Dəyərli oxucular! Qaranlıqda işıqlar” silsiləsindən yazacağım yazıların məqsədi Azərbaycanda Axundovla başlayan və XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək zaman bölümünü əhatə edən, tariximizin ən parlaq səhifələrindən biri, hətta birincisi olan maarifçi dalğanı sizə bu günümüzün pəncərəsindən anlatmaq, öz işıqlı əməlləri ilə milləti aydınlandırmağa çalışan, həyatlarını bu yolda şam kimi əridən fədakar insanlarımızı, onların misilsiz xidmətlərini sevgi və sayğı ilə anmaq, bu vəsilə ilə indinin özündə də əşhədü ehtiyac duyduğumuz maarifçilik ideyalarını önə çıxarmaq, bir ölkənin və millətin təhsilsiz və mədəniyyətsiz heç bir gələcəyinin olmadığını xatırlatmaqdır.
Elnur Astanbəyli
109 il öncə Azərbaycanda dövrünün işıqlı insanlarından biri Mahmudbəy Mahmudbəyovun redaktorluğu ilə “Rəhbər” adlı jurnalın nəşri başlayır. Öncə Mahmudbəy Mahmudbəyov haqqında bir neçə kəlmə. O, Qori Müəllimlər Seminariyasının məzunlarından idi. Seminariyanı bitirərkən 20 yaşı vardı.
Mahmudbəyov millətin xoşbəxtliyinin təhsil və mədəniyyətdən keçdiyinə inanırdı. Elə ona görə də Qori Müəllimmlər Seminariyasından məzun olduqdan sonra bir neçə il Bərdədə, Tərtərdə, Şamaxıda müəllimlik etmiş, 27 yaşında Bakıya köçmüş və ömrünün sonuna – 1923-cü ilədək burada yaşamış və müəllimliyə davam etmişdi.
Xalq Cümhuriyyəti zamanında – 1919-cu ildə Maarif Nazirliyi yanında hökumət islahat komissiyası yaradılmışdı, onun vəzifəsi növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə hökumət proqramını hazırlamaq idi. Həmin komissiya üzvləri arasında Mahmudbəy Mahmudbəyov da vardı. Hərçənd Cümhuriyyətin devrilməsi ilə bu komissiya da tarixin arxivinə gömülsə belə, ilyarımlıq fəaliyyəti ərzində o bir neçə mütərəqqi addımın atılmasına nail olmuşdu.
1922-ci ildə Mahmudbəy Mahmudbəyovun başçılığı ilə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə, Rəşid bəy Əfəndizadə “Yeni türk əlifbası” adlı dərslik hazırladılar.
Mahmudbəyov Azərbaycanda ilk dərsliklərin müəlliflərindən biridir. Özəlliklə “Yeni əlifba” kitabını qeyd etməyə dəyər. Onun redaktorluğu ilə 1906-cı il sentyabrın 24-də nəşrə başlayan “Rəhbər” jurnalını isə ayrıca vurğulamalıyıq. Əslində bu yazının yazılma səbəbi də “Rəhbər”in ilk sayındakı baş məqalədir.
“Rəhbər”in dərc edilməyə başladığı dövrdə Azərbaycanda xalqın maarifləndirilməsinə, onun elmə, təhsilə ruhlandırılmasına çalışan çox sayda aydınların əzmi, fədakarlığı ilə davam edən maarifçi hərəkatın ən qızğın illəridir. Bu jurnal həmin aydınların millətin gələcəyi ilə bağlı mütərrəqi fikirlərini bölüşürdü.
“Molla Nəsrəddin” jurnalında işıq üzü görən “Bəşarət” adlı felyetonda “Rəhbər”in məqsəd və məramları təqdir edilir, eyni zamanda “Irşad”, “Həyat” və “Dəbistan”ın qarşılaşdığı abunəçi azlığının onu da gözlədiyi öncədən təəssüflə qeyd olunurdu.
Dərgidə yalnız təhsil və təlim-tərbiyə məsələləri ilə bağlı deyil, ictimai mövzularla bağlı da yazılar, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. Jurnalın müəllifləri arasında dövrünün bir çox parlaq maarifpərvər insanları var idi: Firudin bəy Köçərli, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə (onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərsliklərdəndir, tez-tez Istanbula gedir və hazırladığı dərs kitablarını burada min zəhmət ilə çap etdirir, eyni zamanda səhnə əsərləri yazır, bunları birinci növbədə məktəb səhnələrində qoyur, hətta özü də aktyor kimi iştirak edi), Abbas Səhhət, Azərbaycanın görkəmli maarif xadimlərindən, ilk lüğətlərimizi hazırlayanlardan biri Sultan Məcid Qənizadə və başqaları vardı.
“Rəhbər”in valideynlər üçün əlavəsi də var idi. Bu əlavə valideynləri öz övladlarının təhsil almalarına həvəsləndirmək, xalqda savadlanmaya maraq və həvəs yaratmaq məqsədi güdürdü, çünki dərgini çıxaranlar ata-anaların cəhalət və xürafat qaranlığına qərq olmuş şüurlarının yalnız maarifin, bilginin nuru, ziyası ilə aydınlana biləcəyinin fərqində idilər. Belə valideynlərin övladlarının isə elmə, təhsilə maraq və həvəsi daha çox olur.
Gəl gör ki, “Rəhbər”lə bağlı “Molla Nəsrəddin” jurnalının təxmini çox erkən baş tutdu, “Rəhbər”in cəmi 5 nömrəsini dərc etmək mümkün oldu və o 1907-ci ildə qapanmaq məcburiyyətində qalmışdı. Amma bu dərginin səhifələrində günümüzdə belə öz dəyərini saxlayan məqalələr oxumaq mümkündür. Elə onun ilk sayının baş məqaləsi kimi.
Həmin məqalədə dərginin amacı belə açıqlanırdı: “Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik etməkdir”.
Baş məqalədəki bir parça isə günümüzdə belə, öz aktuallığını sözbəsöz, hərfbəhərf saxlamaqdadır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət tez-gec məhv olasıdır. Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol gücü ilə o biri zəif milləti özünə qul edirdi. Lakin indi bir millətin o birisinə ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir”.
Bu sətirlər çağdaş, modern, mədəni dünyanın hər nə qədər gerisində qalsaq da, niyə bir Əfqanıstan, bir Səudiyyə Ərəbistanı olmadığımızı da gözlər önünə sərir. 100-150 il öncə belə mütərəqqi düşüncəyə sahib işıqlı insanlarımızın varlığı bizim müsəlman coğrafiyasındakı digər toplumlarla müqayisədə bir addım önə çıxarır.
Milləti millət edən, onu irəli aparan yeganə güc – təhsildir, elmdir, mədəniyyətdir. 109 il öncənin “Rəhbər”i belə düşünürdü.
Bu gün Azərbaycana rəhbərlik edənlərin isə ölkədə təhsili və mədəniyyəti hansı acınacaqlı hala saldığı göz önündədir. Məmləkət bilərəkdən cəhalətin dərin bataqlığına gömülür, qatı qaranlığına sürüklənir. Ki, mövcud Sistem üçün onu istədiyi kimi idarə etmək, sömürmək daha rahat, daha asan olsun.
Bir sözlə, 109 il öncə “Rəhbər”in açıqladığı adi və aydın həqiqət bu günkü Azərbaycanda israrla təkzib edilir, yalanlanır – məqsədli, düşünülmüş şəkildə kütləvi savadsızlaşdırma siyasəti aparılmaqla!
Nə qədər acı, nə qədər ürəkağrıdıcı, nə qədər utancverici mənzərədir, deyilmi?
Görün hardan hara gəlmişik, daha doğrusu, gətirilmişik.