Siyasətlə alverçilər məşğul olanda nəticə belə olur
Təsəvvür edin ki, bir nəfəri möhkəm döyürsünüz, ağzını-gözünü qana bulayırsız və sonra da “ sənin atana, sizin ailəyə böyük hörmətim var” söyləyirsiz. Həqiqətən də absurd, qeyri-normal mənzərədir.
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət məhz yuxarıdakı mənzərənin təkrarıdır. Deməli, ABŞ-ın korrupsioner, insan haqlarına hörmət etməyən, dünyada iğtişaşlar yaradan bir ölkə olduğunu tirajzlayırlar, sonra da “ABŞ-Azərbaycan münasibətləri normaldır” deyə biləcək qədər sırtıqlıq nümayiş etdirirlər. Son günlər isə ABŞ dövlət katibi Con Kerriyə qarşı ən ağır ittihamlar səsləndirirlər, onun qeyri-ciddi adam olduğunu söyləyirlər və Azərbaycanın 1 nömrəli düşməni kimi tqdim edirlər. Ardınca isə hakimiyyətin “ağır topları” şərh verirlər ki, bunu ABŞ-Azərbaycan münasibətlərinə aidiyyəti yoxdur. Halbuki Con Kerri ABŞ dövlətinin əsas simalarındandır və dövlətin siyasətinə birbaşa təsir edə bilən şəxsdir.
Amma YAP-ın siması Siyavuş Novruzov deyib ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşdə Con Kerri məsələsini müzakirə etməyiblər. Səbəbi isə belə əsaslandırıb: “Görüşdə bu məsələyə toxunmadıq. ABŞ-ın özündə də bəzən Konqresdə, Senatda və yaxud qeyri-hökumət təşkilatı, keçmiş səfir bir bəyanat verir. Amma biz bunu ABŞ dövlətinin bəyanatı hesab etmirik. Baxmayaraq ki, Azərbaycanda çoxları çalışır ki, bunu ABŞ-Azərbaycan münasibətlərinin korlanması kimi qələmə versin. Təbii ki, belə qüvvələr var. Hesab edirik ki, hər hansı qeyri-hökumət təşkilatı və yaxud da erməni lobbisi tərəfindən maliyyələşən ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil. O cümlədən, Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək”.
Bəli, “Obamanın iki üzü” adlı yazının sifarişçiləri, Obamanı erməni lobbisinin təsirində olmaqda ittiham edənlər indi də deyirlər ki, Con Kerri məsələsi xırda söhbətdi. Belə çıxır ki, PA-nın şöbə müdiri Novruz Məmmədovun, prezidentin köməkçisi Əli Həsənovun, hakim partiyanın sözçüsü Siyavuş Novruzovun söylədiyi fikirlər “filfilo”dur. Bəli, Siyavuş Novruzov etiraf edir ki, millət vəkillərinin, hakim partiyanın rəsmi orqanı olan qəzetin yazdıqlarına inanmaq olmaz və bu adamlar qeyri-ciddi işlə məşğuldular. Deməli, şəxsən Barak Obama ilə Ilham Əliyev üz-üzə söyüşsələr, yalnız bu zaman ABŞ-Azərbaycan münasibətlərinin korlanmasından danışmaq olar.
Bu da YAP hakimiyyətinin siyasəti. Əslində, Azərbaycanın bu vəziyyətə düşməsinin əsas səbəbi ölkəni siyasətçilərin deyil, alverçilərin idarə etməsidir. Bunlar üçün bütün dəyərlər, qlobal siyasət “al-ver”dən ibarətdir. Hakim partiyanın əsas siması deyir ki, millət vəkilinin təbliğatı əsas deyil. Belə çıxır ki, hakimiyyət komandası içkili adamların toplaşdığı kafenin günündədir.
Əslində vəziyyət belədir ki, hakimiyyət gecə-gündüz ABŞ-ı, Avropanı söyməklə daxili auditoriyaya “mən Herakl”am mesajı vermək istəyir. Amma artıq xalq da bilir ki, bu hakimiyyət “evdə xoruz, çöldə fərə” misalının canlı təcəssümüdür.
Sekuta ilə görüşdə Con Kerri məsələsinin müzakirə edilməməsinə gəlincə, bu da hakimiyyətin arqumentsizliyi ilə bağlıdır. Bilirlər ki, qarşılarına elə faktlar qoyulacaq ki, dilləri topuq vuracaq.
Müxtəsər, Azərbaycan hakimiyyəti ölkəni “şuluq uşaq” təfəkkürü ilə idarə edir və özü də bilmir ki, “balans”ı necə qorusun. Bunların siyasət fəlsəfəsi üzdə söyüb, kənarda üzr istəməkdən ibarətdir.
Telekanalları ABŞ-da hansısa qaradərilinin döyülməsi ilə bağlı xəbərlər zəbt edib. Guya, ABŞ-da qaradərilinin döyülməsi, Azərbaycanın ağ dərili vətəndaşlarına zülm etməyə haqq qazandırır. Artıq hakimiyyət “biz yaxşıyıq” təbliğatı deyil, “bizdən pisləri də var” təbliğatı aparmaqla məşğuldur.
Ölkə bu qədər qeyri-ciddi insanların əlindədir.
S,Novruz