Xaqani Əliyev xaqaniquzeyli@gmail.com
Hey, gidi dünya… Etiraf edim bu ifadədən heç vaxt xoşum gəlməyib. Ona həmişə banan, boğazdan yuxarı, uğursuzların fəryadı kimi baxmışam. Lakin bu yazı üçün qısaca araşırmadan sonra… “içimdən gəldi” desəm, yəqin ki, səhv etmərəm. Və yüz faiz əminəm ki, hazırda başı üzərini qara buludlar alan Hacı Ibrahim Nehrəmli də bu ifadəni tez-tez pıçıldayır.
Medianın oliqarxlar (mən bu bənzətməni yanlış hesab edirəm – X.Ə.) kimi qələmə verdiyi iş adamlarının həbsinə münasibət bildirmək üçün onların bir neçəsi haqda səthi araşdırma aparmaq qərarına gəldim. Əsasən də onlar haqqında son olaylara qədər nələr yazıldığına diqqət etdim. Inanın ki, dəhşətə gəldim. Dünənə qədər onları göyə qaldırıb, bəy tərifi edən mətbu orqanları bu gün sanki onları didmək yarışına giriblər. Obrazlı desək, “baltanın biri bir qəpik, bitmədi, sapı da üstündə hədiyyə”… Adını sonda çəkəcəyim bir qəzetin xəbər arxivinə girdim, son iki ildə Ibrahim Nehrəmli haqqında tərif və reklam dolu nə az, nə çox… düz 31 yazıya rast gəldim. Sonuncu manşet – yazı bu ayın, yəni mayın 4-də çıxmışdı. Hacı Ibrahimin uğurlu Mərəkeş səfərinə həsr edilmişdi. Başlıq belə idi – “Hacı Ibrahim Nehrəmlinin Mərakeş səfəri uğurla keçib”…
Bir neçə gün sonrakı xəbərin başlığındakı ironiya və aqressivliyə fikir verin verin – “Hacı Ibrahim Nehrəmli ”Bandotdel"dədir, ifadə verir"…
Müqayisə üçün deyim ki, daima Hacı Ibrahimdən şikayət edənlərdən yazan, onun haqqında indiyə qədər xoş bir kəlmə belə yazmayan “Azadlıq” qəzeti belə bu xəbərə ehtiyatla yanaşdı, onu dəqiqləşdirilməyə ehtiyacı olan xəbər kimi verdi… Yazımın sonunda bu mövzuya qayıdacam, hələlik isə keçək digər məsələyə, azərbaycansayağı “oliqarxların” həbsinə…
Oliqarxiya yunan sözü olub, az bir kəsimin, “başqalarının” hakimiyyəti deməkdir. Yəni siyasi hakimiyyət iri monopolistlərdən asılı olur, onun bütün strukturlarını varlılar formalaşdırır və “qəhrəmanlar”, yəni oliqarxlar isə, bundan bəhrələnir. Oliqarxiyanın formalaşması üçün bəzən yüz il belə azlıq edir. Onlar heç vaxt, dövlətdən, onun maliyyə ehtiyatlarından asılı olmurlar, əksinə, dövlət həmişə onlara ehtiyac duyur, ən çətin anlarda onlara müraciət edir. Məsələn, ABŞ kimi qüdrətli dövlət, II dünya müharibəsinə məhz oliqarxiyadan xeyir-dua və dəstək alaraq, qatıldı və s.
Bu gün “Bandotdel” maliyyə xəyanətinə(!) görə dindirilənləri oliqarx adlandırmaq, dünyadakı həqiqi oliqarxları təhqir etmək deməkdir.
Sual oluna bilər ki, bəs onlara nə ad verək? Bəlkə “atanşik” deyək… Düzü, heç mən də bilmirəm. Bildiyim odur ki, onlar digər sahibkarlara nisbətən daha iri miqdarda kredit götürmə imkanları, maliyyə sektorunda geniş əlaqələri olan şəxslər olublar. Sadə əhali var-yoxunu girov qoyub, yüksək faizlərlə 50-60 min kredit aldığı halda bunlar girovsuz-filansız, şəxsi tanışlıq və qarşılıqlı mənfəət hesabına dövlətin yüz milyonlarla manatını asanlıqla mənimsəyən şəxslər olub. Üstünə basaraq onu da qeyd etməliyəm ki, altı sıfırla müşayiət olunan kreditlərin “şapkası” da ciddi məbləğlər hesab olunur və bankı idarə edənlər öz tamahlarını saxlaya bilmirlər…
Milyonlarla krediti ələ keçirənlər nə edirlər? Bax, işin ən maraqlı tərəfi də bundadır. Işə başlamazdan əvvəl, özlərinə sözün əsl mənasında maya buraxırlar. Dəbdəbəli ofis, katibə üçün 150 minlik maşın və şəhərin mərkəzində mənzil bu işin başlanğıcıdır. Daha sonra şou-biznesdən bir gözəlçənin “problemləri” üçün yüz minlər xərclənir.
Onların çoxu yalnız ikinci böyük krediti götürəndə iş qurmaq haqqında fikirləşirlər. Çoxu sadə və cazibədar görünən mənzil tikintisinə girişir. Və nəticədə on minlərlə aldadılmış “novostroyka” qurbanları haqlarını tələb etmək üçün Prezident Sarayının yolunu tutur…
Indi isə, gələk Hacı Ibrahim Nehrəmlini keçmişdə ən çox tərifləyən, hazırda isə, ən çox baltayan qəzetin adına… Bu nə “Səs”, nə “Yeni Azərbaycan”, nə də ki, “Palitra” (bu qəzeti qoy tanısınlar – X.Ə.) qəzetidir. Bu qəzetin adı… “Yeni Müsavat”dır.
Maraqlıdır ki, Hacı Ibrahim Nehrəmli haqqında bu qəzetdə yalnız son iki ildə gedən 30 ya yaxın reportajların, demək olar, hamısında qəzetin baş redaktorunun birinci müavininin imzasına rast gəldim…
Hey, gidi dünya…