Aprelin 27-də AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin həbs müddəti başa çatıb. Ruslan Nəsirli aprelin 7-də polisin qanuni tələbinə əməl etməməkdə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. Gənc fəal “Azadlıq”a açıqlamasında həbsini belə dəyərləndirib:
“20 günlük həbsdən sonra yenidən mübarizə yoldaşlarımla birlikdə olmağıma şadam. Bu, mənim ikinci həbsim idi. Bu dəfəki həbsim də siyasi fəaliyyətimlə bağlı idi. Haimiyyətin bu hərəkəti nə qədər pis, qanunsuz olsa da, mənim üçün yaxşı tərəfi var. Belə ki, azadlıqda olanda sıx olan gündəliyi bədii kitalar oxumağıma imkan vermirdi. Bu 20 gün ərzində 20-ə yaxın bədii kitab oxumağa müvəffəq oldum. Bu kitablar mənim dünya görüşümün genişlənməsinə, nitqimin inkişafına böyük töhfə vermiş oldu. Milli Şura mayın 3-nə növbəti “Talana son” aksiyası təyin edib. Bu mitinqin kütləviliyi üçün təmsil olunduğum AXCP Gənclər Komitəsi fəalları ilə birgə mitinq hazırlıqlarına başlamışam. Hesab edirəm ki, Azərbaycan gəncliyi 3 may mitinqində xüsusi fəallıq nümayiş etdirməlidir. Bu baxımdan gəncləri ölkədə baş verən haqsızlıqlara biganə qalmamağa, taleyimizin həlli uğrunda aparılan mübarizədə bizimlə birgə addımlamağa səsləyirəm".