Valeri Gerasimov: «NATO Mərkəzi Asiyaya və Cənubi Qafqazda öz təsirini yaymağa çalışır»
NATO Mərkəzi Asiyaya və Cənubi Qafqaza öz təsiri gücünü artırmağa çalışır. Bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada keçirilən Təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
General qeyd edib ki, blok üzvlərinin tərkibinin genişləndirilməsi ilə yanaşı Alyans rəhbərliyi blok üzvü olmayan ölkələrin təşkilatın fəaliyyətinə cəlb olunmasına böyük əhəmiyyət verir. “NATO Mərkəzi Asiyaya və Cənubi Qafqazda öz təsirini yaymağa çalışır. Alyansın bu cəhdləri gözəçarpacaq qədərdir”, – Gerasimov deyib. Ordu generalı qeyd edib ki, blok üzvü olmayan ölkələrin təşkilatın fəaliyyətinə cəlb olunması üçün “Imtiyazlı əməkdaşlıq” layihəsi yaradılıb.ÿ
Rus general vurğulayıb ki, postsovet məkanında münaqişələrin nizamlanmadan qalması bir sıra problemlər yaradır: “Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda postsovet məkanında mövcud olan bu konfliktlərin yenidən alovlanması ehtimalı artır. Dövlətimizin sərhədləri yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur.
Gürcüstan hakimiyyəti bu gün Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə tərkibinə qatmaq niyyətində olduğunu bildirir. Son vaxtlar Kişinyov “yeni” Ukraynanın dəstəyi ilə Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmasını tələb edir, tanınmayan respublikanı iqtisadi blokadada saxlamaqda davam edir.
Bütün bunlar isə həmin regionlarda gərginliyin artmasına təkan verir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlərin görülməsini vacibdir".
Qeyd edək ki, Gerasimov bundan əvvəl bildirib ki, artıq 20 ildən çoxdur ki, Moldovadakı Dnestryanı, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələri dondurulmuş vəziyyətdədir
Vəfa Quluzadə: «Rus generalın açıqlaması Rusiyanın regionumuzla bağlı planlarını ifşa edir»
Politoloq Vəfa Quluzadə hesab edir ki, rus generalın açıqlaması bir daha NATO-nun Cənubi Qafqazda və Mərkəzi Asiyada mühüm planlarının olduğunu təsdiqləyir. Rus rəsmilərinin dəfələrlə bu tip bəyanatlarla çıxış etdiyini xatırladan V.Quluzadə bildirdi ki, hətta bəzi bəyanatlarda Rusiyanın cənubi Qafqaza qoşun yeritməli olduğu qeyd olunur: “Rusiya Qazaxıstanı bir dövlət, xalq kimi tanımır. Qazaxıstan ərazisi Rusiyanın ərazisi sayılır. Rusiya eyni zamanda Türkmənistana təzyiqləri artırıb. Kreml hesab edir ki, Türkmənistan öz qazını Azərbaycan vasitəsilə Avropaya çıxarmamalıdır. Rusiya eyni zamanda Xəzər dənizi ilə bağlı sərt mövqedən çıxış edir. Rusiya dənizin dibinin sektorlara bölünməsini tanısa da, səthin bölünməsinə qarşı çıxır. Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı aqressiv planları var”.
Amma NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı fərqli baxışlarının olduğunu deyən V.Quluzadə qeyd etdi ki, əksinə rus generalın açıqlaması Rusiyanın regionumuzla bağlı planlarını ifşa edir.
Əslində bu cür bəyanatların olduqca təhlükəli sayan V.Quluzadə vurğuladı ki, Rusiyanın hazırkı aqressiv siyasəti bunu deməyə əsas verir: “Rusiya NATO təhlükəsi adı altında Azərbaycana təzyiqləri artıra da bilər. Nəticədə Azərbaycanı və digər postsovet ölkələrini yenidən ram edərək SSRI-nin bərpasına çalışar. Ukraynadakı hadisələrdə rus qoşunları iştirak etsə də, Kreml bunu inkar edir. Ona görə Ukrayna hadisələri dərs olmalıdır”.
Xəyal