19 yaşlı Nuray intihar edib, yoxsa onu atası güllələyib?
Yevlaxda 19 yaşlı qız odlu silahdan açılan atəşlə həlak olub. Hadisə aprelin 24-də baş verib. Ölən qız Yevlax sakini Nuray Əzimovadır.
Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nuray Əzimova odlu silahla özünü vurub və hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin səbəbləri isə hələlik məlum deyil.
Polisdən onu da bildiriblər ki, Nuray Əzimova Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızıdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
“Ölkə.az” saytı isə belə bir məlumat yayıb ki, qızın nənəsi Tərdəstə Qəhrəmanova nəvəsinin öldürüldüyünü deyir. Saytın yazdığına görə, Tərdəstə Qəhrəmanova bildirib ki, Nurayı atası Kərim Əzimov aprelin 24-ü axşam saatlarında əvvəlcə döyüb, sonra isə güllələyərək öldürüb. Ancaq Kərim Əzimov polis olduğu üçün elə qələmə verirlər ki, guya qız özün öldürüb.
Sayt Nurayın yüngül həyat tərzi keçirdiyi və buna görə atasının onu öldürdüyü haqda məlumat aldığını da yazır.