Müzəffər Baxışov: «Ilk növbədə Hacıbala Abutalıbov və Xaləddin Isgəndərov həbs edildikdən sonra, məsuliyyət daşıyan digər vəzifəli şəxslərə çıxılmalı idi»
Bakıda baş verən faciə günahsız insanların canına qıydı. Baş vermiş yanğınla bağlı iş üzrə artıq bir neçə nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə Global Stone üzlük material istehsalı şirkətinin baş direktoru Uğur Bəşirov, Global Construction şirkətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi Rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Ədalət Rəcəbovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Rəcəbov 2012-2013-cü illərdə rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri vəzifəsində çalışıb.
Baş Prokurorluq, DIN və FHN-in birgə məlumatında deyilir ki, həbs olunanlara qarşı CM-in 225.2-ci (yanğın təhlükəsizliyi tələblərinin pozulması) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Bundan öncə yanan evdə üzlük işlərini aparan “Global Construction” şirkətinin sahibi Miryusif Mahmudov həbs olunub.
Amma cinayət işi açılan ilk gündən istintaqın gedişi heç də əsl günahkarların cəzalandırılacağı ilə bağlı ümid yaratmır. Əlbəttə baş verən faciə ən kiçik günahı olan şəxs də cəzalandırılmalıdır. Amma bu işdə MIS müdrinin və ya iş icraçısının hansı günah payına sahib olduğu sual yaradır. Lakin ilk baxışdan göz önündə olan nöqsanların real baiskarları barəsində isə hər hansı tədbirin görəcəyi inandırıcı deyil. Çünki bu addımlar elə ilk gündən atılmalı idi. Ölkə miqyasında bu cür layihənin işlənməsi yüksək çinli məmurların razılığ olmadan reallaşa bilməzdi.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu qəbildən olan işlər Cinayət Məcəlləsinin 225.2, 314.2 və 308.2-ci maddəsi ilə cinayət işi başladılır. Amma baş verən cinayətlərlə bağlı ilk növbədə Bakı meri H.Abutalıbov və Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin Isgəndərov həbs edilməli idi: “Həmin faciə baş verəndən sonra birinci olaraq Hacıbala Abualıbov və Xaləddin Isgəndərov tutulmalı idi. Həmin üç maddə üzrə qaldırılan cinayət işində iki maddənin 314.2 və 308.2-ci maddələrin tərkib əlamətləri Hacıbala Abutalıbov və Xaləddin Isgəndərovun əməllərində mövcuddur. Amma əfsuslar olsun ki, birinci gün şübhəli şəxs qismində süni örtükləri istehsal edən şirkətin rəhbəri tutuldu. Əslində cinayət işi qaldırılan həmin maddələrin o şəxsə heç bir aidiyyatı yoxdur. Ola bilsin ki, gələcəkdə ona 308.2-ci maddə ilə ittiham versinlər. Amma digər maddələrlə ona ittiham verə bilməzlər”.
M.Baxışov bildirdi ki, bu cür hüquqi uyğunsuzluğun yaranmasına bir səbəb də baş prokurorluğa rəhbərlik edən şəxslə bağlıdır: “Məh yanmış bina ilə bağlı dövlət başçısının sədrliyi ilə keçirilən müşavirəyə qulaq asdım. Azərbaycan Respublikasının vətəndaşı kimi utandım ki, gör, dövlətin baş prokuroru kimdir. O, hələ bilmir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Instutu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi var. Bu şəxs Standartlaşdırma Patent və Metrologiya üzrə Dövlət Komitəsinin adını düz deyə bilmir. O, bu instansiyanı Standartlaşdırma üzrə Dövlət Komitəsi adlandırdı. Bu şəxsə hansı sifarişi versələr, həmin sifariş üzrə də hərəkət edəcək və bu iş üzrə günahı olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması baş verəcək”.
M.Baxışov onu da bildirdi ki, MIS və icra hakimiyyətində çalışan şöbə müdrinin baş verən faciə ilə heç bir əlaqəsi yoxdur. Onların sıravi şəxslər olduğunu deyən M.Baxışov vurğuladı ki, ilk növbədə H.Abutalıbov və X.Isgəndərov həbs edildikdən sonra məsuliyyət daşıyan digər vəzifəli şəxslərə çıxılmalı idi.
Hikmət