Hesablama Palatasının hesabatında maraqlı faktlar yer alıb
Hesablama Palatası Vergilər Nazirliyinin fəaliyyətini yoxlayıb. Qurumun hesabatında bildirilir ki, Vergilər Nazirliyinin Mingəçevir, Yevlax, Şəki şəhərlərini, Bərdə və Tərtər rayonlarını əhatə edən 11 saylı Ərazi Vergilər Departamentində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair audit keçirilib.
Müəyyən edilib ki, bəzi daxilolmalar üzrə proqnoz əvvəlki ilin proqnozu və icra göstəriciləriylə müqayisədə az müəyyən edilib, dövlət rüsumu, dövlət mülkiyyətində olan torpaqların icarəsindən daxilolmalar üzrə proqnozlar əsaslandırılmayıb. Yol və mədən vergiləri üzrə proqnoz müəyyən edilməyib, vergitutma bazasının artmasına baxmayaraq, əvvəlki illə müqayisədə yol vergisi üzrə daxilolmalar Mingəçevir və Bərdə üzrə dəfələrlə, hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmalar isə bütün şəhər və rayonlar üzrə azalıb. Hüquqi şəxslərin mənfəət vergisi ödəyicilərinin əhəmiyyətli hissəsinin vergi ilini zərərlə başa vurması, xeyli sayda vergi ödəyiciləri üzrə vergiyə cəlb olunan mənfəətin ümumi gəlirin cəmi 0,05-1 %-ni təşkil etməsi, dövriyyələri az olduğuna görə ƏDV qeydiyyatına alınmamış mənffət vergisi ödəyicilərinin mənfəətindən hesablanan vergilərin həmin vergi ödəyicilərinin dövriyyələrinin 2 faizdən (sadələşdirilmiş verginin Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlar üçün müəyyən edilmiş dərəcəsindən) dəfələrlə az olması, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və gəlir vergisinin ödəyiciləri olan, əsasən böyük məbləğdə dövriyyələrə malik və meyvə-tərəvəz məhsullarının ixracıyla məşğul olan fiziki şəxslərin gəlir və xərclərinin bərabər olması, xərcləri yalnız təqdim edilmiş məhsulların alış dəyərindən ibarət olmaqla həmin şəxslər tərəfindən dövlət büdcəsinə vəsait hesablanmamasının səbəbləri vergi nəzarəti tədbirləri ilə araşdırılmayıb.
Səməni pivəsinin istehsalıyla məşğul olan, gəlir və xərclərin uçotunu hesablama metoduyla aparan aksiz vergisi ödəyiciləri üzrə bəyannamələrdə gəlirin (aksiz çıxılmaqla) və ƏDV üzrə ümumi dövriyyənin (aksiz daxil olmaqla) məbləğinin bərabər məbləğdə göstərildiyinə, pivə istehsalı üçün zəruri olan elektrik enerjisi, yanacaq, su, nəqliyyat, rabitə, xammal-material və s. xərclər gəlirdən çıxılmadığına rəğmən, rentabellik səviyyəsinin 1 faizdən də aşağı olması, eyni istehsalçı tərəfindən istehsal edilən eyni məhsulun 1 litrinin istehsal xərclərinin və satış qiymətlərinin əvvəlki ilin müvafiq göstəricilərindən dəfələrlə fərqli olmasına, eyni şəhərdə fəaliyyət göstərən və eyni məhsulun istehsalıyla məşğul olan müxtəlif istehsalçılar tərəfindən təqdim edilən bəyannamələrdə göstərilən istehsal xərclərinin və satış qiymətlərinin dəfələrlə fərqli olmasına rəğmən, bir sıra vergi ödəyiciləri səyyar vergi yoxlamaları ilə əhatə olunmayıb, aparılan səyyar vergi yoxlaması nəticəsində vergilərin hesablanmasında kənarlaşma aşkar edilməyib.
Şadlıq evləri xidmətləri göstərən bir sıra fiziki şəxslər tərəfindən vergi bəyannamələrində on minlərlə manat gəlir göstərmələrinə rəğmən, əmək haqqı hesablanmayıb. Şadlıq evlərində fəaliyət göstərməsi üçün minimum zəruri peşlər nəzərə alınanda işçi sayları şadlıq evinin fəaliyyət xüsusiyyətinə və cəmi sahəsinə uyğun olmayıb, şadlıq evləri üzrə orta gündəlik dövriyyə az, bir sıra vergi ödəyicilərində xərclər yalnız əməkhaqqı və sosial ayırmalardan ibarət olub.