Avropa İttifaqının Transxəzərlə bağlı memoranduma yenidən baxmağa çağırması Azərbaycan hakimiyyətini qıcıqlandırıb
Avropa İttifaqı Azərbaycana və Türkmənistana Transxəzər qaz kəməri layihəsinə dair anlaşma memorandumunu yeniləməyə çağırır. Bu haqda Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommersant” qəzetinə müsahibəsində deyib.
“2011-ci ildən Aİ-nin Transxəzər qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var” – deyə Şevçoviç bildirib.
Avropa İttifaqının energetika məsələləri üzrə yüksək rəsmisi onu da deyib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraq və İran qazının da nəqli imkanları var: “Hazırda söhbət Azərbaycandan gedir, ancaq baxacağıq ki, hadisələr yaxın ölkələrdə necə cərəyan edəcək – İraqda, habelə son diplomatik nailiyyəti nəzərə alaraq İranda. Və biz bu sahədə Türkmənistan tərəfdən də münasibətlərin inkişafını görürük” (virtualaz.org).
Aİ rəsmisinin açıqlamasına Bakıdan Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cavab verib. O, “twitter” səhifəsində Aİ-ni belə addımlarla özünə qarşı inamı azaltmaqda qınayıb.
“Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın. 7-8 il ərzində "Nabukko" ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. İndi artıq "Nabukko" tamam unudulub, görəsən Avropada belə məsələlərə əhəmiyyət verilir?", – deyə N.Məmmədov yazıb.