Səadət Cahangir
Tofiq bəy, daha bir şeir yaza bilmədim. Dilinizdən daha bir “gəldim qızım” nisgilini səssizcə pıçıldaya bilmədim. Bütün səssizliklərə fəryad düşdü o gün, içimizdəki susqun harayların naləsi uzaqlara getdi. O acını, o kədəri, o hönkürtünü yazmağa hünərim çatmazdı mənim. Bilirəm, çatmazdı…
Eviniz, həyətiniz çox qələbəlikdi o gün. Qapalı çadırda yalnız gəlişinizi duyduq. O gün həmin qapalı çadır sizinlə üz-üzə gəlməkdən xilas etdi bizi. Nə qədər acı olsa da, o gün həmin qarşılaşmadan sovuşduğuma “sevindim” içimdə. Sonradan sosial şəbəkələrdə yayılmış o rəsminizi görüncə… Yenə yumruqlarınız düyünlüydü. Kim bilir, Qızıldaş həbsxanasından Qaraçuxura qədər öz ağrısına bükülüb nə qədər ağlamışdı, nə qədər qanamışdı ovcunuzun içində. Orda –həbsxanada televiziyadan duymusunuz dedilər Nərgizin xəbərini… O yolu necə gəldiniz bura qədər, Tofiq bəy? O rəsminizi görüncə anladım, əslində. Bu gəliş nəyə bənzədi ki? Bu gəliş uzun ayrılıqdan sonra ora-Nigarın görüşünə getdiyinizə bənzəsəydi… “Gəldim, qızım” deyəcək qədər güc buraxsaydı keşkə…
Qırılma nöqtəsi deyilən bir şey var… Həyata tutunduğun bütün cizgilər qırılıb tökülər birdən. Əlini uzatdığın yerdə bir boşluğun, ayağını atdığın yerdə bir uçurumun, nəfəsini çəkdiyin yerdə bir havasızlıq burulğanının içinə düşüb gedərsən. Qaçmaq istərsən, ayaqların sözünə baxmaz, bağırmaq istərsən, səsin kəsilər, çığırıb ağlamaq istərsən, gözünün yaşı tüstülənib yanar. O ağ-qara fotonun yaddaşına köçmüş gəliş anınız həmin qırılma nöqtəsinin rəsmiydi bax…
İnsan bütün yaşamı boyunca ən çox özüylə danışır, bəlkə də. Heç kəsə anlada bilmədiklərimizi səssizcə özümüzə anladıb durarıq çox zaman. Başqalarına qıymadığımız dərdlərimizi, ağrı-sızımızı da eləcə. Bu üzü bozarmış, içi boşalmış, yalnızlaşmış, ruhu ölmüş dünyada “kim bilir kim nə çəkdiyin!” Bu vəfası əskik, yalan, tikanlı dünyada bir nərgiz kimi narın, zərif və gözəl yaşamaq nə qədər mümkündü ki, Tofiq bəy?.. Dünyanın yazısını yazan var, əlbət. Amma bizim də bir yazıda anlatmaq istədiklərimizi yarımçıq kəsib, üç nöqtə qoyduğumuz o qədər yerlər var ki… Bir yazının gerisinə dönüb, qara haşiyə seçimiylə “delet” düyməsini vurmaq istədiyimiz o qədər məqamlar var ki… Lakin qəlbin açdığı acıları kim silə bildi ki, bu günə qədər? Hansı üç nöqtə anlada bildi ki, ruhumuzu sarıb gedən dərin yanğınları?.. Ölüm haqdır, doğru. Yaşamaq da haqdır axı. Amma nə ağır çiləymiş bu yaşamaq haqqı deyilən şey! Həm də Azərbaycan kimi bir ölkədə!
Biz hamımız uzun illər öncə bir yola çıxmışdıq. Bu ağır yolda nə qədər itkilər verdiyimizi hər kəsdən yaxşı siz bilirsiniz. Nərgiz də o böyük itkilərdən biridir. Buralardan bezib başını alıb getdimi uzaq diyarlara, taleyinin izincəmi getdi, ya sevgisinin arxasıncamı, bilmirəm. Amma nə gizli, biz heç alışa bilmədik onun buradakı boşluğuna. Bəlkə, o üzdən “dönüb gəldi” yenə sıralarımıza. 20 mart günü səhifəmdən bahar şeirini paylaşmışdı. Bayramlaşdıq və bir az da söhbətləşdik. Ancaq bahar o gün gəlməmişdi mənə görə. Sanki Nərgiz öz zərif qoxusuyla gətirdi bu ölkəyə onu dörd gün əvvəl…
İndi sizin “müsafir” olduğunuz Qızıldaşın yolları da bərbaddır, deyirlər. Nigar hər həbsxana səfərində zığlı-palçıqlı, dağınıq yolların şəkillərini paylaşır. Təəccüblənəcək deyil ki. Bu, bizim acı taleyimizə yazılmış bəxtsiz ölkəmizin yollarıdır. Çəkdiyimizin dərdlərin, əzabların ağırlığı çöküb o yollara. Bu yollarda ciyərimiz yandı, sinəmizə dağlar çəkildi, əlimiz-qolumuz qırıldı dəfələrlə. Lakin dayanmağa, yorulmağa, acılarımıza təslim olmağa haqqımız varmı? Yoxdur və bu üzdən güclü olmaq zorundasınız. Nə olur-olsun, buna məcbursunuz. Nərgizlərin azadlıq arzuları yarım qalmasın deyə..