Sosial-iqtisadi vəziyyətin göstərdiyi «yol»
Illərdi ölkədəki vəziyyətdən yazırıq. Qeyri-neft sektorunun inkişaf etdirilməməsi, ölkənin neftdən asılı vəziyyətə salınması, monopoliyaların tətbiqi ölkəni uçuruma apardı və bir qrup şəxs milyarderə çevrildi. Varlı bir ölkənin dilənçi sakinləri yarandı və vətəndaş çörəklə sınağa çəkildi . Indi isə bu biabırçı siyasətin ən ağır nəticələri üzə çıxmaqdadır. Hər gün insanlar yaşamaq uğrunda mübarizə aparır. 2-5 milyon vətəndaş ağır kredit faizlərinin girovuna çevrilib.
Yadınızdadırsa, bir müddət əvvəl YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, vətəndaş kredit borcunu ödəmək üçün ya silah, ya narkotika, ya da insan alveri ilə məşğul olmalıdır. Amma vəziyyət bundan da ağır imiş. Artıq vətəndaşlar çörək, ərzaq məhsulları oğurlayır. Bu gün 5-10 manata görə oğurluq edənlərin sayı-hesabı yoxdur. Hər gün televiziya kanallarında oğurluğa görə həbs olunmuş gənc simalar görürük. Minimal ehtiyacları ödəmək üçün insanlar uzun illər həbsxana həyatı yaşamağı gözə alırlar. Bugünlərdə “Pay Point” lərin oğurlanması xəbərini də eşitdik. Artıq insanlar evə çörək aparmaq üçün, kredit borcundan qurtarmaq naminə istənilən cinayətə əl atmağa hazırdılar. Bir qrup insan çıxış yolunu intiharlarda görür. Hər gün inthar xəbərləri eşidirik. Sosial-iqtisadi vəziyyətin təhdidinə gücü çatmayanlar, özünə əl qaldırır, özünü öldürür. Bir qrup isə çıxış yolu kimi oğurluq etməyi düşünür. Niyə bu vəziyyət yarandı? Bu qədər varlı ölkənin sakinləri niyə çörək oğrusuna çevrildi?
Cavab, sadədir. Ölkənin sərvətlərini oğurlayanlar, vətəndaşa çatacaq payı da qarət ediblər. Əgər offşorlarda milyardlar gizlədilirsə, mənasız layihələrə milyonlar axıdılırsa, ölkə bir neçə adamın arasında bölünübsə, nəticə belə də olmalıdır.
Sadə vətəndaşın bütün fəaliyyət imkanları məhdudlaşdırılıb, xırda bizneslə ailəsini dolandıran insanlar bu imkandan da məhrum edilib, qeyri-rəsmi ödənişlər insanları müflisləşdirib və.s
Yəni, hakimiyyət zorla vətəndaşı oğruya çevirib. Artıq avtomobil, briliyant deyil, ərzaq məhsullarını oğurlamaq zərurəti yaranıb. Bu da analoqsuz inkişafın nəticəsi. Əcnəbilərin hesabını ödəyən, dünyanın 4 tərəfində xeyriyyə layihələri həyata keçirən, 10 milyonlarla vəsait hesabına Gül bayramı təşkil edən bir hakimiyyətin vətəndaşı ərzaq məhsulu oğurlamaqla məşğuldu.
Bəlkə də vətəndaşlar düşünür ki, hakimiyyət milyardları oğurlayırsa, “Pay Point”oğurlamaq qəbahət olmamalıdır. Bütün dünyada “ermənipərəst” axtarışına çıxıb, tənqidçilərini ləkələməklə məşğul olan hakimiyyət, vətəndaşı ermənidən də pis vəziyyətə saldığının fərqində olmalıdır. Uzun illərdi “Ermənilər acından ölür” təbliğatı aparanlar, vətəndaşı acından ölmək təhlükəsi ilə üz-üzə qoyublar.
Bəlkə doğurdan da oğrudan oğruya halaldır? Necə düşünürsüz?
Akif