Tanınmış ziyalı “cərimə selindən” xilas ola bilmir
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun iddiası əsasında baş tutan məhkəmə prosesi sonucu ona kəsilən 1140 manatlıq cəriməni ödəməyə macal tapmamış yeni bir cərimə ilə üzləşib. Bu kəs tanınmış ziyalı məhkəmə tərəfindən ona kəsilən 480 saatlıq ictimai işlər cəzasına uyğun olaraq “işə çıxmadığı” üçün cərimələnib.
Məsələ ilə bağlı açıqlama verən E.Quliyev hakimiyyətin ona yönəlik təzyiqlərini durmadan artırdığını və vəziyyətinin getdikcə kritikləşdiyini bildirib.
E.Quliyevin sözlərinə görə, qanunvericilik 63 yaşı tamam olan şəxslərin ictimai işlərə cəlb edilməsini qadağan edir və onlar da qanunun bu maddəsini əsas tutaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən kəsilən 480 saatlıq ictimai iş cəzasının aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət ediblər:
“Bu gün (dwn’n-red) 480 saatlıq icbari iş cəzasından azad etməklə bağlı ərizə ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Müraciətdə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 480 saat ictimai işlər cəzasının üzərimdən götürülməsi xahişi ilə çıxış etdik. Bunu da onunla əsaslandırdıq ki, 20 aprel 2015-ci il tarixində 63 yaşım tamam olub. Azərbaycan Respublikasının CM-nin 47.4.4-cü maddəsinə əsasən pensiya yaşına çatmış insanlara ictimai işlər tətbiq oluna bilməz. Mən də pensiya yaşına çatmışam. Həmçinin, bəzi xəstəliklərim var. Məhkəməyə xəstəlik haqqında da arayışı təqdim etmişik. Ümid edirəm ki, bu işə obyektiv baxarlar. Çünki qanunla 480 saatlıq ictimai işlər cəzasından məni azad eləməlidirlər. Ödəməli olduğum pul cəriməsinin qalan hissəsini də nəyin bahasına olursa-olsun bu gün (dünən-red) ödəməyi tələb edirlər. Hələ ki, 480 saatlıq ictimai işlər cəzasından azad olunmaqla bağlı məhkəmə qərarı yoxdur, həmin qərara qədər işə çıxmağım tələb olunur. Dünən mən xəstə olduğum üçün onların təhkim etdiyi işə gedə bilmədim. Buna görə də akt yazıb mənə qarşı yeni cərimə tətbiq ediblər. Görünən odur ki, qarşı tərəf öz məqsədinə nail olmaq üçün səylərini var gücü ilə davam etdirmək niyyətindədir”.
Qeyd edək ki, bugünlərdə tanınmış ziyalıya dəstək kampaniyası start verilib.
Kampaniyaya jurnalist Seymur Əliyevin təşəbbüsü ilə aparılır. Kampaniyaya qatılmaq istəyən hər bir şəxs aşağıdakı hesab nömrəsinə pul köçürə bilər. (Adı: Axcessbank QCS Sülh filialı Kod: 510459 Vöen/int: 1400057421 Corr acc: AZ10NABZ01350100000000056944 SWIFT: ACABAZ22 Name: Əliyev Seymur Telman oğlu Account No: AZ45ACAB00260100000000095172)
Qeyd edək ki, xaricdəki soydaşlarımız arasında məlum kampaniya Laçın Məmişov tərəfindən aparılır və kampaniyada iştirak etmək istəyən ölkə xaricindəki soydaşlarımız Laçın bəyə müraciət edə bilər. Artıq L.Məmişov tərəfindən “Hamımız Eldəniz Quliyevik!” şüarlı “event” də yaradılıb. (https://www.facebook.com/events/947160078656884/permalink/947160758656816/ )
Məlumat üçün bildirək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
Bundan başqa, E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir” statusuna malik demokratlardan biridir. (moderator.az)