«Bankların sərbəst seçimlərinə dözümlü və hörmətlə yanaşmaq lazımdır»
Məhəmməd Talıblı: «Banklar dollarla kredit verməklə riskləri müştərilərin üzərində qoymağa çalışır»
Azərbaycan Mərkəzi Bankı kreditlərin manatla verilməməsi ilə bağlı heç bir kommersiya bankına göstəriş verməyib. Bunu Milli Məclisin Iqtisadi siyasət komitəsinin iclasında millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin “Banklar krediti niyə dollarla verir” sualına cavab olaraq Mərkəzi Bankın Idarə Heyətinin sədr müavini Alim Quliyev deyib.
A. Quliyevin sözlərinə görə, hal-hazırda devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. “Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır. Banklar da öz risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Lakin bank-müştəri münasibətləri müqavilə ilə tənzimləndiyi üçün banklar müştəriləri dollarla kredit götürməyə məcbur edə bilməz”, – deyə sədr müavini bildirib.
O qeyd edib ki, dollarlaşma ilə əlaqədar Mərkəzi Bank müəyyən işlər görür. Belə ki, Mərkəzi Bank banklar üçün bir pəncərə açaraq bankların manata olan ehtiyacının təmin olunmasına çalışır. Bu isə kreditlərin manatla verilməsinə kömək məqsədi daşıyır.
Mərkəzi Bankın bu cür yanaşma sərgiləməsi necə dəyərləndirilməlidir? Mərkəzi Bank konkret addımlar atmaq əvəzinə özünü prosesdən kənarda qoyur.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, banklar özəl qurumlardır. Onlar kreditlərin hansı valyutada verməsi, əmanətləri hansı valyuta qəbul etməsi və yığımı hansı valyutada saxlaması onların sərbəst seçim və qərarı ilə bağlıdır. Ekspertin sözlərinə görə, onların belə sərbəst seçimlərinə dözümlü və hörmətlə yanaşmaq lazımdır: “Bazar iştirakçıları, o cümlədən banklar istənilən sərbəst seçim etməkləri özlərinin bazar konyukturası ilə bağlı məsələdir. Vətəndaşlarımızda görür ki, manatın dollar qarşısında dəyərinin itirməsi dollara daha böyük inam yaradır. Ona görə vətəndaşlar və banklar yığımlarını dollarla aparır. Bu daha çox indiki vəziyyətdəki şərtlərdən doğmur. Devalvasiyanın sonrakı dalğasının yaranma ehtimalı ilə də bağlıdır. Çünki, birinci devalvasiya qərarında bütün surprizlər bir gecədə baş vermişdisə, amma bundan sonrakı devalvasiya isə müəyyən mənada gözləniləndir. Ona görə, növbəti dalğadan ola biləcək riskləri sığortalamaq üçün banklar dollarla kredit vermək və riskləri müştərilərin üzərində qoymağa çalışırlar”.
M.Talıblının sözlərinə görə, indi artıq müqavilə şərtləri də əvvəlkilərdən fərqlənir. Əgər əvəllər müqavilələr daha ənənəvi və az ehtimal olunan riskləri nəzərə alırdısa, amma bundan sonrakı risklər daha çox müştəriləri risklərlə baş-başa buraxmaq üçün nəzərdə tutulur: “Amma Mərkəzi Bank elə siyasət həyata keçirib ki, bankları qınamaqdansa, bazarı tənzimləyəcək alətlərini effektiv etmək haqqında düşünsə, yaxşı olar. Sən Mərkəzi Bank olaraq elə siyasət həyata keçir ki, banklar həm krediti, həm də əmanəti dollarla yox, manatla həyata keçirsin. Təbii ki, bu bacarıq təkcə Mərkəzi Bankın işi deyil. Amma hər halda hökumətin vahid iqtisadi siyasətinə xidmət edəcək fiskal və monetar siyasət elə kombinasiyalı həyata keçirilməlidir ki, milli valyuta xarici valyutalar qarşısında dəyərini və dönərliliyini itirməsin.
“Bankların bu addımı daha çox bazarda dollarlaşma prosesini gücləndirir. Dollara yaranan tələb həm də dəyər artımı deməkdir. Bu ümumilikdə dollarlaşmanın artmasının göstəricisidir. Bu zaman isə MB bazara daha çox intervensiya üçün resurs qoymağa çalışacaq ki, valyuta dövriyyəsində disproporsional səviyyə yaranmasın”.
Hikmət