elnurastanbeyli@gmail.com
Təqvimdə bu gün – 28 aprel Xalq Cümhuriyyətinin süqut günüdür. Bu gün hamı ağız-ağıza verib 95 il öncə müstəqilliyimizin itirilməsindən odlu-alovlu şəkildə, bəzəkli sözlərlə, pafosla danışacaq, cəmi 25-30 il öncəyədək Sovet quruluşunu mədh və vəsf etməkdən yorulmayanlar, bunun sayəsində də hər cür imtiyaz qazananlar, parlaq karyera quranlar daha çox canfəşanlıq edəcəklər, guya ürəklərinin dərinliyində heç bir zaman Sovet işğalı ilə barışmadıqlarını, qəlbən kommunizmə nifrət etdiklərini söyləyəcəklər.
Ya da bu gün Azərbaycanın qapalı ölkəyə çevrilməsinə, insan hüquq və azadlıqlarının ayaq altına atılmasına, ölkənin sərvətlərini bir ovuc adamın sömürməsinə haqq qazandıranlar Sovet sisteminə qarşı qəzəb püskürəcək, onu böyük bir şövqlə baltalayacaqlar.
Bir sözlə, riyakarlıq, qeyri-səmimilik, çoxüzlülük fontan vuracaq, ağlı başında olan hər kəs üçün isə əsl ürəkbulanma yaşanacaq.
Bəli, 95 il öncə Sovet işğalı ilə Azərbaycan tarixində ikili bir səhifə açıldı. Bir tərəfdən nəhəng aydınlar ordusu məhv edildi, onların əvəzinə sadəcə, “ləbbeyk” deməyi bacaran “ziyalılar” yetişdirildi. Digər tərəfdən mədəni inqilab yaşandı. Azərbaycanda savadsızlığın ləğvi məhz bu dövrün əsəridir. Amma bu da həmişə mübahisə predmeti olacaq: düzdür, o illərdə insanlara yazıb-oxumaq öyrədilirdi, amma insanlara həm də nəyi yazıb-oxuyacaqları təlqin edilirdisə, savadsızlığın ləğvi hansı effekti verə bilərdi?
Biz bu gün hər sahədə Sovet dövrünün yetişdirdiyi, savad verdiyi və karyera imkanı yaratdığı dar təfəkkürlü, hər cür fərqli fikirə, alternativ baxışa, tənqidçi mövqeyə, müxalif ruha nifrət edən, onu sıradan çıxarmağa çalışan insanlarla qarşı-qarşıyayıq. Onlar azad və ləyaqətli gələcəyin qarşısında nəhəng, aşılması zor divarlara, maneələrə çevriliblər. Onlar psevdo olan hər şeyi qoruyub-saxlamağa, yeni olan bütün təşəbbüsləri boğmağa çalışırlar.
Amma hər halda Sovetlər dövrünü birmənalı şəkildə qaralamaq, onu yalnız qara rənglərlə təsvir etmək də doğru deyil. Şərti olaraq “müstəqillik” adlandırdığımız son 20-25 illik dönəmə baxdıqda adam həmin dövrün, ümumiyyətlə, başa çatmadığı qənaətinə də gəlir.
Hə, bu gün hamı 95 il öncə 28 apreldə Cümhuriyyətin süqutu ilə müstəqilliyimizin əldən getməsindən yana-yana danışacaq, amma görəsən, nə qədər adam oturub soyuq başla bunu düşünəcək: axı bəs indi niyə bizim toplum müstəqillik anlayışından iyrəndirilmiş vəziyyətdədir? Meydan hərəkatında iştirak edənlər, müstəqilliyin qazanılmasında əməyi keçənlər niyə indi məclislərdə qınaq və ironiya hədəfinə çevrilirlər? Adamlar onlara ya ironiya, ya da ikrahla belə deyirlər: “Çox müstəqillik-müstəqillik deyirdiniz, alın, bu da sizə müstəqillik. Əli aşından da olduq, Vəli aşından da. Sovet vaxtı azadlıq yox idi, amma heç olmasa, çörək vardı. Moskvaya əl boyda şikayət yazırdın, tökülüşüb gəlirdilər, indi lap get özünü Prezident Administrasiyasının qabağında yandır, kimsə maraqlanmayacaq ki, dərdin nədir? Buna görə özünüzü meydanlarda həlak eləyirdiniz?!”.
Səmimi danışaq: aranızda bu cür sözləri eşitməyən bircə adam varmı? Bəli, yaptokratiya elə bir vəziyyət yaratdı ki, insanlar artıq müstəqilliyin önəmi, dəyəri haqqında danışanda gülürlər, ölkənin xirtdəyəcən çıxan problemləri, qayğıları, baş alıb gedən haqsızlıqlar, ədalətsizliklər onlarda müstəqilliyə qarşı nihilist və ironiyalı münasibət yaradıb.
Bu gün rus işğalının 95-ci ildönümündə ən çox danışılmalı, dartışılmalı mövzu bu olmalıdır. Niyə keçən əsrin əvvəllərində zor gücünə itirilən müstəqillik yaşadığımız əsrin əvvəllərində heç bir top-tüfəngsiz, heç bir Qızıl Ordusuz-filan, xalqın gözündə parodiyaya çevrilib, yadlaşıb, ögeyləşib? Niyə 28 may heç bir kütləvi həyəcan, sevinc yaratmır, o hətta Sevgililər gününün belə, kölgəsindədir… Niyə insanlar üçün 18 oktyabr heç bir anlam ifadə etmir, çoxluq onun hansı hansı hadisə ilə əlamədar olduğunu unudublar, xatırlamırlar…
Unutmayın: müstəqillik bəzən hansısa xarici müdaxiləsiz-filan, bax elə beləcə də – insanlar ondan iyrəndirilərək, insanlar ona yadlaşdırılaraq da itirilə bilir.