1433 nəfər ərizə ilə müraciət etsə də, cəmi 2 nəfər xaricdə müalicəyə göndərilib
Azərbycanda səhiyyə sisteminin hansı vəziyyətdə olması hər kəsə bəllidir. Çünki, hər bir insan səhhəti ilə bağlı müəyyən vaxtlarda həkimə müraciət edir. Bundan sonra vətəndaş ölkə səhiyyəsi haqqında tam məlumatlı olur və apteklərdən tutmuş, özəl klinikalara qədər bütün strukturların necə işlədiyinin əyani şahidi olur. Yanlış diaqnozlar, keyfiyyətsiz dərmanlar, bahalı müalicə vətəndaşları ölkə xaricinə üz tutmağa vadar edib. Hər il milyonlarla insan müalicə üçün Irana, Gürcüstana, Türkiyəyə və digər ölkələrə üz tutur. Azərbaycanda isə səhiyyənin inkişafı bahalı diaqnostika mərkəzlərinin varlığı ilə məhdudlaşır.
Amma başqa bir problem ondan ibarətdir ki, xeyli sayda xəstələrin müalicəsi xaricdə olduğuna görə sağlamlıqlarını təmin edə bilmirlər. Hökumət isə bu məsələyə olduqca biganə yanaşır. Hansı xəstənin vəziyyəti ictimailəşirsə, mətbuatın gündəmini zəbt edirsə, yaxud hansısa tanınmış şəxsin müalicəyə ehtiyacı olursa, həmin şəxsləri xaricə göndərirlər. Sıravi, köməksiz vətəndaşlar isə aidiyyəti orqanlara minlərlə məktub göndərir və heç bir nəticəyə nail ola bilmirlər.
Səhiyyə Nazirliyindəki “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”nın katibi Iradə Əliyeva mətbuata açıqlamasında bildirib ki, 2014-cü ildə ümumilikdə komissiyaya Heydər Əliyev Fondundan, Prezident Administrasiyasından, Səhiyyə Nazirliyindən 595 məktub daxil olub. 1433 vətəndaş isə ərizə ilə müraciət edib. O bildirib ki, cəmi 2 nəfər respublikadan kənarda müalicə almaq üçün göndərilib. Qalan vətəndaşlar isə respublika daxilində yerləşən dövlət, özəl, təsərrüfat hesablı müalicə-profilikatika mərkəzlərində müalicəyə göndərilib.
Göründüyü kimi, milyardlarla vəsaiti lazımsız layihələrə xərcləyən hökumət, cəmi 2 nəfəri xaricdə müalicəyə göndərir. Tutalım ümumilikdə 15, 20, 30 nəfəri müalicəyə göndəriblər. Axı bu çox azdır. “Latsio” klubuna xərclənən 40 milyona ən azı 3000 insanı xaricdə müalicəyə göndərmək olar. Yaxud mənasız Avropa oyunlarına xərclənən 8 milyard vəsait ilə səhiyyənin bütün problemlərini həll etmək mümkün idi.
Əvvəla, ölkənin səhiyyəsi niyə bu vəziyyətə salınıb ki, milyonlarla insan ölkə xaricinə pənah aparır? Hətta başı, dişi ağrayanda, təzyiqdən əziyyət çəkən də Irana, Gürcüstana qaçır. Yəni təkcə hansısa cərrahiyyə əməliyyatlarına görə xaricə üz tutmurlar. Ümumiyyətlə, vətəndaşın ölkə səhiyyəsinə etimadı sıfra enib.
Ikinci tərəfdən isə xəstə vətəndaşın xaricdə müalicəsi üçün adekvat addım atılmır. Deməli, həm ölkədə səhiyyəni dağıtmaqla, həm də xəstə vətəndaşın xaricdə müalicəsini təmin etməməklə vətəndaşı məhv edirlər. Adamlar var ki, 10 ildir məktub, ərizə yazır, müraciət etdiyi ünvan qalmayıb. Nəticə isə yoxdur.
Çünki, hökumətimizin səxavəti yalnız Gül bayramına, Avropa oyunlarına, xarici futbol klublarına aiddir. Bu ölkədə vətəndaşa yalnız xəstələnmək üçün şərait yaradılır.
S.Novruz