Büdcə ödənişindən yayınan inhisarçı dövlət müəssisələrinin rəhbərlərinə «gözün üstə qaşın var» deyən yoxdur
“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, “Azərenerji”, “Azərbaycan Dəmir Yolları”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərsu", “Azərbaycan Hava Yolları”, Xəzər Dəniz Gəmiçiliyi və Bakı Metropoliteninin dövlət büdcəsinə ümumilikdə 2.2 milyard manat borcu var.
Maraqlıdır ki, Vergilər Nazirliyi ölkədə hazırkı iqtisadi böhran fonunda kiçik və orta sahibkarlara qarşı vergi intizamını sərtləşdirdiyi halda, adları çəkilən iri dövlət müəssisələrinə münasibətdə nədənsə, susqunluq nümayiş etdirir.
Dünya bazarında neftin ucuzlaşması və ölkənin gəlirlərinin azalması ilə əlaqədar yaranmış büdcə kəsirlərini qapatmaq üçün son vaxtlar kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif vergi dərəcələrinin artırılması, fiskal imkanların genişlənməsi hesabına onlardan yığımları artırılır. Amma belə bir məqamda yuxarıda adlarını çəkdiyimiz müəssisələr “yaddan çıxır”. Sanki unudulur ki, həmin qurumlara dövlət büdcəsindən bir neçə istiqamətdə vəsait ayrılır. Üstəlik, həmin qurumlar təbii ÿinhisarçı şirkətlər olaraq, rəqabətsiz şəraitdə fəaliyyət göstərirlər. Belə olan halda, onlara dövlətə olan borcları niyə ödəmirlər? Axı bu qurumların hər birinin müvafiq xərcləri üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.
“Bu müəssisələr dövlətin pulunu istədikləri kimi xərcləyir”
Bu mövzu ətrafında söhbətləşdiyimiz ekspertlər deyir ki, iri vergi ödəyiciləri olan bu müəssisələr cəzasızlıq mühitində fəaliyyət göstərdiyindən istədiklərini edirlər. Iqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, bu qurumlar sanki özlərini dövlət içində bir dövlət hesab edirlər: “Bu baxımdan, dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitlərin idarə olunmasında sərbəstlik əldə edirlər. Yəni, dövlətin ayırdığı pulları öz istədikləri kimi xərcləyirlər. Nəticədə, dövlətə ödəməli olduğu vəsaiti ödəməkdən yayınırlar”.
Ən pisi budur ki, büdcə ödənişindən yayınmaya görə həmin strukturların rəhbərlərinə “gözün üstə qaşın var” deyən yoxdur. Görəsən niyə?
Ekspertin fikrincə, adıçəkilən qurumları vergi ödənişinə cəlb etmək üçün büdcədən dotasiyaları azaltmaq siyasəti həyata keçirilməlidir. Belə olan halda, büdcə vəsaitlərinin şəffaf, səmərəli, təyinatlı xərclənməsinə şərait yaranar və iri vergi ödəyicilərinin vergidən yayınma hallarının qarşısı alınar.
“Bu qurumlar özəlləşdirilməlidir”
Digər iqtisadçı ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, yuxarıda adları çəkilən müəssisələr dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir: “Bir çox ölkələrdə bu tipli xidmət sahəsinə aid olan şirkətlər özəl sektorda fəaliyyət göstərir. Azərbaycanda bu qurumlar dövlətin nəzdində fəaliyyət göstərdiyi üçün onlara ciddi təzyiq göstərmək mümkün olmur. Ammaÿiri vergi ödəyiciləri hesab olunan bu qurumlar özəlləşdirilərsə, dövlətin bu qurumlar üzərində nəzarəti daha asan olar və vergidən yayınma halları azalar”.
Emil