Əsaslı təmir olunmuş 20 saylı məktəbi niyə söküb, yenidən tikirlər?
Ölkə başçısı Ilham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, yeni binanın tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Xatırladaq ki, 20 nömrəli məktəb 2007-ci ildə əsaslı təmir olunub. Onun təmirinə 1 milyon 950 min manat xərclənib. 2008-ci ildə məktəbin yenidən təmirinə ehtiyac duyulub. Bu dəfə isə təmir işlərinə 245 min manat sərf edilib. 3 il sonra isə məktəbin söküləcəyi barədə məlumat yayılıb. 2014-cü ildə məktəbin söküntüsü baş tutub.
Əsaslı təmir olunmuş məktəbin nədən sökülərək yenidən tikilməsinin səbəbi bəlli deyil. Lakin ekpertlər bunu korrupsiya ilə izah edirlər. Məlum olduğu kimi infrastruktur layihələri Azərbaycan hakimiyyəti üçün korrupsiya mənbəyidir.
Yeri gəlmişkən, ölkə başçısı hər dəfə çıxışlarında israfçılığın yolverilməz olduğunu deyir. Lakin digər tərəfdən dövlət səviyyəsində israfçılıq baş alıb gedir. 20 nömrəli məktəblə bağlı baş verənlər həm də bu qəbildən olan çoxsaylı faktlardan biri hesab edilə bilər.