Səudiyyyə Ərəbistanına rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti öz ölkəsinin Krallığın “Yəməndə legitimliyin bərpasına yönəlmiş siyasətini” dəstəklədiyini bildirib, arabnews saytı xəbər verir.
Azərbaycan nümayəndə heyəti başçısının bu bəyanatı Səudiyyə Ərəbistanı Şurasının spiker müavini Əmin əl-Cəfəri ilə danışqlarda səsləndirdiyi xəbər verilir.
Bu, hazırda Yəməndə yaranmış hərbi-siyasi vəziyyətlə bağlı hər hansı Azərbaycan nümayəndəsinin verdiyi ilk bəyanatdır.
Səudiyyə Ərəbistanı hazırda Yəməndə şiəməzhəb husi qiyamçılarının mövqelərinə hava zərbələri endirən ərəb koalisiyasına rəhbərlik edir.
Səudiyyə bildirib ki, hava reydlərində məqsəd Yəməndə qanuni hökumətin bərpasıdır.
Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi regionda birmənalı qarşılanmır. Məsələn, Səudiyyənin müttəfiqi sayılan Pakistan hava reydlərində iştirakdan imtina edib.
Bu məsələdə İran daha sərt mövqe tutur və Səudiyyə koalsiyasının Yəməni bombardman etməsinin dayandırılmasına çağırır.
XİN şərh etmir
Yaxın Şərqin ən ən kəskin problemlərindən birinə münasibətdə Bakının və Tehranın fərqli mövqelərdə olmasından xəbər verən bəyanatla əlaqədar XIN-in sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib ki, bu məsələ ilə bağlı XİN heç bir şərh vermir.
Milli Məclisdən isə bildiriblər ki, nümayəndə heyətinin səfəri davam etdiyindən suallara cavab verə bilməyəcəklər.
İran və Azərbaycanın yüksək vəzifəli rəsmiləri regional məsələlərdə Tehran və Bakının bir-birlərinə əks mövqe tutmayacağını bəyan ediblər.
“Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək” – İran prezidenti Həsən Ruhani 2014-cü ilin noyabrında Bakıya səfəri zamanı deyib.
Yerli media Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadənin Səudiyyə Ərəbistanına səfərinin aprelin 17-də başa çatacağını xəbər verir.
“İlham Əliyevin bu ölkəyə geniş rezonans doğurmuş səfərinin ardınca baş tutan bu səfər Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəvəti ilə həyata keçirilir” – hökumətə yaxın virtual.az saytı yazır.