elnurastanbeyli@gmail.com
Səfehliyin son həddi
Belə səfeh düşüncədə olanlar var: “Ona görə müxalifətçidir ki, lideri hakimiyyətə gəlib buna da bir gün ağlasın”.
Doğrudan da, insan axmaqlığının həddi-hüdudu yoxdur.
Axı dərdi pul, vəzifə olan biri niyə özünü əziyyətə salıb müxalifətçi olmalıdır (özü də Azərbaycan kimi qəddar rejimin at oynatdığı bir ölkədə!), işini şansa buraxmalıdır, nəğdi qoyub nisyə dalınca qaçmalıdır, elə bunları YAP-a yaltaqlanıb da əldə edə bilməzmi?!
***
Ümummilli vəsiyyət
Mən öləndə başdaşıma “Azerbaijan – Land of Fire” yazsınlar.
Pulunu da oğlumla qızımın adına köçürsünlər.
Barı onlar bir gün görə bilsin.
***
Ata və oğul
Ata öz oğlunu öyrədir:
– Bala, ağıllı adam hər şeyə şübhə edir. Yalnız axmaq nəyəsə tam əmin ola bilər.
– Buna əminsənmi, ata?
– Tamamilə!
***
Azərbaycanlılar və beyin
Kütbeyin, yelbeyin, quşbeyin, parabeyin…
Beyin haqqında ancaq bu cür mənfi ifadələr yaratmış, hələ üstəlik, “beyin”ə qafiyə olaraq “peyin”i düzəltmiş bir xalqın ölkəsində baş verən heç nə təəccüblü deyil və olmamalıdır…
***
Bu sərsəm, sərsəm, sərsəm dünya
Çarli Çaplin “Bənzərlər” müsabiqəsində iştirak etməyə qərar verir. O, əsl kimliyini gizlədir və müsabiqəyə Çarli Çaplinin bənzəri kimi qoşulur.
Münsiflər heyəti Çarlini vur-tur 3-cü yerə layiq görür, – az qala belə çıxır ki, Çarli Çaplin heç də Çarli Çaplinə bənzəmirmiş…
***
Növbə mədəniyyəti
Dünyada növbə mədəniyyətinin ən güclü olduğu ölkə heç şübhəsiz, Azərbaycandır.
Burada hər kəs böyük bir səbrlə oturub zülmü, haqsızlığı dadmaq sırasının ona çatacağı anı gözləyir.
***
Azərbaycan-Türkiyə
Ərdoğan Brüsseldə çıxış edərkən orada yaşayan türklərdən biri yerindən bağırıb: “Ömrümün yarısını sana veririm, Başbakanım”.
Yadıma bizimkilərin bir ara moda olan “allah mənim ömrümdən kəsib sənin ömrünə calasın” sözləri düşdü.
Bir millət, iki zillət.
Başqa nə deyəsən?!
***
Böyüklər üçün tərs şillə
“Böyüklər elə işlərlə məşğul olur ki, uşaqlar Allaha inana bilmir” (I.Zingerin Nobel nitqindən).
***
Adi həqiqət
Yaptokratlar bu adi həqiqəti ya anlamır, ya da anlamaq istəmirlər ki, lap hamını şərləyib həbsə atmaq, ölkədən didərgin salmaq, satın alıb susdurmaq, meydanı müxalif fikirli, tənqidçi insanlardan tamamailə təmizləmək də olar, amma həqiqəti müdafiəsiz qoymaq mümkün deyil.
Siseronun dediyi kimi, onsuz da həqiqət öz-özünü müdafiə edir.
***
Xalqın gözü
“Gör pulları nə qədər artıb ki, daha arayışa görə rüşvət almırlar, ”Asan xidmət"lə verirlər" (avtobus dayanacağında iki nəfərin söhbətiindən)
***
Çukça qədər də olmadıq…
Bakıda keçiriləcək Avropa oyunlarına qatılacaq idmançıların xərclərini də ödəyəcəyimiz məlum olanda yadıma bir lətifə düşdü:
Çukça taksidə gedir. Mənzil başına çatanda sürücü deyir:
– 200 manat borcunuz var.
Çukça 100 manat verir. Sürücü hirslənir: “Bu nədi? Niyə 100 manat?”
Çukça:
– Bəs özün getmirdin?
***
Tfu!
Tuqay yanıma qısılıb yatır.
Nə xoşbəxtdir – vur-tut 5 yaşı var!
Deməli, azad, ədalətli, gözəl bir Azərbaycanı görmək üçün zamanı da məndən xeyli çoxdur.
Tfu! Bizi ataların övladlarının yaşını qısqanacaq hala gətirdilər…