Hökumət inhisarı aradan qaldırmaq və digər qabaqlayıcı tədbirlər görmək əvəzinə borclanmaya üstünlük verdi
Samir Əliyev: «Neftin qiymətində bahalaşma olmayacaqsa, bizdə iqtisadi tənəzzül reallaşacaq»
Mərkəzi Bank “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişikliklər haqqında məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Mərkəzi Bankın kapital çatışmazlığının ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədinə xidmət edir.
“Mərkəzi Bankın kapital çatışmazlığı əsasən balansında olan xarici valyuta və qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərərin Bankın öz kapitalı hesabına ödənilə bilməməsi hallarında baş verə bilir. Yenidənqiymətləndirmə nəticəsində yaranan fərq daim dəyişən olduğundan qanuna edilən dəyişiklik zərər halında kapital çatışmazlığının aradan qaldırılmasını zərərin əmələ gəldiyi maliyyə ilindən sonra bir il təxirə salınmaqla dövlətin vəsaiti hesabına bərpasını nəzərdə tutur.
Eyni zamanda, dəyişiklik çatışmazlığın bərpa mexanizmini dəqiqləşdirməklə Mərkəzi Bankın kapital çatışmazlığının dövlətin buraxdığı qiymətli kağızlarla ödənilməsini müəyyən edir".
Daha bir mühüm qərar isə Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı təqdirdə onun ödənilməsi ilə bağlıdır. Vəsait çatışmazlığı dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Mərkəzi Bankın Idarə Heyətinin sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, bu qanun layihəsinə dəyişiklər əsas etibarilə Mərkəzi Bankın kapitalının formalaşması və kapital çatışmazlığı olduqda onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
Bəs qiymətli kağızların buraxılması hesabına yaranmış böhrandan çıxış yollarının yaranması nə dərəcədə düzgün seçimdir? Çünki bu yolla borclanmaya gedən MB daha sonra borcunu müəyyən faizlə qaytarmalıdır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, fevralın statistikası göstərir ki, nağd pul kütləsi xeyli azalıb. S.Əliyevin sözlərinə görə, pul bazarının həcmi 8.8 milyard təşkil edir. Bu baxımdan MB onsuz da nağd pul kütləsi əsasında öz kapitalını təmin edə bilmirdi. Ona görə yeni dəyişiklikdə bu limitin götürülməsi təklifi verilib: “Bu isə o deməkdir ki, bundan sonra hər hansı limit olamayacaq və Mərkəzi Bank mümkün olan kapital ilə fəaliyyət göstərə biləcək. Bu faktoru bank sektorunda olan gərginliyin bir elementi kimi qiymətləndirirəm. Mərkəzi Bank artıq bu istiqamətdə qabaqlayıcı tədbirlər atmağa başlayıb. Bank sektorunun timsalında ölkədə narahatlıq özünü göstərir. Biz iqtisadi tənəzzül mərhələsinə qədəm qoymuşuq. Neftin qiymətində bahalaşma olmayacaqsa, bizdə iqtisadi tənəzzül reallaşacaq. Ona görə də Mərkəzi Bank qabaqlayıcı tədbirlər görür. Lazım olan zaman manevr imkanları həyata keçirə bilsin. Kəsirin isə dövlət qiymətli kağızlar hesabına örtülməsi məsələsi də narahatedici və düşündürücü məqamdır”.
S.Əliyev bildirdi ki, yeni dəyişiklikdən sonra belə çıxır ki, MB-nin addımlarına artıq dövlət təminat verir. S.Əliyevin sözlərinə görə, bir qayda olaraq başqa dövlətlərdə banklar pul çap edir və hökumətin borcunu qapayır. Amma bizdə əks proses baş verir: “Mərkəzi Bankın borcu yaranacağı təqdirdə, dövlət onun ödənilməsini öhdəsinə götürür. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bank son illər dövlət büdcəsinə mənfəət vergisi də vermir. Halbuki 6-7 il bundan öncə Mərkəzi Bankın mənfəətindən ayırmalar nəzərdə tutulurdu. Amma hər bir halda hazırda atılan addımlar gələcəkdə yarana biləcək problemlərdən yayınmaq üçün bankın manevr imkanlarını artırmağa xidmət edir”.
Bir müddətdir ki, Mərkəzi Bankın buraxdığı notlar hesabına müəyyən miqdarda maliyyələşmə cəlb edə bildiyini deyən S.Əliyev vurğuladı ki, amma son aylar artıq Qiymətli Kağızlar Bazarında belə notlar yerləşdirilmir: “Düşünürəm ki, bunun əsas səbəbi həmin notların gəlirliyinin aşağı olmasıdır. Eyni zamanda banklarda manat olmadığından həmin notların alınması baş vermir. Ona görə Mərkəzi Bank artıq notları buraxmır. Səbəb onların faizinin aşağı olmasıdır”.
Oxşar problemlə Ipoteka Fondunun da üzləşdiyini deyən S.Əliyev vurğuladı ki, Mərkəzi Bank qiymətli kağızlarına alıcı tapmaq istəyirsə, faiz dərəcələrini artırmalıdır.
Xəyal