Icra başçısı məsuliyyəti Kəmaləddin Heydərovun üstünə atdı
Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı daha bir nəfər həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məluamat görə, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində də bu maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qəzənfər Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.
Onlar ömürlük cəza almalıdırlar
“Mən buradakı rənglərə inanmıram. Təmir zamanı yalnız Finlandiya, Amerika və Almaniya istehsallı rənglər istifadə olunacaq”. ANS-in məlumatına görə, bunu dünən Bakı şəhər Icra Hakimiyyətinin binasında yanan binanın sakinlərini qəbul edən icra başçısı Hacıbala Abutalıbov deyib. “Rənglər təyyarə ilə gətizdiriləcək. O rənglərin sertifikatı var”. Mer üzlüklərin bütün binalardan söküləcəyini və onların ən yüksək səviyyədə yenidən təmir ediləcəyini deyib. O, bir dənə də belə bina qalmayacağını bildirib. “Ən yüksək vəzifəli şəxs də bu işdən azad olmayacaq. Prezident də deyib ki, bu işdə günahkar olanların yeri zindandır. Onlar ömürlük cəza almalıdırlar”.
Evi kirayə verənlər 20 min ala bilməyəcək
Yanğından sonra binada kirayə qalan sakinlərin kompensasiya məsələsinə Bakı meri bir daha aydınlıq gətirib. “Qafqazinfo”nun xəbərinə görə, Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək: “Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməli və həqiqətən də qonşuların şahidliyi ilə onların yanan binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək”.
“O binada yaşaya bilmərəm”
“O binada mənim həyat yoldaşım və körpə balam vəfat edib. Mənim hamıya böyük hörmətim olsa da, bilin ki, mən o evdə daha yaşaya bilmərəm.
Xahiş edirəm bunu nəzərə alın”.
Bunu dünən Hacıbala Abutalıbovla görüşdə Binəqədi rayonunda yanan binanın Anar Kərimov adlı sakini deyib.
Anar Kərimov yanmış binada həyat yoldaşı Nazilə (39 yaş) və qızı Ayanı (5 yaş) itirib. O, binanın yerində abidə görmək istədiyini də qeyd edib.
Mer isə sakindən bir az dözümlü olmağı xahiş edib. “Sözsüz ki, o evdə sizin əzizlərinizin ruhu yaşayacaq. Siz ömür boyu əziyyət çəkəcəksiniz. Bir balaca dözümlü olun. Dərdinizi mənə danışın. Oturaq bir stəkan çay içək. Dərdləri danışmaq lazımdır”.
Keyfiyyətsiz üzlükləri kim sökür?
Sakinlər görüşdən sonra Hacıbala Abutalıbovla birlikdə müvafiq sənədləri almaq üçün “ASAN Xidmət”ə gediblər. Sakinlər sənədlərini aldıqdan sonra onlar üçün ayrılmış kompensasiyanı bankdan çıxara biləcəklər.
Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, binalardakı üzlüklər onu binalara vuran şirkət tərəfindən sökülür.
Onun sözlərinə görə, söküntü işləri də BŞIH-nin deyil, həmin şirkətin hesabına aparılır.
Lakin Mətbuat prospektində bəzi binalardan üzlükləri “Gilan” şirkəti sökür.
Icra başçısını istintaqa çağırmayıblar
“Bakı şəhəri Binəqədi rayonunun ərazisində baş verən yanğınla əlaqədar məni istintaqa çağırmayıblar”. Bunu isə “Report”a açıqlamasında Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Xaləddin Isgəndərov deyib. O bildirib ki, hadisə ilə bağlı icra hakimiyyətindən yalnız 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, hazırda isə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Icra başçısı günahı FHN-in üzərinə atdı
Xaləddin Isgəndərov “Yeni Müsavat” qəzetinə müsahibəsində isə yanğınla bağlı məsuliyyəti Fövqəladə Hallar Nazirliyinin üzərinə atıb. “Bilirsiniz ki, şəhərin bir çox yerində çoxmərtəbəli binalardan tikilib. O şirkət də bu üzlənməni həyata keçirirdi. Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, kiminsə görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın.
Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm.
Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir", – deyə icra başçısı bildirib.
Bakıda təhlükəsizlik təxribatı törədən şəxs həbs edildi
Azərbaycanda “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar yayan şəxs həbs edilib. Bu barədə Daxili Işlər Nazirliyinin (DIN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib. Onun sözlərinə görə, həmin informasiya mediada işıqlandırıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, onun kimliyi müəyyənləşib və həmin şəxs DIN orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Həbs edilən şəxs 1995-ci il təvəllüdlü, 3 kurs tələbəsi Mehdi Əliquliyevdir. O. xırda dələduzluqda ittiham edilərək, barəsində 20 sutkalıq cəza müəyyən edilib.
Qeyd edək ki, dünəndən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015" Avropa Oyunlarında ”təhlükəsizlik tədbirləri" haqqında informasiyalar göndərilib.
Həmin informasiyada Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmirdi. Müraciətdə vətəndaşlara təhlükə anında DIN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunurdu.