Yaxud Jirinovskilər, Qriqoryanlar necə dəyərə çevrildi?
Azərbaycan hakimiyyətinin xalqa qarşı düşmənçilik siyasəti tarixin bütün dövrləri üçün “nümunə” ola bilər. Vətəndaşın sosial vəziyyəti pisləşdikcə, qazancı azaldıqca hakimiyyətdəkilərin varidatı artır, mənasız layihələrə milyardlar xərclənir. Artıq elə bir vəziyyət yaranıb ki, 2 milyona yaxın vətəndaş dolanışıq üçün ölkə xaricinə üz tutub, 2.5 milyon vətəndaş kredit borcunun girovuna çevrilib, müəllim, həkim, təqaüdçü dilənçi maaşına möhtacdır.
Amma bütün bu acı reallıqlardan dərs çıxarmaq əvəzinə, hakimiyyət vətəndaşa daha ağır zərbə vurmaqla məşğuldur. Ölkənin vicdanlı ziyalıları, jurnalistləri, hüquq müdafiəçiləri, professorları ölkədən didərgin salınıb, ya da şərlənərək həbs edilib.
Bugünlərdə baş verən bir hadisə hakimiyyətin naqisliyini bir daha sübut etdi. Belə ki, erməni hərbçi Qriqoryan Azərbaycan tərəfə keçdi və yüksək səviyyədə qarşılandı. Belə ki, gündə 3 dəfə yemək, kofe, meyvə şirəsi, həftədə 3 dəfə hamam, rəsm çəkmək üçün yağlı boya, isti yataqla təmin olundu. Indi neçə gündür ki, erməni hərbçinin açıqlamaları, video müraciəti yayımlanır və hakimiyət mediası, hökumət sözçüləri bunu uğur kimi təqdim etməyə çalışırlar. Erməni hərbçinin “bütün erməni hərbçilərini Azərbaycan tərəfə keçməyə çağırıram” ifadəsi hakimiyyətin ən sevimli xəbərinə çevrilib.
2 milyondan çox vətəndaşı ölkədən didərgin düşmüş, şəhid ailəsinin 20 ildir sığorta pulu ala bilmədiyi, vətəndaşı borc bataqlığında çırpınan, 150-200 manat əmək haqqı verən hakimiyyət hansı haqla Qriqoryanın bu çağırışını tirajlayır…
Yeri gəlmişkən, bugünlərdə rusiyalı kinorejissor Nikita Mixalkov Bakıya gəldi və yüksək səviyyədə qarşılandı. Nikita Mixalkov hökumətimiz haqqında xoş sözlər dediyi üçün hakimiyyət mətbuatı onu tərif yağışına tutdu. Hansıki, dünya şöhrətli azərbaycanlı kinorejissor Rüstəm Ibrahimbəyovu “Rusiya proyekti” elan edib, haqqında çeşidli şər-böhtan kampaniyası apardılar. Rüstəm Ibrahimbəyov nəinki Rusiyada, bütün dünyada tanınır və nüfuzlu mükafatlara layiq görülüb. Onun çəkdiyi filmlər kinemotoqrafiyanın inciləri sırasındadır. Yəni hakimiyyət dünyaca məşhur kinorejissoru ölkədən didərgin salıb, rusiyalı kinorejissoru təmtəraqla qarşılayır. Ona görə ki, Rüstəm Ibrahimbəyov hakimiyyəti tənqid, Mixalkov isə tərif atəşinə tutub. Onu da qeyd edək ki, Ilham Əliyev “mən Rüstəm Ibrahimbəyovla qürur duyuram, onunla fəxr edirəm” ifadəsinin müəllifidir.
Azərbaycan xalqını təhqir edən Jirinovski də “Ilham Əliyev yaxşı prezidentdi” dediyinə görə yuxarı başa keçirildi. Indi Qriqoryanın belə hörmətlə qarşılanması da hakimiyyətin siyasətini təriflədiyinə görədir. Ümumiyyətlə, düşmən tərəfə könüllü keçən adamın tərifləməkdən başqa çıxış yolu varmı? Əvvəla, bu çox ucuz təbliğatdı və hakimiyyətin nə qədər cılız hisslərlə yaşadığını göstərir. Heç bir sərvəti olmayan, Rusiyanın quberniyasına çevrilmiş Ermənistandan təbii ki, üstün olmalıyıq. Amma AzTV-nin 20 ildir acından öldürdüyü Ermənistan 20 qarış torpağımızı geri qaytarmayıb. Daha doğrusu, geri ala bilməmişik. Əksinə, atəşkəs dövründə minlərlə əsgərimizi itirmişik.
Digər tərəfdən, yalnız bir tərifə görə ermənini bu qədər yüksəyə qaldırmaq, ən böyük ermənipərəstlikdir. Əgər utanmasalar Qriqoryana “Şərəf”, “Şöhrət” ordeni verərlər. Hakimiyyət elə bir vəziyyətə düşüb ki, erməni hərbçinin tərifi ilə təsəlli tapır.
Yaxşı olar ki, erməni hərbçinin “bütün erməniləri Azərbaycana keçməyə çağırıram” deməsindən sevinənlər milyonlarla vətəndaşı ölkəyə çağırmaq cəsarəti nümayiş etdirsinlər. Problemlər səbəbindən intihara cəhd edənləri yaşamağa ruhlandırsınlar. Xaricdə təhsil alıb ölkəyə qayıtmaq istəməyən tələbələri, Azərbaycandan qaçmış 100-lərlə professoru ölkəyə çağırmaq üçün əsaslar tapsınlar.
Bir sözlə, vətəndaşa qayğı göstərmək, korrupsiyanı, israfçılığı dayandırmaq lazımdır. Yoxsa, Qriqoryanı Azərbaycanın simasına çevirməklə yalanları legitimləşdirmək mümkün deyil.
Dəqiq olan odur ki, bu hakimiyyət yalnız ona yaltaqlanan, tərif söyləyən, yalanlarını alqışlayan insanları qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Jirinovskilər, Qriqoryanlar, sadə Azərbaycan vətəndaşından qat-qat yüksəkdə durur.