Ölkəni qara rəngə boyayanlar dünyada «qarayaxan» axtarırlar
Azərbaycana qarşı dünyanın müxtəlif yerlərindən tənqidlər səsləndirilir. Ölkədə siyasi məhbusların olduğu, korrupsiyanın şaxələndiyi, azad ticarət mühtinin olmadığı bildirilir və bu məqamlar faktlarla sübut olunur. Hakimiyyət isə bu ittihamlara qarşı heç bir arqument tapa bilmir. Ona görə ki, bütün tənqidlər haqlıdır. Əgər bu tənqidlər əsassız olsaydı, YAP hakimiyyəti “ermənipərəst”, “ikili standartlar”, “qərəzli mövqe” kimi paslanmış ifadələrdən əl çəkib ortaya fakt qoyardı.
Ona görə də hakimiyyət komandasının ümumi qənaəti belədir ki, olmayan inkişafdan danışıb, bütün tənqidləri ermənilərə bağlamaqla vəziyyətdən çıxmaq mümkündür.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da ənənəyə sadiq qalaraq belə söyləyib: “Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır”.
PA rəsmisi daha sonra bildirib ki, Azərbaycana qarşı kampaniya antiIslam, antiTürk meyllərinin ifadəsidir və bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək.
Deməli, siyasi məhbusların azad edilməsi, korrupsiyanın kökünün kəsilməsi, monopoliyaların ləğvi antiIslam siyasətidir. Deməli, vətəndaşa divan tutmaq, seçkini saxtalaşdırmaq, vicdanlı insanları şərləyib həbs etmək əsl Islam siyasətidir.
Gəlin, obyektiv yanaşaq və Azərbaycana kimin qara yaxdığını aydınlaşdıraq. Azərbaycanla bağlı tənqidi hesabatlar, məqalələr, sərt ittihamlar həqiqəti əks etdirir. Həqiqətən də bu sadalanan halların hamısı Azərbaycanda var. Və bu halları Azərbaycana mövcud hakimiyyət gətirib. Əgər bu problemlər həllini tapsa, heç bir xarici dairə Azərbaycana qarşı ittiham səsləndirə bilməz. O zaman hakimiyyət özü şəffaflıq yaradar və sübut tələb edər. Indi isə hakimiyyət şərləyib həbs etdiyi adamlara qarşı bir fakt belə tapa bilmir. Bu gün Azərbaycana qarşı ən böyük qara yaxan YAP hakimiyyətidir. Hakimiyyətin yarıtmaz siyasəti bütün dünyada Azərbaycanı “qara siyahı”ya salıb. Hər gün bu siyasət daha açıq şəkildə ifşa olunur və hakimiyyətin şəxsi maraqlar naminə Azərbaycana qara yaxdığı üzə çıxır.
Bütün bunlardan sonra utanmadan Azərbaycana qara yaxıldığını deyirlər. Vətəndaşın cibinə narkotika atıb həbs etməkdən, ölkənini milyardlarını ofşorlara daşımaqdan, təhsili, səhiyyəni alver yuvasına çevirməkdən böyük qarayaxma ola bilərmi?
Azərbaycanı qara günə qoyanların Azərbaycana qarşı qarayaxmadan danışması qədər absurd heç nə ola bilməz.
Bunlar istəyirlər ki, dünya Azərbaycanda baş verən qanunsuzluğa, ədalətsizliyə haqq qazandırsınlar, hakimiyyətə təşəkkür etsinlər. Yəni bunların qara əməllərini hamı ağ rəngdə görməlidir.
Amma bu qədər qaranı ağ rəngdə görmək mümkün deyil və hər gün hakimiyyətin qaralmış siyasəti artan xətt üzrə davam edir.
S.Novruz