Bir daha 12 illik orta təhsilə keçid haqqında
Riyaziyyat fənninin digər fənlərlə koordinasiyalı tədrisinə gəldikdə isə, qeyd etməliyik ki, riyazi anlayışların tədrisi, bu anlayışların tətbiq edildiyi fənlərin müvafiq bölmələrindən əvvəl tədris edilməsi vacibdir. Lakin baxdığımız dərsliklərdə bu şərtə də əməl edilmir. Məsələn, 8-ci sinifin “Fizika” dərsliyində “Mexaniki rəqslər və dalğalar” bölümündə triqonometrik anlayışların nailiyyətləri olmadan keçinməyin mümkün olmamasına baxmayaraq, bu nailiyyətlər bir il sonra – “Cəbr-9" dərsliyində yer alır.
başlanğıcı ötən saylarımızda
Dilçi alimlərimizin “Azərbaycan dili” dərslikləri və naxırçı Topuş kişinin natiqlik məharəti.
Bizə doğma və əlçatan Azərbaycan dili fənninin orta məktəblərimizdə tədrisi daha acınacaqlı durumdadır. Arayış üçün bildirək ki, dilimizin və ədəbiyyatımızın orta məktəblərdə tədrisinin əsas vəzifəsi, ilk növbədə məktəblidə şifahi nitq mədəniyyətinin, həmçinin şifahi biliklərini, dilimizin orfoqrafiya qaydalarına uyğun olaraq, yazılı nitqdə də düzgün ifadə edə bilmək vərdişlərinin formalaşdırılmasından ibarət olmalıdır.
Indiki orta məktəblərimizdə bu vəzifənin hansı səviyyədə həyata keçirildiyini diqqətə çatdırmaq üçün qısa bir müqayisəli təhlil aparaq.
Təhsilimizin oturuşmuş ənənələrinə əsasən, dilimizin tədrisi canlı danışıq dili, dilin qrammatikası və yazılı nitq olmaqla üç komponenti özündə ehtiva edir. Əvvəlcə canlı danışıq dilinin formalaşdırılması haqqında.
Keçən əsrin 50-ci illərinin orta təhsil praktikasına əsasən deyə bilərik ki, məktəblinin şifahi nitq mədəniyyətinin formalaşmasının uğuru fənn müəlliminin özünün nitq mədəniyyətindən və bunu məktəblilərə aşılaya bilməsi bacarıqlarından birbaşa asılıdır.
Yüksək nitq mədəniyyəti olan “Ədəbiyyat” fənni üzrə müəllimimiz adi müəllim deyil, müəllim etalonu idi. O, növbəti dərsi izah etdikdə yüksək natiqlik məharəti nümayiş etdirər, dediklərinin cazibəli və inandırıcı olması üçün, intonasiyaya uyğun olaraq, hətta əl, qol, göz və qaş hərəkətlərindən də istifadə edər, qurduğu cümlələr aydın, lakonik olar, indi dəbdə olan “belə deyək də…”, “necə deyərlər”, “deyək ki” kimi lazımsız ifadələri qətiyyən işlətməzdi. Məktəblinin dərsə hazırlığını yoxlayarkən, onu sinif qarşısına dəvət edər, mövzu üzrə bildiklərini sərbəst şəkildə ifadə etməsini tələb edərdi.
Məktəblinin cümlələrini bəyənmədikdə, hətta məktəbli dərsi düzgün cavablandırsa da, onun cavabına müdaxilə edər, istiqamətləndirərdi. Bu yanaşmadan yalnız dərsi danışan məktəbli deyil, bütünlükdə sinif yararlanardı.
Müəllim məktəblilərə çoxlu bədii ədəbiyyat, qəzet, jurnal oxumağı, radionu dinləməyi tövsiyə edərdi.
Bir tərəfdən fənn müəlliminin fədakarlığı, pedaqoji istedadı, digər tərəfdən fənlərin və dərs saatlarının sayının gündəlik bölgüsünün məktəblinin fiziki və əqli imkanları ilə düzgün uzlaşdırılması məktəbliyə nəinki gündəlik dərslərini vaxtlı-vaxtında hazırlamağa, həm də xeyli vaxta və enerjiyə qənaət etməyə imkan yaradırdı. Məktəbli əldə etdiyi bu əlavə vaxtı və enerjini istirahətə və bədii ədəbiyyat, qəzet, jurnal oxumağa, söz ehtiyatını çoxaltmağa həsr edərdi. Bütün bunlar təhsilimizin keçmişinə aiddir.
Diqqətimizi təhsilimizin dünənindən bu gününə keçirdikdə faydalı iş əmsalı sıfıra yaxın bir durumla rastlaşarıq. Fənlərin və dərs saatlarının sayının gündəlik bölgüsünün, həmçinin fənlərin təhsil pillələriarası və pillədaxili bölgüsünün məktəblinin fiziki və əqli imkanları ilə uzlaşdırılmadığının doğurduğu sistemsizlik və xaos nəinki məktəbliyə bədii ədəbiyyat oxumağa imkan verir, əksinə, gündəlik dərslərini vaxtlı-vaxtında hazırlamağa imkan vermir, onu yorub əldən salır, enerjisini səmərəsiz yerə tükəndirir, bütünlükdə təhsilə qarşı onda ikrah hissi yaradır.
Ulu Sabirimiz demişkən:
Bir demir övladi müsəlmandı bu
Elm adına bir quru böhtandı bu.
Fənlərin tədrisinə gəldikdə isə, təhsilimizin keçmişindən fərqli olaraq, məktəblinin mövzu üzrə bildiklərini yoxlayarkən ona tapmaca səciyyəli, adda-budda suallar ünvanlanır, mövzu haqqında tam fikir bildirməsinə ehtiyac duyulmur.
Şagirdin bilik və bacarıqlarını testlərlə yoxladıqda vəziyyət daha da acınacaqlı olur. Belə ki, həm test suallarının, həm də bu suallara verilməli olan cavabların qoyluşu və məzmununu test müəllifləri formalaşdırdığından, məktəblinin öhdəsinə, lal-dinməz olaraq, yalnız cavabları çevrəyə almaq qalır.
Bununla da məktəbli bildiklərini sərbəst şəkildə, canlı danışıq dili ilə ifadə etmək imkanlarından məhrum edilmiş olur.
Iş o yerə çatıb ki, təhsil naziri də 11-ci sinifləri bitirən məktəblilərin şifahi nitq qabliyyətinin zəifliyini etiraf edir, çıxış olaraq, məcburi qaydada olsa da məktəblilərə bədii ədəbiyyat oxunuşunu tövsiyə edir.
Qənaətimizcə, vəziyyətdən çıxış yolu məktəbliyə məcburi qaydada bədii ədəbiyyat oxudulmasında deyil, ilk növbədə, yuxarıda qeyd edilən qüsurların aradan qaldırılmasında və dilimizin üç komponentinin məzmununda, onların tədrisinə ayrılan dərs saatlarının sayının optimal nisbətində axtarılmalıdır.
Konkret olaraq, “Azərbaycan dili” dərslikləri üzərində dayanaq.
Forma və məzmun arasındakı uyğunsuzluq bu dərsliklərdən də yan keçməyib. Belə ki, dərsliyin məzmununda dilimizin qrammatikasından, qismən də orfoqrafiya qaydalarından söhbət getsə də, üz qabığında dilimizin hər üç komponentinin ümumiləşdirilmiş adı yer alıb.
Digər tərəfdən, məktəblərdə “Ana dili” adlı dərslik də tədris edildiyindən, dilimizin adının “Azərbaycan dili”, yoxsa “Ana dili” olduğu sual doqurur.
Və nəhayət, hər il 11-ci siniflərdə buraxılış imtahanlarından sonra “filan qədər məktəbli ana dilindən qeyri-kafi alıb” kimi cəfəng deyimlərin yaranması da dərsliklərə məzmuna uyğun adın verilməməsindən irəli gəlir.
Halbuki, Azərbaycan dili mühitində boy atan uşaq, hələ məktəbə qədəm qoyanadək öz doğma dilini, ən azı məişət səviyyəsində bildiyindən Azərbaycan dilindən qeyri-kafi qiymət ala bilməzdi.
Əslində isə, məktəbli, dilçi alimlərimizin əsassız olaraq, “Azərbaycan dili” adlandırdıqları, üstəlik, 10 (on) il əzbərlətdikləri “Azərbaycan dilinin qrammatikası” fənnindən qeyri-kafi qiymət ala bilərdi – alır da.
Fənnin tədrisinə ayrılan vaxta gəldikdə qeyd etməliyik ki, Azərbaycan dili mühitində dünyaya göz açan, bu dil mühitində boy atan, təhsil alan məktəbliyə doğma dilinin on il ərzində tədrisi məntiqsiz və güluncdür.
Halbuki keçən əsrin qanlı-qadalı, problemlərlə dolu 40-cı illərində bu fənni bizə “Azərbaycan dili” adı ilə deyil, öz “Azərbaycan dilinin qrammatikası” adı ilə altı ilə, həm də yüksək səviyyədə tədris edərdilər. Görünür, “Azərbaycan dili” dərsliklərinin müəllifləri orta əsrlərdə xəbərləri əyalətlərə çatdırarkən çaparlardan və piyadalardan istifadə üsulunun müasir mobil telefonla əvəzlənməsində məqsədin nədən ibarət olduğundan hələ də məlumatsızdırlar. Azacıq da olsa məlumatları olsaydı, o halda yetmiş il bundan əvvəl 6 ilə tədris edilən fənni, indi on ilə deyil, ən çoxu beş ilə tədris etmək haqqında düşünərdilər. Hələ bu harasıdır ki, fənnin tədris müddətinin daha bir il uzadılıb, 12 ilə çatdırılması, üstəlik, profilindən asılı olmayaraq, ali məktəblərdə də tədrisi haqqında düşünürlər.
Növbəti olaraq, dərsliklərdə mövzuların təhsil pillələriarası və pillədaxili bölgüsünə diqqət yetirək
Cədvəldən görünür ki, dərsliklərdə mövzuların təhsil pillələriarası və pillədaxili bölgüsü hər hansı meyara əsaslanmır, qarışıq, həm də səpələnmiş şəkildə təqdim edilir, təkrarlanır.
Adətən fənnin təyinatı və predmeti haqqında ilkin məlumatlar dərsliyin əvvəlki səhifələrində verildiyi halda, burada tədrisin sonunda – 10-cu sinifdə verilir.
Tədrisi 1-ci sinifdə başa çatan əlifba haqqında 5-ci sinfin dərsliyində məlumat verilir.
Təəccüb doğuran məqamlardan biri də baza anlayışlarından olan “Cümlə” anlayışının tədrisi ilə bağlıdır.
2-5-ci və 8, 11-ci siniflərin “Azərbaycan dili” dərsliklərində cümlə haqqında fərqli fikirlər bildirilsə də, heç bir halda verilən təriflər və gətirilən misallar tam və düzgün deyil.
Məsələn, 2-ci sinfdə (səh 161) deyilir: cümlə fikir ifadə edir, yəni varlığın nə etdiyini və hərəkətin kim tərəfindən edildiyini bildirir.
3-cü sinfdə deyilir: Söz və söz birləşməsindən fərqli olaraq, cümlə bitmiş fikir ifadə edir. Bu fikir yalnız xəbər, sual, əmr formasında olur.
4-cü sinifdə deyilir: Cümlənin baş və ikinci dərəcəli üzvləri vardır.
5-ci sinifdə deyilir: Cümlə ərəbcə “hamısı-bütün” deməkdir.
8-ci sinifdə cümlənin tam və düzgün tərifi verilir. Lakin gətirilən misallarda “Səhərdir” sözü istisna olmaqla, digər sözlər bitmiş bir fikri ifadə etmədiyindən səhvdir.
11-ci sinifdə deyilir: cümlə bir və ya daha artıq sözdən ibarətdir, – deyilir.
Söylənilən fikirlər, gətirilən misallar, verilən təriflər göstərir ki, dərslik müəllifləri cümlə anlayışının ən mühüm göstəricisi olan “bitmiş bir fikir” ifadəsinin mahiyyətini bilmirlər. Bu səbəbdən də, göstərilən misallarda səhvə yol verirlər.
Dərsliklərin məzmununa gəldikdə isə, müəlliflər fənnin təyinatının orta məktəblərimizdə dilçi mütəxəssislərin yetişdirilməsi deyil, şifahi nitq mədəniyyətinə malik, bildiklərini dilimizin orfoqrafiya qaydaları əsasında, yazılı nitqdə də düzgün ifadə etməyi bacaran məktəblilərin yetişdirilməsi olduğunu nəzərə almayıb, bu məqsədə aidiyyəti olmayan, məktəblinin zehnini artıq dozada yükləyən, mənimsənilməsinə xeyli vaxt və enerji sərf edilən, mənimsənildikdən sonra qısa müddətdə unudulan, dərs saatlarının sayının süni yolla uzadılmasına xidmət edən, dilçi alimlərin praktikasına hesablanan və dil tədqiqatına dair işlərdən qəbul edilən bir çox mövzuları dərsliklərə (xüsusi ilə 6-8-ci siniflər) doldurublar.
10-cu və 11-ci sinif dərslikləri, faktiki olaraq, fənnin tədrisinə əlavələr rolu oynayır. Bu mənada həmin dərsliklərin tədrisinə 2 dərs ilinin sərfi əbəsdir.
Şifahi nitq mədəniyyətindən söz düşmüşkən, kəndimizin ağsaqqallarından biri, ömrünü-gününü kolxozun naxırını otarmağa həsr etmiş Topuş kişini xatırlamamaq olmur. Əlifbanı bilməyən Topuş kişi düşündüklərini öz həmsöhbətinə söyləyərkən əsl natiqlik məharəti nümayiş etdirərdi. Onun cümlələri sadə, aydın və rəvan olmaqla yanaşı, yerli-yerində işlədilən müdrik el deyimləri ilə zəngin olardı. O, bu keyfiyyətlərə təbii ki, dilçi alimlərimizin “Azərbaycan dili” dərsliklərindən, folklor araşdırmalarına həsr etdikləri qalaq-qalaq monoqrafiyalardan, yaxud da Orxan-Yenisey qayaüstü yazılarına həsr etdikləri dissertasiyalardan deyil, tarixin dərin qatlarından süzülüb gələn, büllur kimi təmiz el dilindən yiyələnmişdi.
Təhlillərimiz göstərir ki, orta məktəblərimizdə dilimizin tədrisində ciddi islahatlara ehtiyac var. Ilk növbədə dərsliklərin adlarına, təyinatına, məzmununa və tədris müddətinə aydınlıq gətirilməlidir. Hesab edirik ki, dilimizin tədrisi konkret meyarlar əsasında işlənib hazırlanan iki adda dərslik üzərində qurulması məqsədəuyğun olardı.
Dərsliklərdən biri “Azərbaycan şifahi nitqinin əsasları” adlandırılmalı, əvvəllər və hazırda tədris edilən “Oxu”, “Ana dili”, “Azərbaycan dili”, “Qədim ədəbiyyat”, “XIX əsr ədəbiyyatı”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyat” və s. dərslikləri əvəzləməli, təyinatca dilimizin birinci komponentinin tədrisini nəzərdə tutmalı, məzmunca məktəblinin şifahi nitq mədəniyyətinin və natiqliq məharətinin formalaşmasına yönələn mövzuları özündə ehtiva etməli, müddətcə orta məktəblərin 2-ci siniflərindən etibarən, ardıcıl olaraq növbəti siniflərdə də tədris edilməlidir.
Ikinci dərslik “Azərbaycan dilinin qrammatikası” adlandırılmalı, təyinatca dilimizin ikinci komponentinin tədrisini nəzərdə tutmalı, məzmunca dilimizin orfoqrafiya qaydaları, bu qaydalara birbaşa aidiyyəti olan qrammatik anlayışları və mövzuları özündə ehtiva etməli, müddətcə 2-5-ci siniflərdə tədris edilməlidir.
Məktəblidə yazılı nitq mədəniyyətinin formalaşmasına yönələn dilimizin üçüncü komponenti həm birinci, həm də ikinci dərsliklərdə, yerli-yerində, lazımi səviyyədə tədris edilməlidir.
Yazıda sadalananlardan əlavə, təhsilimizin bəxti həm də ona görə gətirmir ki, yuxarıların savadsız cəmiyyəti daha asan idarə etmək istəyi, aşağıların bir hissəsinin təhsilə şəxsi gəlir mənbəyi kimi baxışı, başqa bir hissəsinin isə, ümumiyyətlə, təhsilə etinasız münasibəti üst-üstə düşür.
Vaxtilə ulu Sabirimiz:
Zülmət sevər insanlarıq üç-beş yaşımızdan.
Fitnə göyərir torpağımızdan, daşımızdan –
deməklə yuxarıdakı faktları çox sərrast ifadə edib.
Bütün bunların nəticəsidir ki, çoxlu sayda tarixşünasları, hüquqşünasları, incəsənətşünasları, musiqişünasları, ədəbiyyatşünasları, coğrafiyaşünasları, sosioloqları, politoloqları, siyasətçiləri olan Azərbaycanın tarixi, ərazisi, musiqisi, tarixi şəxsiyyətlərinin kimliyi, musiqi alətləri, hətta mətbəxi bitib-tükənməyən mübahisələr və müzakirələr obyektləri olaraq, qalmaqdadır.
Məhəmməd Xəlilov