AXCP sədrinin müavini cəmiyyətin inanclı kəsiminə müraciət edərək, onları Milli Şuranın 5 apreldə keçirəcəyi “Talana son” mitinqində iştiraka çağırıb. Onun facebook səhifəsində yaydığı çağırışı təqdim edirik:
Dindarlar da 5 aprel mitinqində iştiraka önəm verməlidirlər. Çünki, bu gün ölkəmizdə baş verən haqsızlıq və ədalətin boğulması,haramın və yalanın dövlət siyasətinə çevrilməsi ilk növbədə haqqa xidmət etməyi, Allahın buyruqlarına əməl etməyi həyat tərzinə çevirən insanları narahat etməlidir.
Bu dünya hər bir müsəlman üçün imtahandır, Islam tərki-dünyalığı qəbul etmir, çünki real həyatdan təcrid olunmaq Allahın bu dünyada insan üçün nəzərdə tutduğu imtahandan boyun qaçırmaq deməkdir. Demək, ətrafımızda olub bitənlərə münasibət bildirmək, haqsızlığa və zülmə etinasız qalıb, yalan və doğrunu görməzlikdən gəlmək Allahın nəzərində bir insan kimi bizim onun buyruqlarına necə əməl etdiyimizi müəyyən edir. Əksinə, özünü təcrid edib, ətrafda baş verənlərə münasibət bildirməmək Islamı real həyatdan təcrid edib, öz qorxaqlığına, laqeyidliyinə saxta dindarlıq pərdəsi bürüməkdir. Belə “müsəlman” komformist müsəlmandır və Allahın doğru,haqq buyurduqlarına görə özünü çətinliyə salmaq istəmir, həqiqətə görə əziyyət çəkməkdən yayınır və sonra da özünü əziyyətə salmadan Allahdan cənnət umur.
Bu cür dünyəvi sevgi və rahatlıq üzərində qurulmuş müsəlmanlıq əslində Islama bir həqarətdir. Çünki “Qurani- Kərimdə” açıq-aşkar buyurulur ki, zülmə dözmək,onu həyata keçirənlərlə eyni günahı paylaşmaqdır. Quran məntiqi ilə müsəlman qardaşının haqqının tapdanmasını görüb laqeydi qalmaq, Allahın ən çox dəyər verdiyi ədalət və haqq anlayışını heçə saymaqdır. Qurani Kərimdə gerçək iman məhz əməllə tamamlanan iman hesab olunur. Əməlsiz etiqad və imanın Allah qatında bir dəyəri yoxdur. Odur ki, Allaha inanıb,onun buyurduqlarını qəbul edib,ancaq real həyatda rahatlıq istəyinə görə özünü əziyyətə salmamaq bir müsəlmanı Allah qatında əməlsiz iman sahibi edir ki, bunun da heç bir dəyəri yoxdur. Hətta “Qurani- Kərim”də əməlsiz namaz qılanlarla bağlı bildirilir ki, əməli olmadan əyilib qalxanların halına yazıq. Allah hətta onların qıldığı namzı belə ibadət saymır, “əyilib qalxmaq” adlandırır.
Bu dünyada haqq siniflərə, sosial quruplara görə təsnif olunmur. Yəni dindaraın öz haqqı, qeyri dindarın başqa haqqı yoxdur. Haqq da,ədalətdə vahiddir,hamı üçün mütləqdir. Əgər bir ölkədə ki, haram baş alıb gedir, həqiqət boğulur, ədalət tapdalanır, buna etiraz etmək, haqq üçün mübarizə aparmaq hər kəsin üzərinə düşür. Uca yaradan haqq anlayışını dünyadan təcrid edib, bəndə ilə Allah arasında olan bir mövzuya çevirməyib ki, kimsə özünü dindar saymaqla bu vəzifədən özünü azad olmuş saysın.
Odur ki, bütün inanclı qardaş və bacılarımızı 5 aprel mitinqində iştirak edib zülmə, haqsızlığa və harama etiraz edib Allahın buyurduğu haqqa sahib çıxmağa, gerçək bir müsəlman kimi əməl sahibi olmağa çağırırıq. Bu gün dini inanclarına görə həbsdə olan Taleh Bağırzadə, Hacı Abgül, Mövsüm Səmədov kimi dindar qardaşları həbsdəykən onların azadlığını əlindən alan bir recimə etiraz edib azadlıq tələb etməmək, zalımın zülmünə boyun əyib, haqsız əməllərə meydan vermək, zalımla həmrəy olmaq deməkdir. Əksini sübut edəcək əlamət yalnız və yalnız əməldə zalımın qarşısına çıxıb etiraz bildirməkdir.
Sizləri 5 apreldə gözləyirik.