Azərbaycanda fəaliyyət göstərən banklar devalvasiyadan sonra 2015-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlamaqdan utanırlar.
“Marja” xəbər verir ki, birinci rübün başa çatdığı 31 Mart tarixindən 27 gün keçməsinə baxmayaraq, hələ də 45 bankdan 30-u rüblük maliyyə nəticələrini açıqlamayıblar.
Qeyd edək ki, maliyyə nəticələrini saytlarına yerləşdirən bankların çoxu birinci rüb üzrə zərər açıqlayıblar.
Zərəri bəyan etməyi “özünə sığışdırmayan” banklar vaxtı uzatmaqda davam edirlər.
Azərbaycan Mərkəzi Bankı da yanvar-mart ayları üzrə statistik məlumatları hələ də açıqlamayıb. Hətta, Fevral ayı üzrə bir çox məlumatları açıqlayan Mərkəzi Bank, “Bank fəaliyyətinin maliyyə nəticələri” adlı statistik göstərəciləri yeniləməyib. Bu göstərici, mənfəət və zərərlə işləyən bankların sayını, əldə etdikləri mənfəəti və etdikləri zərəri göstərir.
Banklar bildirirlər ki, maliyyə nəticələrinin açıqlanması onların müştərilərində, xüsusilə əmanətçilərdə inamsızlıq yarada bilər. “Mətbuat mənfi göstəriciləri yazdıqda sadə əmanətçilər bankdan əmanətlərini geri götürürlər”, – banklardan bildiriblər.
Qeyd edək ki, rüblük maliyyə nəticələrini açıqlamaqdan çəkinməyən banklar, şəffaflığa, maliyyə hesabatlarının beynəlxalq standartlarına böyük önəm verən, müştərilərinə, investorlara və səhmdarlarına daha çox hörmət edən banklardır. Ümid edirik ki, bütün banklar biznesin “dalğalı” yolla getdiyini dərindən dərk edərək, gələcəkdə maliyyə nəticələrinin açıqlanmasını ayıb saymayacaqlar.