov pul yuyulmasında şübhəli bilinir.
***
Fərid Məmmədov dünən – mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.
Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb. Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.
Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.
***
Bu dəqiqələrdə virtualaz.org saytının redaksiyasına sensasion informasiya daxil olub. Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovu saxlayıb.
Fərid Məmmədov “Texnikabank”ın Xəzər filialının rəhbəridir. Təfərrüatlar haqda az sonra oxuculara məlumat verəcəyik.