Vahid Məhərrəmov: «Kənd təsərrüfatında 3 faiz artımı olan ölkəyə əsas qida, yeyinti məhsulları idxalı bu səviyyədə artmaz»
Dövlət başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin toplantısında səslənən fikirlər maraq doğurur. Müşavirədə Ilham Əliyev çıxış edərək, ölkənin sosial-iqtisadi durumundan danışıb.
Dövlət başçısı dünyadakı iqtisadi böhrana toxunaraq, bu böhranın Azərbaycandan yan keçdiyini bildirib. I.Əliyev iddia edir ki, dünyada neftin ucuzlaşması Azərbaycanın iqtisadi inkişafının qarşısını ala bilməyib. Yaxud, təkcə bu ilin ilk üç ayı ərzində Azərbaycanda 30 min yeni iş yerinin açıldığını bildirib. I.Əliyev vurğulayıb ki, ölkədə kütləvi bahalaşma xaricdən gətirilən mallarla əlaqələndirilir. Lakin dövlət başçısı bildirir ki, ölkəmiz xarici ərzaq bazarından o qədər də asılı deyil.
Ekspert Vahid Məhərrəmov bildirdi ki, dövlət başçısının kənd təsərrüfatı sahəsi ilə bağlı konkret rəqəmlər səsləndirməməsi onun söylədiklərinə qiymət verməyi çətinləşdirir. Hansı sahələrdə istehsalın artdığı elan edilmədi. V.Məhərrəmovun sözlərinə görə, dövlət başçısı ümumi olaraq kənd təsərrüfatında əvvəlki ilə nisbətən 3 faizdən çox artımın olduğunu bəyan edib. Amma aparılan araşdırmalar tam fərqli reallığı ortaya qoyur: “Kənd təsərrüfatında 3 faiz artımı olan ölkəyə əsas qida, yeyinti məhsulları idxalı bu səviyyədə artmaz. 2015-ci ilin ilk iki ayı (yanvar-fevral) ərzində əvvəlki ilin anoloji dövrünə nisbətən ət idxalı 145 faiz, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvan idxalı 70 faiz, süd məhsulları 17,7 %, kərə yağı 65,5%, meyvə- tərəvəz 118,7%, buğda 111 faiz artıb. Dövlət başçısı kənd təsərrüfatındakı artımla bağlı rəqəmi çox ehtiyatla səsləndirdi. Hələ ki, statistik məlumatlar açıqlanmayıb. Sanki Statistika Komitəsinə mesaj verirdi ki, statistik rəqəmləri keçən ilin anoloji dovrü ilə müqayisədə 3 faiz artırsın, şişirdib ictimaiyyətə təqdim etsin. Əslində aqrar sahədə ciddi geriləmələr var. Yem qıtlığı süd, ət istehsalını azaldıb. Indi əkinçilik məhsulları da ciddi azalıb. Istixana məhsullarında da azalma müşahidə olunur. Emal üçün ölkəyə idxal olunan bitki yağı xammalı 56%, qamışdan alınan xam şəkər 40%, çay 32% azalıb. Bütün bunlar ölkədə kənd təsərrüfatında çox ciddi geriləmələrin olduğunu deməyə əsas verir”.
Xəyal