Ölkəni bu qədər bədnam etməyə dəyərdimi? Insanları əzib küncə sıxa-sıxa bu qaranlıq köşəyə gəlib dirənməyə dəyərdimi? Qara siyahılarda “məhbuslar ölkəsi” kimi ad qazanıb, dünyanın dilinə düşməyə dəyərdimi? Dəyərdimi azadlıqları ən çox boğulan Belarus müxalifətinin dilindən belə ən pis nümunə olaraq göstərilməyə? Dəyərdimi gələcəyə az-çox ümid yeri qoyan “yarım azad ölkə” kateqoriyasını tapdayıb, üzüaşağı “azad olmayan ölkələr” sırasına qədər enməyə? Daha bir qara siyahıda ilk beşlikdəyik. Ilk beşliyin beşincisi. Dünyada ən çox senzura tətbiq olunan 10 ölkəninn beşincisi. Bu onluğun yeddisi curnalistlərin ən çox həbsə atıldığı ölkələr hesab olunur. Biz də o yeddiliyə daxilik. Hansı ölkələrlə bir siyahıda olduğumuza baxın: Eriteria, Şimali Koreya, Iran, Çin, Kuba, Myanmar? Dəyərdimi?
Fərqində deyilmisiniz? Il ildən, ay aydan, gün gündən ağır gəlir bu məmləkətdə. Insanların zülmdən qan ağladığının fərqində deyilmisiniz? Intiharların, cinayət hadisələrinin, iqtisadi və mənəvi depressiyanın hansı həddə gəlib çatdığının fərqində deyilmisiniz? Hüquq və ədalətin hara qədər xırdalanıb yox edildiyinin fərqində deyilmisiniz? Başında dayandığınız bir ölkənin insanlarına nədən rəva görürsünüz bu qədər haqsızlıqları? Belə zorakı, şərtləri ağır, qütbləşmiş, yoxsul, işsiz, kədərli durumda yaşamağı hansı günahları ilə haqq etdi ki, bu insanlar? Hansı yanlışların, səhvlərin, ədavətin hesabını ödədirsiniz ki, onlara? Bir ölkə bu qədər qisasçılıqla, qərəz və hikkəylə idarə olunmaz ki…Olunarsa, ancaq belə olunar elə. Adı Şimali Koreya, Iran və Çin kimi ölkələrlə bir sırada yeriməklə…
Bu qınaqların, çağırışların, etirazların heçmi təsiri yox? Heçmi yaşadığınız ölkənin bu qədər rüsvay olmasına verdiyiniz “töhfələr”dən utanc hissi duymursunuz? Tanıtma, təbliğat, reklam adına gördüyünüz işlərin əks-sədası necə səslənir uzaq ölkələrdə, duymursunuzmu? Axı bilirsiniz ki, böyük pullar xərcləyib 100 Avropa oyunu keçirilsə belə, dünyanın vicdanlı insanlarını aldatmaq çox da asan məsələ deyil. “The Guardian” qəzetinin yayımladığı yazı əsl həqiqətləri qoymurmu ortalığa? Olimpiya oyunları keçirən bir ölkədə hüquq və azadlıqların necə acınacaqlı duruma gəlib çıxdığını önə çəkir müəllif ilkin olaraq. Beynəlxalq yarışlar keçirilən ərəfədə “Insan haqları uğrunda idman!” kampaniyasını planlaşdıran gənc hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsini ironiya ilə vurğulayır. Nüfuzlu hüquqşünas Intiqam Əliyevin həbsinə xüsusi yer ayırır. Ölkədəki vicdan məhbusları məsələsinin də əsas problem olaraq qaldığını deyir. Yekunda bütün nüfuzlu beynəlxalq qurumları Azərbaycanda məhbuslar probleminin həllinə yardımçı olmağa çağırır. Əks halda, bu acı nümunələrin ağır nəticələr verəcəyi ilə bağlı da xəbərdarlıq edir.
Bu zəngin enerji ölkəsinin xəzinəsi hansımızın gözəl yaşamımıza yetməzdi? Hansımızın zəngin həyatını, normal işini, yüksək təhsilini, hüzurlu gələcəyini təmin etməyə yetməzdi? Hansımızın hüquqi, sivil, təminatlı, qürurverici bir cəmiyyətdə yaşamaq arzumuza yetməzdi bu ölkənin təbii zənginlikləri? Hamımıza bol-bol yetərdi, şübhəsiz. Insan kimi normal yaşamaq istəsək, yetərdi. Görünür, acgözlüyü, nəfsi, haramı güc gələnlərə dünyanı da versən, yetməz. Amma bir ölkəni, bir xalqı, bir zamanı bu acgözlüyə və görməmişliyə qurban verməyə dəyərdimi? Heç dəyməzdi. Zaman gələr, bəlkə, bunu özünüz də anlarsınız?