Hakimiyyət Con Kerrini Azərbaycanda çevriliş hazırlamaqda suçladı
Dünən bir sıra hakimiyyətyönlü saytlarda ABŞ-ın ünvanına ciddi ittihamlarla dolu məqalə yerləşdirilib. Məqalədə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının pozulması məqsədilə ciddi planın işə düşdüyü vurğulanır. Azərbaycana demokratiya, insan hüquqları ilə bağlı yönələn təzyiqləri məhz bu planın tərkib hissəsi sayan məqalə müəlliflərinin iddiasına görə prosesə ABŞ dövlət katibi Kerri rəhbərlik edir. Məqalədə vurğulanır ki, Azərbaycana qarşı bu kampaniyanın aparılması isə ABŞ-dakı National Endowment for Democracy təşkilatına həvalə edilib.
Con Kerriyə çevriliş ittihamı
Məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq: “Təsadüfi deyil ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, Avropa Oyunlarını ”boykot" çağırışları edilir. Idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkündürsə, Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata keçirilir".
Yazıdakı mülahizələr hakimiyyətdəki “etibarlı” mənbəyə istinad edilərək irəli sürülür. Bu prosesə bir sıra QHT rəhbərlərinin cəlb edildiyinin vurğulandığı məqalədə məqsədin Azərbaycanda hakimiyyət dəyişikliyi olduğu etiraf edilir. Hətta Milli Şuranın da bu planda yer aldığı iddia edilir: “Bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyimiz sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan verib. ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda ”5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir. Bu ayın əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “milli şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir".
Hakimiyyəti ifşa edən xaricdəki fəallar hədəfə alınıb
Yazıda açıq şəkildə ondan narahatlıq ifadə olunur ki, Azərbaycanda keçiriləcək beynəlxalq oyunlar dünya ictimaiyyətinin diqqətini ölkəmizə yönəltmiş olacaq. Bu tendensiya isə Azərbaycan hakimiyyətinə yaxşı heç nə vəd etmir. Çünki beynəlxalq aləm ölkə reallıqlarını tam çılpaqlığı ilə görmək şansı əldə edəcək. Məqalədə daha sonra vurğulanır: “Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın International Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, Index on Gensorship, Article XlX, International Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, Insan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib. Görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda l Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə Ismayılova, Intiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib”.
Məqalədə eyni zamanda iqtisadçı, QHT rəhbəri Zöhrab Ismayılın da adı hallanır. Z.Ismayıla qarşı irəli sürülən ittihamlar, özünə məxsus “arqumentlərlə” əsaslandırılmağa çalışılır. Z.Ismayıla bu layihədə xüsusi “missiya” tapşırıldığı vurğulanır: “Təkliflərə əsasən, sənəddə ”siyasi məhbus" kimi təqdim olunan şəxslərin həyat hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması, hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma kampaniyasının təşkili, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli məlumatların dövriyyəyə buraxılması, idman obyektlərinin müasir standartlara cavab verməməsi, Avropa Oyunlarına çəkilən xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər tədbirlər daxil edilib. Məsələn, hazırda Praqada olan “Azad Iqtisadiyyata Yardım” IB-nin sədri Zöhrab Ismayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub. Internetdə isə kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi təmin edilməlidir. Məsələn, karikaturaların hazırlanması Emin adlı şəxsə tapşırılır, Atilla adlı digər şəxs isə məhbusların həyat hekayəsini yazmalıdır. Infoqrafikanı Zöhrab Ismayıl, Anar, Melodi və Emin adlı şəxslər həyata keçirir, layihə əlaqələndiricisi Domi Gulya isə işə cəlb olunacaq jurnalistlərin siyahısının hazırlanmasına rəhbərlik edir. Beynəlxalq səviyyədə aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq medianın diqqətini idman yarışlarından ayıraraq başqa istiqamətə yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC və Al-Cazeera telekanalları vasitəsilə yayılması, Avropa siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin siyahısı tərtib olunur".
Eyni məqalə müxtəlif təqdimatlarda
Hakimiyyət beynəlxalq aləmdə onun real simasını ifşa edən sosial şəbəkə fəallarını da unutmayıb. Proyektdə onlara da xüsusi “rol” ayırıb: “Azərbaycana qarşı kampaniya 10 ay ərzində – martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya International Media Support (IMS) və Polşada yerləşən Helsinki Insan Haqları Fondu rəhbərlik edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət Institutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və IMS həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə, R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və Emin Hüseynov, Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif kampaniyalar təşkil edib. Məsələn, 2012-ci ildə ”Eurovision" mahnı müsabiqəsi zamanı bu trio “Demokratiya naminə oxu” kampaniyasını reallaşdırıb. Daha sonra isə “Demokratiya naminə incəsənət” kampaniyasına start verilib. Bundan başqa, R.Vinsent davamlı şəkildə xarici mediada Azərbaycan haqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallarla çıxış edib. Yəqin ki, bu “xidmətlərin” müqabilində R.Vinsent yeni anti-Azərbaycan kampaniyasının əsas fiqurlarından biri seçilib".
Azərbaycan hakimiyyətinə qarşı tənqidi məqalələrə, reportajlara yer vermiş nüfuzlu media strukturlarının adları “Azərbaycana qarşı reallaşan” proyekti təbliğ edəcək strukturlar sırasına salınıb. Vurğulanır ki, kampaniya Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KIV-lər olmaqla beynəlxalq mediada işaqlandırılacaq.
Məqalə ilə bağlı bir neçə məqam diqqət çəkir. Onlardan birincisi odur ki, məqalənin konkret olaraq hansı təşkilatın araşdırmasının nəticəsi olduğu anlaşılmır. Hakimiyyətin nəzarətində olan müxtəlif saytlarda yerləşdirilən yazı hər saytın öz araşdırması kimi təqdim olunur.
“Hakimiyyət gələcəyi ilə bağlı narahatdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, sözügedən məqaləni Ramiz Mehdiyevin bir müddət əvvəl ABŞ-a qarşı qələmə aldığı yazının ikinci hissəsi də adlandırmaq olar. Məqalənin sovet zehniyyəti ilə yazıldığını deyən F.Qəhrəmanlı bildirib ki, əgər yazıdakı “Azərbaycan” sözü “Şimali Koreya” ilə əvəz edilsə, məzmuna heç bir xələl gəlməz. Çünki yazıda Şimali Koreya rejiminin Qərbə qarşı səsləndirdiyi tezislər, eyni dünyagörüş, eyni yanaşma yer alıb: “Bu yazıya bütövlükdə Avropa, Qərb xofu hakimdir. Bu günə qədər vətəndaş cəmiyyətinin təmsilçilərinə qarşı qondarma cinayət işləri uyduran hakimiyyət indi də yeni bir mərhələyə keçib. Artıq qondarma çevriliş planları dövriyyəyə gəlir. Bu da görünür onunla bağlıdır ki, iqtisadi tənənzülün ağırlaşması, hökumətin fəaliyyəti üzündən bu iqtisadi böhranın dərinləşməsi hakimiyyətin öz gələcəyi ilə bağlı vahiməsini, narahatçılığını artırır. Ona görə bu cür uydurma çevriliş planları ilə bundan sonra da davam edəcək repressiya siyasəti üçün bir növ zəmin hazırlamağa çalışırlar. Siyasi məhbuslar problemi, ələlxüsus Intiqam Əliyev və Rəsul Cəfərovun barəsində çıxarılan hökmlərlə bağlı beynəlxalq birliyin kəskin reaksiya verməsi hakimiyyəti pərt vəziyyətə salır. Beynəlxalq reaksiyaları Azərbaycan dövlətçiliyinə yönəlmiş bir təhlükə kimi təqdim etməklə hakimiyyət bu pərtliyi gizlətməyə çalışır”.
Hakimiyyətin bir tərəfdən Avropa Oyunlarına ev sahibliyi etdiyini, amma digər tərəfdən Avropanı təhlükə mənbəyi kimi təqdim etməyə çalışdığını deyən F.Qəhrəmanlı bildirib ki, əgər Qərb Azərbaycan üçün belə bir təhlükə törədirsə, niyə Azərbaycan bu oyunları keçirir. F.Qəhrəmanlının sözlərinə görə, siyasi-texnoloji baxımdan bu yazı hakimiyyətin əleyhinə yönəlib. Çünki yazının ruhundan belə görünür ki, bütün dünya əlbir olaraq Azərbaycanda hakimiyyət dəyişikliyi etməyə hazırlaşır: “Dünyada tanınan bütün təşkilatların, Avropa dövlətlərinin bu planın içində yer almasından bu nəticə çıxır ki, bu hakimiyyət sadəcə olaraq bitib. Dünyadan təcrid olunmuş, bütün dünyanı özünə təhlükə sayan hakimiyyət Azərbaycanı hara aparır? Məqaləddən görünür ki, hakimiyyət düşdüyü vəziyyətdən təlaş keçirir. Bu təlaşın da nəticəsi yazıda ifadə olunur ki, bütün dünya, bütün Avropa ona qarşıdır”.
F.Qəhrəmanlının fikrincə, bu yazının meydana çıxması həm də onunla bağlıdır ki, Avropa Oyunları ərəfəsində beynəlxalq aləmin ölkəmizə diqqəti artıb. Nəticədə ölkəmizdəki siyasi repressiyaların, insan haqlarının boğulmasının, korrupsiya hallarının tənqidi artıb. F.Qəhrəmanlının qənaətincə, hakimiyyət bu məqaləni dövriyyəyə buraxmaqla öz aləmində qabaqlayıcı addım atıb: “Hakimiyyət bununla da Qərbi şantaj edir ki, tənqidlər artacağı, davam edəcəyi təqdirdə iqtidar hamıya qarşı müharibə aparmağa hazırdır”.
Məqalədə bu kampaniyanın Kerrinin rəhbərliyi altında keçirildiyi ilə bağlı ittihamlara gəlincə isə, F.Qəhrəmanlıya görə, məqalədən aydın görünür ki, səslənən fikirlər hər hansı gerçək mənbəyə əsaslanmır. Və hakimiyyətin daha çox qorxularını, təxəyülünü əks etdirir: “Demokratik institutların fəaliyyətləri xüsusi xidmət orqanları tərəfindən deşifrə olunmuş əməliyyatlar kimi təqdim olunur. Halbu ki, petisiyaların hazırlanması, müraciətlərin olması , korrupsiya ilə bağlı hesabatların hazırlanması, dinləmələrin keçirilməsi və sair fəaliyyətlər demokratik mübarizə üsulunun tərkibinə daxildir. Heç bir demokratik hakimiyyət bu fəaliyyəti özü üçün təhlükə saymır. Yalnız diktaturalar bunu özlərinə ciddi təhlükə hesab edirlər və ölkəyə qarşı düşmən fəaliyyəti kimi təqdim edirlər. Bu cür fəaliyyətlərin çevriliş, dövlətə qarşı fəaliyyət kimi təqdim olunması onu göstərir ki, hər hansı reallığa əsaslanan yanaşma yoxdur. Hakimiyyətin leksikonu bu yazının irəli sürülən sənədlərin saxta olduğunu deşifrə edir”.
Məqalədə Kerrinin ermənipərəst kimi təqdim olunmasına da diqqət çəkən F.Qəhrəmanlı vurğulayıb ki, əgər hakimiyyətin narahatlığı ermənipərəst mövqeyə görədirsə, o zaman sual yaranır dövlətçilik marağından çıxış etdiklərini iddia edən müəlliflər nəyə görə Putinin “erməni soyqırımı”na görə Yeravana səfərini, onun bəyanatlarını görməzlikdən gəlirlər. “Bu zaman sual yaranır. Kimin fəaliyyəti dövlətçiliymizə qarşı yönəlib. Kerrinin yoxsa Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistanı müdafiə edən Putinin fəaliyyəti? Buradan aydın olur ki, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq demokratik tələblər məsələsində Amerika güzəştə getməyib. Münasibətləri normallaşdırmaq perspektivi aradan qalxdığına görə, hakimiyyət bu cür siyasətə əl atıb”, – deyə F.Qəhrəmanlı vurğulayıb.
Bir müddət əvvəl ABŞ-ın bir qrup tanınmış şəxsinin imzası ilə dövlət katibinə müraciət etdiyini xatırladan F.Qəhrəmanlı bildirdib ki, müraciətdə Azərbaycana qarşı təzyiqlərin gündəmə gətirilməsi istənilmişdi: “Azərbaycan ABŞ-ın demokratiya ilə bağlı istəklərini yerinə yetirmədiyinə görə münasibətlərdəki böhran daha da dərinləşəcək. Elə məqalədə o açıq şəkildə vurğulanır ki, guya ABŞ-da hazırlanan məxfi planda Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqi, bank hesablarının dondurulması və sair məsələlər əksini tapıb. Bütün bunlar məxfi planın tərkib hissəsi deyil. Bu məqamlarla bağlı açıq müraciətlər olub. Bu addımlar avtoritar rejimlərə qarşı tətbiq olunan vasitələrdir. Demokratik islahatlar getmədikcə, hakimiyyət öz mövqeyindən geri çəkilmədikcə, bu addımlar ABŞ-ın gündəminə gələ bilər. Ona görə bir növ qabaqdan gəlmişlik edərək atıla biləcək addımların hakimiyyətin fəaliyyəti ilə əlaqəli olmadığını əsaslandırmağa çalışırlar. Guya Azərbaycan dövlətinə qarşı xüsusi bir çevriliş planı var və bunun üstü açılıb. Proseslər Azərbaycan ictimaiyyətinə məhz bu cür təqdim olunmağa çalışılır. Amma sual olunur ki, hakimiyyət bu cür təlaş keçirməkdənsə, nədən siyasi repressiyaların qarşısını almır? Nəyə görə mətbuata qarşı olan basqılar dayandırılmır? Siyasi fəaliyyət azadlıqlarının məhdudlaşdırılması davam edir. Halbuki bütün bu addımlar atılacağı təqdirdə beynəlxalq tənqidlər üçün də heç bir əsas olmayacaq. Deməli hakimiyyət özü etiraf edir ki, ölkədə bu problemlər var. Onların dilə gətirilməsi də onun üçün təhlükədir”.
Hikmət