Nərgizin vaxtsız ölümü ölkədə böyük bir kədər yaratdı. Ən azı sosial şəbəkə fəallarının bu günlərdə gerçək bir hüzn içində olduğunu görməmək mümkün deyil. Son illərdə Tofiq Yaqublu ailəsinin başına gələnlərdən xəbərdar olan hər kəs bu kədəri paylaşmaqdadır. Bu gün Nərgizin dəfn mərasimində də böyük bir izdiham toplanmışdı.
Necə oldu ki, Nərgizin ölümü belə böyük rezonans yaratdı? Təkcə ona görəmi ki, Nərgiz çox gənc idi, yaşamaq arzusu, həyat enerjisi aşıb-daşdığı bir vaxtda bu dünyanı tərk etmişdi? Əlbəttə, bu faktor önəmli idi, amma məncə, əsas səbəb bu deyildi. Təəssüf ki, səhiyyəmizdəki və ordumuzdakı durum bizi tez- tez çox gənc insanların ölümü ilə rastlaşdırır. Hər bir gəncin ölümü tanıyanlar üçün böyük faciə olsa da, ölkə miqyasında hüzn yaratmaq iqtidarında olmur.
Nərgiz gənc olsa da, artıq neçə il idi ki, demokratiya uğrunda hərəkatda iştirak edirdi. Yalnız öz həyatını yaşamırdı, azadlıq və ədaləti yalnız özü üçün istəmirdi, həm də hamının azadlığına, firavanlığına çalışırdı. Onun şəxsən tanımadan sevdiyi, uğrunda mübarizə apardığı insanlar Nərgizin xalq sevgisinə sanki qarşılıq verdilər. Bu günlərdə yaşanan hüznlə Nərgizin mübarizəsinə rəğbətlərini etiraf etmiş oldular.
Bu günlərdə yaşanan hüznün bətnində mən gizli bir etiraz da görürəm. Nərgiz formal olaraq xəstəlikdən ölüb, ona görə də açıq etirazlar üçün formal əsas yoxdur. Amma eyni zamanda xalq yalnız son 2-3 il ərzində bu ailənin hansı haqsızlıqlara məruz qaldığını, hansı məhrumiyyətlər yaşadığını da yaxşı xatırlayır və sanki bugünki hüznü ilə həmin qondarma cinayət işlərinə, sifarişli məhkəmə qərarlarına etirazını ifadə edir. Xalq bu hüznü səmimi şəkildə paylaşmaqla Tofiq Yaqublunu, Nigar Yaqublunu (onların simasında bütün siyasi məhbusları) cinayətkar yox, repressiya qurbanı olaraq gördüyünü ifadə edir. Hökumətin cinayətkar elan etdiyi şəxslərə qarşı haradandır bu böyük xalq məhəbbəti? Bu saxta cinayət işlərini düzüb-qoşan vəzifəli şəxslər, icraçısından sifariş verəninə qədər anlayırmı ki, onların heç birini qollarına qandal vurduqları əqidə sahibləri qədər sevmir bu xalq?
Və nəhayət, insanlar başa düşürlər ki, Nərgizin atası azadlıqda olsaydı, Nərgiz özü, ailəsi həbsxana yollarında qalmasaydı, ailə düçar olduğu haqsız məhrumiyyətləri yaşamasaydı bəlkə heç bu xəstəliyə tutulmaz, ya da vaxtında müayinə və müalicə olardı, belə gənc yaşında həyatı qırılmazdı. Məhz bütün bunlara görə Nərgizin ölümü bu qədər çox insana hüzn yaşatdı.
Allah Nərgizə rəhmət etsin, Yaqublu ailəsinə və bütövlükdə demokratik düşərgəyə səbr versin.