NATO çevik qüvvələrinin sayını artıraraq 13 mindən 30 minə çatdıracaq. Bu barədə qurumun baş katibi Yens Stoltberq Portuqaliyanın xarici işlər naziri Rui Maşete ilə birgə mətbuat konfransında məlumat verib. Baş katib Avropanın təhlükəsizlik sahəsində kəskin dəyişmiş vəziyyətlə üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı aqressiv addımları ilə beynəlxalq təhlükəsizlik qaydalarını pozub. Buna cavab olaraq NATO da alyansdakı bütün müttəfiqlərini qorumaq üçün səfərbər olunur.
Yens Stoltberq xatırladıb ki, çevik qüvvələrin tərkibində 5 min nəfərlik yüksək hazırlıqlı qrup olacaq. Portuqaliyanın prosesdə ciddi rol alacağını deyən baş katib bu ölkəni NATO-nun sadiq müttəfiqi adlandırıb.
Xatırladaq ki, ötən həftə NATO ilə Ukrayna arasında dəstək sazişi imzalanıb. Ukrayna prezidenti Pyotr Poroşenko NATO-ya daxil olmaq üçün öləkəsində referendum keçirəcəyini bildirib.
ABŞ dövlət katibi Con Kerri isə bəyan edib ki, NATO-nun mayın 13-14-də Türkiyədə keçiriləcək sammitində əsas müzakirə mövzularından biri Rusiyanın Ukraynadakı addımları olacaq. Kerrinin sözlərinə görə, xarici işlər nazirlərinin qatılacağı sammitdə NATO-nun münaqişəyə dair atacağı addımlar da müəyyənləşdiriləcək.
Gültəkin