Cəmiyyətə hüquq müdafiəçisi kimi təqdim olunan Sahib Məmmədovun “teleqraf.com”da bir məqaləsi yayımlanıb. “ABŞ-a xidmət edənlərə itlərin taleyi barədə xatırlatma” adlı yazıda müəllif ABŞ-ın tarixi ilə bağlı maraqlı faktlara toxunub. Vyetnam müharibəsinə dair faktlara diqqət çəkən Sahib Məmmədov fikrini bu cümlələrlə bitirir: “ABŞ ordusunda xidmət etmək üçün bütün ABŞ-dan on minlərlə it yığılıb gətirilmişdi. Bu itlərin çoxu döyüş tapşırığını yerinə yetirərək məhv olmuşdu. Itlərin bu müharibədəki rəşadəti döyüşən ordu əsgərinin rəşadətindən daha yüksək idi. Müharibə uduzulduqdan sonra sağ qalmış və müharibədə rəşadət göstərmiş bu itlərin sonrakı taleyi daha dəhşətli oldu. Sağ qalmış itlərin, o cümlədən döyüş əməliyyatlarında yaralanaraq sağlamlığını itirmiş itlərin hamısını güllələdilər. Səbəb onların geri daşınması üçün xərc çəkməmək idi. Bu itləri güllələdikdən sonra heç olmasa bir ”kotlovan" da qazıb üstünü örtmədilər.
Mən ABŞ xalqını çox sevirəm. ABŞ-a xidmət edənlərə isə Vyetnam müharibəsinin qəhrəmanları olan itlərin taleyini xatırlatmaq istərdim. Ehtiyatlı olun".
Son günlər hökumətyönlü mediada aparılan anti-Amerika kampaniyası çərçivəsində yazılan bu xatırlatma digər məqamları da yada saldı. Məsələn, Sahib Məmmədovun rəhbərlik etdiyi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının indiyədək həyata keçirdiyi layihələri.
Təşkilatın saytında (http://labourrights-az.org/?page_id=36) indiyədək həyata keçirilən layihələrin, donorların adı qeyd olunub. Həmin donorların hansı ölkədə fəaliyyət göstərdiyinə diqqət yetirmək kifayətdir ki, əslində, uzun illər ABŞ-a kimin xidmət etdiyi bəlli olsun.
***
1. “Azərbaycanda alternativ həmkarlar ittifaqlarının yaradılması və sosial-iqtisadi hüquqlar” – bu layihə ABŞ Ictimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilib. Layihə 1999-cu ildə həyata keçirilib;
2. “Insan hüquqlarını müdafiə edən QHT fəalları üçün insan hüquqlarına dair seminarların təşkili” – layihə ABŞ Ictimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilib, 1999-cu ildə həyata keçirilib;
3. “Sosial-iqtisadi hüquqların təlimi” – bu layihə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən maliyyələşdirilib. Layihə 2000-ci ildə həyata keçirilib;
4. “Bakıda və regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu (Soros Fondu) tərəfindən maliyyələşdirilib, 2001-2002-ci illərdə həyata keçirilib. Hazırda yenidən davam etdirilir. Layihə ölkənin 6 regionunu əhatə edir;
5. “Neft fondları: yaranması, fəaliyyəti və inkişafı” – layihə çərçivəsində Bakıda Beynəlxalq Konfrans keçirilib. Konfransın nəticələrinə dair Azərbaycan və ingilis dillərində kitab hazırlanaraq 1000 tirajla nəşr olunub. Layihəni Açıq Cəmiyyət Institutu – Yardım Fondu maliyyələşdirib, 2002-ci ildə həyata keçirilib;
6. “Qeyri-Hökumət Təşkilatları fəalları üçün treninq-seminarların təşkili və yaddaşların nəşri” – bu layihəni Amerika Birləşmiş Ştatları Beynəlxalq Inkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirib;
7. “Cənubi Qafqaz Respublikalarının hüquq-müdafiə təşkilatlarının əməkdaşlığı region yollarında sürücülərin hüquqlarının müdafiəsində effektiv vasitədir” – layihəni Amerika Birləşmiş Ştatları Beynəlxalq Inkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Regional Nümayəndəliyi maliyyələşdirib;
8. “Bakıda və Regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu tərəfindən maliyyələşib.
9. “Total neft əməliyyatları zamanı sosial risklərin azaldılması” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu tərəfindən maliyyələşdirilib;
10. “Əmək hüquqları üzrə hüquqi yardım mərkəzinin yaradılması və ”Əmək münasibətlərini tənzimləyən sənədlər" adlı soraq kitabının hazırlanması" – layihəni Amerika Birləşmiş Ştatları Beynəlxalq Inkişaf Agentliyinin (USAID) vəsaitilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirib;
11. “Azərbaycan Respublikasında informasiyaya çıxışın təmin olunma vəziyyəti”, monitorinq və kampaniyaların təşkili -layihəni Açıq Cəmiyyət Institutu – Yardım Fondunun Budapeşt nümayəndəliyi maliyyələşdirib, 2005-2006-cı illərdə həyata keçirilib;
12. “Kəmərlərin keçdiyi ərazilərdə mobil müşahidə qruplarının yaradılması” – layihə 2005-ci ildə Açıq Cəmiyyət Institutu – Yardım Fondu tərəfindən maliyyələşib;
13. “Neft əməliyyatlarının təsirlərinə məruz qalan ərazilərdə vətəndaş nəzarəti qruplarınin yaradılması” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu tərəfindən maliyyələşib, 2007-ci ildə həyata keçirilib;
14. “Azərbaycan Respublikasında sərbəst toplaşma azadlığının monitorinqi” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu (Budapeşt) tərəfindən maliyyələşib, 2007-ci ildə həyata keçirilib;
15. “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinqinin keçirilməsi” – layihə USAID, “Kounterpart International” tərəfindən maliyyələşdirilib;
16. “Əməkçi miqrantların insan hüquqlarının təmin olunmasına dəstək” – Açıq Cəmiyyət Institutu – Yardım Fondu (Nyu-York) Mərkəzi Avrasiya Layihəsi;
17. “Azərbaycanda peşə təşkilatları və yerliözünüidarə qurumları (Siyasət sənədinin hazırlanması)” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu (Azərbaycan) tərəfindən maliyyələşib;
18. “Avropaya inteqrasiya edən Azərbaycanda məşğulluq siyasəti” – layihə Açıq Cəmiyyət Institutu – Yardım Fondu (Azərbaycan) tərəfindən maliyyələşib.
Vyetnamda ölən qəhrəman itlər unudulsa da, Azərbaycana axıdılan pulların sayəsində bünövrə atan adamlar unudulmur. Doğrudan da, ehtiyatlı olmaq lazımdı. Yediyi qaba tüpürənlərin taleyi heç vaxt gətirmir. Həmişə oyunlarda qurbana çevrilirlər. Necə deyərlər, oynadılan oyuncaq əvvəl-axır sınmalıdır…