Bu gün Əli Kərimlinin 50 illik yubileyidir. Əli bəy haqqında yazılan təbrikləri oxudum. Əslində, onun şəxsiyyətini, lider kimi xarakterini, insan kimi psixologiyasını ifadə etmək üçün bu təbriklər yetərli deyil. Çünki qısa mətnlərdə ancaq çox ümumi cəhətləri sığışdırmaq mümkündür. Ona görə də bu təbriklər ancaq hamının bildiklərini xatırlatmaqdır. Mən isə kənardan görünən Əli Kərimlini deyil, sədrlik etdiyi partiyadan, iş prosesində görünən Əli bəy haqqında fikirlərimi bölüşmək istəyirəm. Əli bəyin komandasında olmaq təkcə ona görə çətin deyil ki, o iqtidarın əsas hədəfindədir və onunla birgə olanlara da vaxtaşırı bu təzyiqlərdən “səxavətli” pay düşür. Xarakteri, mübarizliyi və iradəsi olanlar üçün Əli bəyin yanında olduğuna görə qismətinə düşən basqıları qəbul etmək elə də çətin deyil. İnanın ki, ən çətini onun işgüzarlığına, bitməyən tələbkarlığına və işə məsuliyyətli münasibətinə dözməkdir. O çox intizamlı, tələbkar, peşəkar menecerdir. İqtidarın bütün basqılarına, bitməyən təzyiq və represiyalarına baxmayaraq, bir zamanlar parçalanıb demontaj edilmək üçün “cərrahiyyə stoluna çıxarılmış” AXCP-ni, ölkənin ən güclü müxalifət partiyasına çevirə bilməsi, təkcə Əli bəyin iradəsi, cəsarəti, intellekti sayəsində mümkün olmayıb. O, ən çətin situasiyalarda qəbul etdiyi doğru qərarların icrasını ustalıqla təmin etməyi bacaran idarəçilik qabiliyyətinə sahibdir. Onun yanında olub baş girələmək mümkün deyil, çünki o hər kəsi çox məharətlə təşkilat işi üçün işlətməyi bacarır. Onun bu idarəçilik qabiliyyəti təkcə AXCP – nin idarə olunmasında deyil, Milli Şuranı demontaj etməyə çalışan hakimiyyətin niyyətlərinin boşa çıxarılmasında da özünü göstərdi.
Əli bəyin siyasətdə heç vaxt kimsəyə qısqanc yanaşdığını, kimlərinsə qarşısına daş itələdiyini görmədik. Başqaları üçün ancaq ibarə olan ümumi mənafe ondan ötrü siyasi fəaliyyət kredosu hesab olunub. Şəxsən ona qarşı hansısa vaxtlarda haqsızlıq edən çox sayda insanlara belə rejimə qarşı mübarizədə səmimi olduqları üçün hiss etdirmədən dəstək verdiyinin, meydan yaratmağa çalışdığının şahidi olmuşam. Onun intellektual imkanları, dəmir məntiqi hər zaman ona təbii üstünlük saxladığından heç vaxt rəqabətdən qorxmayıb, fərqli fikirlərə dözümsüz yanaşmayıb. Əksinə, hər zaman fərqli fikirlərə heyrət ediləcək dözüm göstərərək öz fikrini açıq müzakirədə sübut etməyə, tutarlı arqumentlərlə qarşı tərəfə qəbul etdirməyə çalışıb. Heç vaxt status və liderlik mövqeyindən iradəsini qəbul etdirmək üçün istifadə etməyib. Buna görə də AXCP-nin rəhbər qrumlarında qərarlar həmişə çox açıq və səmimi müzakirələr şəraitində qəbul edilib.
Mən onunla birgə olduğum dövrdə Əbülfəz Elçibəydə müşahidə etdiyim bir xüsusiyyəti hər zaman hiss etmişəm. Gənclərə münasibətdə hər zaman qəribə bir qayğıkeşlik, himayədarlıq görmüşəm Əli bəydə… Gənclər özləri də hiss etmədən xalq üçün siyasətçi və gələcək liderlər yetişdirmək missiyasını bir müəllim kimi onun necə səbr və inamla, sevgi ilə həyata keçirdiyinin hər zaman şahidi olmuşam.
Əli bəyin “zəif yeri” lider soyuqqanlılığı ilə ətrafındakıları qurban verə bilməməsidir. Onun insanlara, xüsusi ilə də ədalətli və mübariz insanlara necə dəyər verdiyini, onların siyasi mübarizədə üzləşdikləri mərhumiyyətləri necə ağrı ilə qarşıladığını müşahidə etmək heç də asan deyil. Dəfələrlə siyasi məhbusların ailəsinə, həbsxanada onların özünə qayğı göstərilməsi ilə bağlı işləri necə detallı şəkildə diqqətdə saxlamasını gördükcə düşünmüşəm ki, görəsən bu insanlar Əli bəyin onlara bu diqqətini təsəvvür edə bilirlərmi? Ancaq onlar çox vaxt bundan xəbərsiz olublar, çünki Əli bəy etdiklərinin bilinməməsinə çalışıb, bunu minnət kimi deyil, bütün insanlara sahib çıxmaq missiyasını daşıyan bir liderin insanlıq borcu kimi edib. Hətta bir çox hallarda həbsdən çıxıb haqqı yerə vuranlar da olub, amma Əli bəy bu missiyasını davam etdirməkdən heç vaxt vaz keçməyib.
Bu iqtidar tərəfindən Əli bəyə qarşı çox təzyiqlər, namərdliklər olub. Ancaq onun bu haqsız hücumlar barədə danışarkən əsəbləşdiyini görməmişik, bütün bunlara apardığı mübarizəyə verilən düşmən qiyməti kimi baxıb. Ancaq daxili müzakirələr zamanı xalqın başına gətirilən fəlakətlərə, sərvətlərinin talan olunmasına, insanların haqqının əlindən alınmasına görə necə qəzəblə reaksiya verdiyini çox görmüşəm.
Mən bu görünməyən tərəfləri çox sadalaya bilərdim, ancaq ölkənin tanınmış jurnalistlərinin birinin sözü ilə bitrirəm.
Milli Şuranın AB –yə inteqarsiya ilə bağlı keçirdiyi tədbirdə Əli bəyin çıxışndan sonra icazəsini almadığım üçün adını çəkmədiyim jurnalist dedi ki, “ hazır prezidentdir, hakimiyyətə gəlsə idi bizi də, bu iqtidardakıları da, xalqı da idarə edərdi, bizim də canımız çəkdiklərimizdən qurtraradı".
Elə bu sözlərlə də bitrib, 50 illik yubileyiniz mübarək, Ustad, deyirəm.