Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseyin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şaiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib (Virtualaz.org).
Şaiq Hüseynov mərhum deputat Şadman Hüseynin oğludur.
Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Hüseyn 12 aprel, 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.
Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.
Şaiq Hüseyn daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsəməkdə ittiham edilib və ona qarşı buna dair də iddia var.